Şrift:
Yeniyetmələri intihara nə vadar edir
07.08.2013 [13:18] - Gündəm, Sosial
Könül Vaqifqızı: “Uşaqlar başlı-başına qalıb, günah uşaqlarda deyil, böyüklərdədir”

Yeniyetmə intiharlarının statistikası durmadan artır. Yeniyetmələrin, məktəblilərin intihar etməsi haqqında, demək olar ki, vaxtaşırı xəbərlər verilir. Elə bu günlərdə tələbə adını qazanan gənc intihar etdi.
Məktəbli və gənclərin intihar etməsi ölkə ictimaiyyətini ciddi şəkildə narahat edir. Ekspertlər gənclər intihar etməsini müxtəlia səbəblərlə izah edir.
Psixoloq Könül Vaqifqızı “Davam az” saytına açıqlamasında qeyd etdi ki, yeniyetmələrin intiharlara əl atmasının müxtəlif səbəbi var: “Burda sosial problemlər, iqtisadi çətinliklər, pulsuzluq, insanın sağalması mümkün olmayan xəstəliklərə yoluxması, stress, psixoloji gərginlik, ruhi sarsıntı, döyülmə, təhqir, təzyiq, ailədə, məktəbdə münaqişələr, hətta irsi amillər də göstərilir. İşin çətinliyi ondadır ki, heç bir qurum intiharların səbəbinin öyrənilməsi ilə məşğul olmur, intiharların statistikası da aparılmır. Məsələn, maraqlıdır ki, uşaq hüquqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilat - YUNİSEF də artan intihar hallarına biganə yanaşır. Bu beynəlxalq təşkilat tərəfindən nə intiharların statistikası aparılır, nə də onun səbəbləri öyrənilir.
Uşaq intihara əl atırsa, burada daha çox üzərində dayanılan səbəb uşağın mənliyinə toxunulmasıdır. Uşaqlar çox həssasdırlar. Ata-ananın bərkdən danışması, təhqir etməsi, alçaltması uşağa güclü təsir edir, belə vəziyyətdə uşaq istənilən addımı ata bilər. Uşağı evdə saya salan yoxdu. Sən uşaqsan, otur yerində, böyük nə deyir onu elə, böyüyərsən, bilərsən, get filan işi gör, onu elə, bunu elə. Özünü yaxşı apar, səndən adam olmayacaq və s. belə-belə sözləri bütün uşaqlar eşidir. Amma bütün uşaqlar eyni deyil. Eləsi var, həssasdır, bunları təhqir kimi qəbul edir. Bəzən uşaq böyüklərə "dərs" vermək üçün intihara əl atır. Yəni ki, qoy görsünlər ki, ölə bilərəm, məni çox istəsinlər, istədiyimi eləsinlər. Uşaq bu cür valideyninə təsir edəcəyini düşünür. Dərman içib özünü öldürmək istəyənləri o qədər görmüşük ki. Bəzən belə əməllər uşaqların istədiyi nəticəni verir. Amma bəzən də "dərs"dən "5" yox, "2" alırlar. İntiharlarda xarici amilləri mən istisna etmirəm. Uşaqlar bütün günü televizorun qarşısındadır. Əllərinə də mobil telefon vermişik, nə istəyirlər edirlər. Uşaqları xarici amillərdən qorumaq mümkün deyil. Onlara televizora baxmağı, internetə girməyi qadağan etmək mümkün deyil. Uşaqları qorumaq istəyiriksə, əks tədbirlər görülməlidir. Sovet vaxtı uşaqlar üçün düşərgələr vardı, məktəbdənkənar məşğələlər vardı, idmana uşaqları zorla gətirirdilər. Amma indi düşərgələr yoxdu, məktəbdənkənar iş ümumiyyətlə itib gedib, bir idman seksiyasına yazılmaq üçün 70-80 manat pul ödənməlidir. Uşaq indi nəylə məşğuldur? Ancaq televizora baxmaq, küçəyə çıxıb özü kimi uşaqlarla kos-kos oynamaqla. Nə vaxt televizoru açırsan, cinayətkar aləmdən söz gedir. Uşaq da bunu görür. Yəni biz uşaqlara yaxşı heç nə verə bilmirik. Uşaqların əlindən hər şeyləri alınıb. Uşaq bağçaları yoxdu, məktəbdə təhsil, təlim-tərbiyə yoxdu. Ona görə də intihar edənlərin sayı artır. Uşaqlarla heç kim iş aparmır. Uşaqlar başlı-başına qalıb. Günah uşaqlarda deyil, böyüklərdədir”.
Psixoloq onu da qeyd etdi ki, yeniyetməlik elə bir yaş dövrüdür ki, bu yaş dövründə uşaqlar özlərini artıq böyük hesab edir: “ Bu yaşda uşaqlar maksimalist olur, sərgüzəştlər axtarır, sərgüzəşt ardınca gedirlər. Bu yaşda yeniyetmə adrenalin artımına gətirib çıxaran hərəkətlərə meyl edir. Oğlanlar üçün dava-dalaş, döyüş səhnələri maraq kəsb edir. Özləri də bunlarda iştiraka can atırlar. Orqanizmdə həddindən artıq enerji olduqda bilmirlər onu hara sərf etsinlər. Ona görə də valideynlər bu yaşda uşaqlara daha çox nəzarət etməlidir. Uşaqlara ciddi nəzarət olmalıdır. Yeniyetmə yaşda uşaqlar ata-anaya cavab da qaytarırlar. Valideyn həssas olmalı, eyni zamanda uşağa daim nələrisə izah etməlidir. Məsələn, sovet vaxtı axşam saat 6-dan sonra hamı evə yığışırdı. İstər-istəməz valideynlər uşaqlara məşğul olmağa az da olsa vaxt tapırdılar. İndi isə vəziyyət tamamilə fərqlidir. Sosial-iqtisadi çətinliklər valideynləri bundan məhrum edib. Uşaqlar ata-anadan daimi nəzarət görmür. Valideyn uşağını məktəbə həvalə edir, məktəbdəki vəziyyət isə hamımıza bəllidir. Məktəbin bugünkü rolu faktiki olaraq ancaq bilik verməklə məhdudlaşır. Dərinə varsaq, görərik ki, heç bunu da yerinə yetirmir. Sinifdənkənar işlər demək olar ki, yoxdur. O zamankı "pioner dəstə rəhbəri" institutu da faktiki olaraq itirilib. Yəni, bugünkü uşaq ancaq internet, sosial şəbəkə, televizorlardan tərbiyələnir. Bu da heç də həmişə gözlənilən nəticəni vermir. Sual olunur, uşaqlara qadağa qoyulmalıdırmı? Bəli, qadağa olmalıdır. Amma hər bir qadağanın izahı da olmalıdır. Uşağa qadağa qoyarkən bunu ancaq ondan böyük olmağınla izah etməməlisən. Hər bir qadağanın konkret izahı olmalıdır ki, nə üçün olmaz. İzah olmayanda, yeniyetmə qadağanı basqı kimi qəbul edir və onun "mənliyi" bununla barışmır. Ona qadağanı elə şəkildə qoymaq lazımdır ki, ruhdan düşməsin, anlasın ki, bu gün qadağa qoyulursa, sabah ona nədəsə icazə veriləcək. Gənc, yeniyetmə nəyisə anlamaya bilər, nəyin ona ziyanlı, nəyin xeyirli olduğunu bilməyə bilər. Bütün bunları ona valideynləri başa salmalıdır”.
Günel Cəlilova / davam.az
Bu xəbər oxucular tərəfindən 922 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed