Şrift:
Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədrliyi dövründə iqtisadi əməkdaşlığın daha da inkişafına diqqət veriləcək
15.08.2013 [12:02] - Xəbərlər, Türk dünyası-Turan
Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədrliyi dövründə üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsinə xüsusi diqqət veriləcəkdir.
Bu barədə Azərbaycan xarici işlər nazir Elmar Məmmədyarovun Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xarici İşlər Nazirləri Şurasının bu gün Qəbələdə keçirilən iclasında çıxışında bildirib: "Bu baxımdan, Təşkilatımız üçün iqtisadi gündəliyin hazırlanması çox mühümdür. Bu gündəlik, konkret məqsəd və müddətlərin müəyyənləşdirilməsi ilə prioritet əməkdaşlıq sahələrini əhatə etməlidir".
Məmmədyarov deyib ki, müxtəlif sahələrdə əməkdaşlığın əhəmiyyətini azaltmadan əsas diqqəti iqtisadi əlaqələrin gücləndirilməsinə, xüsusilə üzv-dövlətlər arasındakı qarşılıqlı ticarətin və investisiya axınlarının artırılması, ortaq müəssisələrin yaradılması və birgə layihələrin həyata keçirilməsinə dəstək verilməsinə yönəldilməlidir: "İqtisadiyyat, nəqliyyat və gömrük orqanları rəhbərlərinin görüşlərinin təşkili, o cümlədən bu sahələrdə işçi qrupların görüşləri böyük əhəmiyyət daşıyır. Əminliyimi ifadə etmək istərdim ki, bu görüşlərdə alınan qərar və əldə edilmiş nəticələr Təşkilatımız daxilində əməkdaşlığın inkişafına önəmli töhfə olacaqdır".

Nazir vurğulayıb ki, qərarların müəyyən edilmiş vaxt çərçivəsində həyata keçirilməsi və imzalanmış sənədlərin ratifikasiyası bizim Təşkilat çərçivəsindəki əməkdaşlığımızın daha da inkişaf etdirilməsi istiqamətində başlıca məqsədimiz kimi qalmaqdadır: "Nəzərinizə çatdlrmaq istərdim ki, regional əlaqələndirmənin möhkəmləndirilməsinə yönəlmiş əməkdaşlığın təbliği məqsədi ilə göstərdiyimiz səylərin bir hissəsi kimi, BMT Baş Assambleyasının hazırki sessiyası çərçivəsində qəbul olunması üçün tərəfimizdən "Daha yaxşı bağlantı və telekommunikasiya tranzit marşrutları üçün əməkdaşlığı inkişaf etdirmə" başlıqlı qətnamə layihəsi irəli sürülmüşdür".
Bu xəbər oxucular tərəfindən 908 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed