Şrift:
Nalbandyanın Tehran səfəri İran-Ermənistan qardaşlıq münasibətlərini yeni səviyyəyə qaldırıb
21.09.2011 [15:43] - Güney Azərbaycan xəbərləri
Bir neçə gün əvvəl Azərbaycanı dost və qardaş ölkə adlandıran İran prezidenti bundan dərhal sonra yenidən Ermənistan sevgisini açıq büruzə verib.

O da məlum olub ki, İran bundan sonra da Ermənistanla münasibətlərini möhkəmləndirməkdə maraqlıdır. Bütün bunlar Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Tehrana səfəri zamanı üzə çıxıb. Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Tehranda Dağlıq Qarabağ münaqişəsilə bağlı danışıqlar aparıb.

İran prezidenti Mahmud Əhmənidejad Edvard Nalbandyanla görüşdə bəyan edib ki, İran dost Ermənistanla münasibətlərin daha da möhkəmlənməsində maraqlıdır. Ermənistan XİN-in (xarici işlər nazirliyinin) mətbuat xidmətinin məlumatına görə, Edvard Nalbandyan Ermənistan prezidenti Serc Sarkisyanın məktubunu Mahmud Əhmədinejada çatdırıb. Görüşdə tərəflər iki ölkə arasındakı əməkdaşlığın səviyyəsindən razılıq ifadə edib. Mahmud Əhməninejad və Edvard Nalbandyan qarşılıqlı səfərlərin, yüksək səviyyəli siyasi dialoqun, iqtisadi və mədəni əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. İran və Ermənistan arasında birgə iqtisadi proqramların gedişi də müzakirə edilib. Ermənistanın xarici işlər naziri iranlı həmkarı Əli Əkbər Salehi ilə də görüşüb. İranlı nazir bəyan edib ki, Ermənistanla dostluq münasibətləri gündən-günə daha da dərinləşir. Edvard Nalbandyan isə deyib ki, Ermənistan və İran arasında heç bir problem yoxdur: "Yalnız texniki məsələlər var və onlar ümumi səylərimizlə həll edilir". Görüşdə Ermənistan və İran arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümü ilə əlaqədar tədbirlərin keçirilməsi barədə razılıq əldə edilib. Edvard Nalbandyan bildirib ki, Ermənistan bölgədə uzunmüddətli sülh və sabitliyin bərqərar olması, problemlərin yalnız danışıqlar və dialoq yolu ilə həllinə tərəfdardır. O, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların gedişi barədə məlumat verib və İranın bu məsələdə balanslı siyasətinin vacibliyini qeyd edib.



Qeyd edək ki, əslində Qarabağ münaqişəsinin həllinin uzanmasının əsas günahkarlarından biri məhz İran sayılır. Tehranın işğalçı ölkəyə müxtəlif yardımları Qarabağ münaqişəsində Ermənistanın manevr imkanlarını artırır. Tehran sözdə Bakını qardaşlıq və əbədi dostluğa inandırmağa çalışsa da, Ermənistana açıq şəkildə birbaşa yardımlar göstərir, o cümlədən də İrəvana qaz təhcizatı üçün yeni kəmərin aktiv tikintisini həyata keçirir. 2014-cü ildə tikintisi yekunlaşacaq (sonlanacaq) və uzunluğu 365 kilometr olan Təbriz-İrəvan neft kəməri isə Ermənistan üçün əsl iqtisadi töhfə olacaq. Artıq bu istiqamətdə uzun müzakirələrdən sonra tərəflər konkret (açıq, müşəxxəs) addımlar atmaq istəyir.

Qeyd edək ki, Təbrizdən Araqçaya qədər olan və ümumi uzunluğu 365 km təşkil edən neft boru kəmərinin Ermənistan ərazisində uzunluğu 265, İran ərazisində isə 110 km-dir. Kəmərin tikintisinin ötən ilin payızında başlanacağı bildirilirdi. İran Cənubi Azərbaycanın Təbriz şəhərində tikilən "Şəhriyar" kombinatında istehsal edilən neft məhsullarını Ermənistan və bir sıra Orta Asiya ölkələrinə satmağı planlaşdırır (tərhini tökür). İlkin hesablamalara əsasən, kəmərin tikintisinə 160-180 milyon dollar sərmayə qoyulması planlaşdırılıb. Maliyyələşmə hər iki tərəfə 50/50 nisbətində düşür. Ancaq Ermənistan, faktiki (əməli) olaraq, heç bir sərmayə yatırmayacaq. Razılaşmaya görə, İran erməni tərəfinin əvəzinə də sərmayə yatıracaq. Əvəzində isə neft kəmərinin istismarından əldə ediləcək gəlirlərin hesabına vəsait (büdcə, gəlir) əldə edəcək.



Tehran və İrəvan hesab edir ki, bu kəmərin köməyilə neft məhsullarını körfəzdəki (xəlicdəki) qiymətlərdən 15-20 dollar ucuz əldə etmək mümkün olacaq. Xəttin çəkilişilə bağlı danışıqlar 1993-cü ildən aparılır. İki ölkə arasında qaz kəmərinin tikintisi isə 2006-cı ildə başa çatıb və bir il sonra istismara verilib. Hələ bir müddət əvvəl Ermənistan prezidenti Serj Sarkisyan qeyd edib ki, Ermənistan İranla dəmir yolu əlaqəsi yaratmağı arzulayır. Onun sözlərinə görə, bu istiqamətdə xeyli iş görülüb və Ermənistanla İran bu vəzifənin öhdəsindən gələcək. Qeyd edək ki, İran-Ermənistan dəmir yolu erməni tərəfinə enerji daşıyıcıları və digər yüklərin daşınması üçün alternativ vasitə olacaq və xarici aləmə çıxış rolunu oynayacaq. Hazırda Ermənistanın xarici ölkələrlə dəmir yolu əlaqələri yalnız Gürcüstan vasitəsilə həyata keçirilir. İndi İran alternativ dəmiryolu xətti üçün öz ərazisini Ermənistana təklif edir. İki ölkə arasında bununla bağlı razılaşmaya əsasən, artıq Tehran İran ərazisində tikiləcək 60 km uzunluğunda xəttin texniki-iqtisadi işlərini yekunlaşdırıb. Ermənistanın Azərbaycanla dəmir yolunun 1991-ci ildən, Türkiyə ilə sərhədin isə 1993-cü ildən bağlı olduğu nəzərə alınarsa, İranla müştərək dəmir yolu layihəsinin erməni tərəfi üçün nə qədər böyük önəm daşıdığını təsəvvür etmək olar.



Bütün bu məsələlərdə İran prezidentinin də xüsusi rolu var. Qeyd edək ki, M.Əhmədinejadın keçənilki səfəri zamanı İran-Ermənistan işbirliyi ilə bağlı 4 sənəd və bir ortaq bəyanat imzalanmışdı.



Bu da iki ölkə arasında qarşılıqlı iqtisadi əlaqələrin daha da güclənməsinə xidmət edən növbəti addım sayılır. İndi İran prezidentinin Ermənistana gözlənən növbəti səfəri çərçivəsində tərəflər arasında qarşılıqlı əməkdaşlığını daha da dərinləşməsi gözlənir.

Bakı-xəbər / Tahir TAĞIYEV
Bu xəbər oxucular tərəfindən 1553 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed