Şrift:
Elçibəyin ruhunu zəhərləməyin
22.08.2013 [12:53] - Gündəm, DAVAMın yazıları
Milli Azadlıq Hərakatının lideri, eks-prezident Əbülfəz Elçibəyin vəfatından 13 il keçir. Hər şeyi zamanın öhdəsinə buraxan, özü ilə bəlkə də dünya boyda sirlər aparan Elçibəy haqqında təmtəraqlı sözlər, ifadələr yazmaqdan çox uzağam. Çünki ən dürlü sözlər, bədii ifadələr onun millətə sevgisini, vətənə bağlılığını, şəxsi keyfiyyətlərini belə açmaqda yetərli olmaz.
Hər bir millətin içərisindən 50-100 il ərzində yetişən tarixi şəxsiyyətlər olur. Həmin şəxsiyyətlər millətin önündə gedərək milləti arzu olunan zirvəyə qaldırır. Əbülfəz Elçibəy də belə şəxsiyyətlərdən biri idi. Dünən haqqı danılan, bu gün haqqını dandığımız üçün bundan peşimançılıq hissi keçirən bizlər sabah yəqin ki, Elçibəyin tarixi şəxsiyyət kimi əsl qiymətini verə biləcəyik. Elçibəyin tarixi şəxsiyyət və siyasi xadim kimi gördüyü işlər bir yazıya sığmadığından, mən sadəcə eşitdiyim və şahidi olduğum bəzi faktları qeyd edəcəyəm.

xxx

Elçibəy haqqında universitetdə təhsil aldığım vaxtlarda müəllimlərimdən eşitmişdim. Həmin vaxtlar onun fəaliyyətinin tam təfsilatıyla danışmaq yasaq idi. Ancaq buna baxmayaraq Elçibəyin kimliyi haqqında danışan müəllimlərimiz onun fəaliyyəti, ümumilikdə bütün millətin arzusunda olduğu azadlıq və müstəqillik barədə bizə gizli də olsa bilgi verirdilər. Açığını deyim ki, bəzən auditoriyada çox sevdiyim mülləmlərimdən-rəhmətlik Qulu Xəlilovdan, Şirməmməd Hüseynovdan elə fikirlər eşidirdim ki, heyrətə gəlirdim. Azadlıq və müstəqillik mənə əl çatmaz, ün yetməz zirvə kimi görünürdü. Onu da etiraf edim ki, həmin söhbətlər biz tələbələrin gözünü açır, sovet cəmiyyətinin iyrəncliklərini görməkdə yardımçımız olurdu. Təsadüfü deyildi ki, jurnalistika fakültəsini qurtaran məzunlar hadisələrə fərqli yanaşır, tamamilə fəqrli dünyagörüşə sahib olurdular.
Nəhayət, müəllimlərimin söylədikləri məqam gəlib çatdı. Milli Azadlıq Hərəkatı başladı. Sovet rejimi çökdü, Azərbaycan müstəqilliyini elan elədi. Azərbaycanı bir-birinin ardınca dünya dövlətləri tanımağa başladı. Yetmiş illik bir müddətdə sovet rejiminin girovuna çevrilmiş, müstəqillik və azadlıq acı olan bir millət bundan sonra sabahını fikirləşməli, səhvlərə yol verməməli, tarixi şansı göz bəbəyi kimi qoruyub saxlamalıydı. Ona görə də dövlətin başına qul psixologiyasından uzaq, millətin və dövlətin maraqlarını hər şeydən uca tutan bir şəxsiyyət gətirilməliydi. Bu da təbii ki, seçkilər yoluyla həyata keçirilməli, millətin seçiminə buraxılmalıydı. Həmin vaxt siyasət meydanında olanlar Elçibəyin üzərində dayandılar. Elçibəy vəzifə hərisi deyildi. Onun üçün başlıca məqsəd millətinin və dövlətinin azad, müstəqil olmasıydı ki, bu məqsədinə də çatmışdı.
Millətin azadlıq, müstəqillik ideoloqu, saf, təmiz bir şəxs-Əbülfəz Elçibəy prezident seçildi. Bir il ərzində Elçibəy dövləti və milləti üçün çox şeylər elədi. Birinci olaraq sovet qoşunlarının ölkədən çıxarılmasına nail oldu. Milli valyutanın dövriyyəyə buraxılmasını reallaşdırdı. Rüşvət yoluyla ali məktəblərə daxil olmağın qarşısını almaq məqsədilə test imtahanları keçirilməsinin bünövrəsini qoydu. Bir çox layihələrin, o cümlədən Bakı-Tiflis-Ceyhanın gerçəkləşməsi üçün əməli fəaliyyətə başladı. Bu zaman dünyanın super güclərini məcbur edirdi ki, Azərbaycanın maraqlarıyla hesablaşsınlar. Elçibəy ən başlıcası öz fəaliyyətilə əsil demokratiyanın, fikir plüralizminin nə olduğunu bu xalqa göstərdi.
Nə yazıq ki, Elçibəyin bu keyfiyyətlərini zamanında anlaya bilmədik. Mübaliğəsiz deyirəm, Elçibəy öz düşüncələri, dünya görüşü, demokratikliyi və şəxsi keyfiyyətləri ilə millətdən xeyli irəlidə gedən bir şəxs idi. Bəzən deyirlər ki, Elçibəy hardasa 20-30 ildən sonrakı Azərbaycana rəhbərlik etməliydi. Çünki onun ideyaları, düşəncləri zamanı qabaqladığı üçün sovet rejimindən qurtulmuş bir millətə rəhbərlik etməsi mümkün deyildi. Birdən-birə azadlıq, müstəqillik, demokratiya qazanmış bir milləti idarə etmək olduqca çətin idi. Bu işi tədricən görmək, azadlıq, müstəqillik, demokratiyanı zərrə-zərrə millətə dadızdırmaq lazımıydı. Ancaq Elçibəy millətini sevdiyindən azadlığın, müstəqilliyin, demokratiyanın qapılarını bu xalqın üzünə tabatay açmışdı. Bizlər nə etdik? Hər birimizin məişətdə belə qarşılaşdığımız problemin səbəbkarı kimi Elçibəyi gördük. Başladıq onun idarəçiliyinə şübhə etməyə, ideyalarını ələ salmağa və s.
Pambıq biznesilə məşğul olan Surət Hüseynovun qiyamına haqq qazandırıb, millətinin fədaisi olan bir şəxsin hakimiyyətdən devrilməsini sadəcə seyr etdik. Elçibəyi müdafiə etmək üçün cəsarətimiz çatmadı. Bunu isə sonralar Ulu Tanrı bizə bağışlamadı.

xxx

Elçibəy Azərbaycanı bütöv görmək istəyən şəxsiyyətlərdən birincisi idi. Azərbaycanda Milli Azadlıq Hərakatı başlayan ərəfədə Əbülfəz Elçibəy rayonlara gedər, yerlərdə fəallarla görüşlər çeçirərdi. Günlərin bir günü İranla sərhəd bölgələrin birinə səfər edən Elçibəy ürəyində baş qaldıran arzusuna qarşı çıxa bilmir. Yaxın ətrafı ilə sərhədə yaxınlaşır. Sərhədi qoruyan əsgərlərdən xahiş edir ki, 5 dəqiqəliyə də olsa, keçid məntəqəsindən keçməklə Azərbaycanın Cənubuna ayaq bassın. Sərhədçi Elçibəyin bu arzusunu reallaşdırır. Elçibəy bunu gözləyirmiş kimi sərhəd məntəqəsindən keçərək, Araz çayının lap yaxınlığına gəlir. Əllərini açıb Ulu Tanrıya dualar edir və dizlərini yerə qoyub əyilərək torpağı öpür. Bəlkə də həsrətini soyutmaq üçün Araz çayına yaxınlaşıb ovcunu su il dolduraraq üzünə-gözünə çırpır. Elçibəyin Vətən həsrətini seyr edən əsgərin belə gözləri dolur.
Bəli, Elçibəy bu həsrətlə, bu yanğıyla Bütöv Azərbaycan Birliyini yaratdı. Bu təşkilatı bütün təşkilatların fövqünə qaldırdı. Qələm dostlarımın yaxşı yadındadır, BAB-ın iclasları haylı-küylü keçirilər, mühüm qərarlar qəbul olunar və bundan da Tehran rejimi əndişələnərdi. İndi isə nəinki BAB, o cümlədən bütün müxalifət yetim qalıb.

xxx

ABŞ-da dünya türklərinin yürüşü keçiriləcəydi. Elçibəy də həmin yürüşə qatılmalıydı. O vaxtlar xəstələnmişdi və bir müddət müalicə alırdı. Ancaq xəstə olmasına baxmayaraq yürüşə qatılacağını bəyanlamışdı. Neçə saatlıq yürüşdə ayaq üstə yürüyən Elçibəy Azərbaycan türklərini təmsil edirdi. Səfərdən qayıdandan sonra mətbuat konfransı keçirdi və təəssüratlarını jurnalistlərlə bölüşdü. Necə fəxrlə, necə coşqu ilə danışırdı. Xəstəliyi də yadından çıxmışdı. Həyatının son aylarını yaşayırdı. Olurdu ki, müalicə aldığı üçün günlərlə qərargaha gələ bilmirdi. Bundan istifadə edənlər (kisənin adını çəkib Elçibəylə bağlı yazdığım yazıya xələl gətirmək istəmirəm-A.Ş.) Əbülfəz Elçibəyə qarşı hücuma keçdilər. Para verdikləri mirzələri qəzetlərdə Elçibəyin ünvanına hədyanlar yağdırmağa başladılar. Nəhayət, ona etimadsızlıq məsələsi qaldırıldı. Elçibəy bundan heç də narahatlıq keçirmədi. Ali Məclisin iclasına gəldi, şişmiş ayaqlarıyla güclə kürsüyə qalxdı və ona etimad məsələsinin qoyulmasını israr etdi. Cəbhəni parçalamağa çalışanlar, əvvəlcədən etimadsızlıqla bağlı təbliğat aparanlar elə zənn edirdilər ki, istəklərinə çatacaqlar. Ancaq cəbhəçilər kimsənin fitvasına uymayaraq Elçibəyin xeyrinə olmaqla-ona etimad göstərməklə, onunla birgə olduqlarını sübut edərək səs verdilər…

xxx

…Bu gün Əbülfəz Elçibəyin vəfatının 13-cü ilini qeyd edəcəyik. Ruhuna dualar oxuyacaq və Allahdan rəhmət diləyəcəyik. Ancaq hər birimizi narahat edən bir məsələ var-Elçibəyin ruhunu zəhərləməyə çalışırlar…
…Elçibəyin zəhərlənməsi məsələsi bir neçə də gündəmi bəzəyib. Bu məsələni birinci dəfə parlamentdə eks millət vəkili Pənah Hüseynov qaldırmışdı. Düzdür Pənah bəy Elçibəyi kimin zəhərlədiyi haqqında bilgi verməmişdi. Ancaq bu gün Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev iddia edir ki, Əbülfəz Elçibəyi məhz Əli Kərimli zəhərləyib. Təbii ki, ikinci də bunu təkzib eləyir. Bu iddianın nə qədər haqlı və ya haqsız olduğunu prokurorluq araşdırır. Güman ki, həqiqət ortaya qoyulacaq…
…Elçibəyə hörməti olan, onun ideyalarını dəyərləndirən və daşıyıcısı kimi qürur duyan bir Azərbaycan vətəndaşı olaraq mən də bu iddadayam ki, Elçibəyi mənən zəhərlədilər. Bu zəhəri Elçibəyə Əli Kərimli yurdu yaradıb bəyin göz bəbəyi kimi qoruduğu təşkilatı-AXCP-ni parçalamaqla, İsa Qəmbər cəbhə hakimiyyəti dövründə Müsavat Partiyasını elan eləyib ikitirəlik salmaqla və sonradan 1998-ci ildə Əbülfəz bəyin perezidentliyə vahid namizəd olmasına əngəl törətməklə, Etibar Məmmədov 4 iyun Gəncə qiyamına haqq qazandırıb parlamentdə bəyin əleyhinə qərar hazırlamaqla, Rəhim Qazıyev müdafiə naziri kimi işini yarıtmayanda və başqalarının əlinə oynamaqla, İskəndər Həmidov daxili işlər nazirinin adını və şərəfini heçə endirməklə, çox güvəndikləri bəzilərisə pula və mala görə əqidəsini, məsləkini sataraq verdilər. Elçibəy bu zəhəri hər gün qəbul edirdi. Ancaq dözürdü. Fikirləşirdi ki, onunla şərəfli bir yol gələnlər nəhayət, əməllərinə çəki-düzən verəcəklər, haqqın yanında olacaqlar. Fəqət olmadılar. Və bu gün Elçibəyə bütün elədiklərinin bəlkə də yüz qat bədəlini ödəyirlər…
…Elçibəyin ruhu narahatdır. Çünki 20 faiz torpaqlarımız hələ də erməni işğalı altındadır, Azərbaycanın cənubu fars rejiminin əsarətindədir və soydaşlarmızın haqqı tapdanır. Bir də siz bu narahat ruhu zəhərləməyin.

Arzu Şirinova
Bu xəbər oxucular tərəfindən 1203 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed