Şrift:
Dövlət Baytarlıq İdarəsi əhalini eytiyyatlı olmağa çağırır
08.09.2013 [23:09] - Xəbərlər, Sağlıq
“Bünyavirus” virusu...

Son zamanlar rayonlarda iribuynuzlu mal-qara arasında bunyavirus deyilən xəstəlik yayılıb. Bu xəstəlik heyvanlarda qanın qatılaşması, hərarətin qalxması, balasalma, ölü bala doğulma, sinir sisteminin pozulması, heyvanın ağzından və gözündən su gəlmə ilə özünü göstərir. Xəstəliyin daşıyıcısı ağcaqanad, digər qansoran həşəratlardır. Məlumat üçün bildirək ki, ötən həftə Azərbaycanda iribuynuzlu heyvanlar arasında yayılan xəstəlik 31 rayonu əhatə edirdisə, bu gün bu say artıb. Artıq bölgələrdə iribuynuzlu mal-qara arasında adıçəkilən xəstəlik sürətlə yayılır. Bu xəstəliyin qarşısını almaq üçün Dövlət Baytarlıq İdarəsi tərəfindən lazımi tədbirlər görülür. Dəqiqləşdirilmiş məlumata əsasən, Dövlət Baytarlıq Xidmətinin (DBX) əməkdaşları tərəfindən 114 447 baş heyvanda bu xəstəliyin müalicəsi aparılıb. Qeyd edək ki, son günlər paytaxtda mövcud olan ət satışı məntəqələrində tez-tez iribuynuzlu heyvanların kəsilməsini şahidi oluruq. Məlumata görə, bölgələrdə mal bazarına çıxarılan iribuynuzlu heyvanların sayı artıb. Səbəb mənşəyi məlum olmayan xəstəliyin yayılmasıdır. Ekspertlər təəssüf hissilə qeyd edir ki, heyvan sahibləri bu xəstəlik barədə baytar həkimlərinə müraciət etmir. Və virusa yoluxmuş heyvanı tez kəsərək satışa çıxarır. Dövlət Baytarlıq İdarəsinin əməkdaşları əhaliyə ət alarkən ehtiyatlı olmağı tövsiyə edir.
Dövlət Baş Baytarlıq İdarəsinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli "Davam.az"ə saytına açıqlamasında qeyd etdi ki, bu virus bunyavirus ailəsinə məxsus olan bir xəstəlikdir: "Bu 3 virusun - şamonda, akabena və aina qruplarının birləşməsindən yaranıb. Bu 2011-ci ildə Avropa ölkələrinin əksəriyyətində baş verib və bu gün də Şərqi Avropada və MDB ölkələrinin bir çoxunda bu xəstəlik müşahidə olunur. Həmin ölkələrdə olanda da ona qarşı müalicə aparılıb. Bu xəstəliyin birbaşa profilaktikası ya da müalicəsi yoxdur. Sadəcə olaraq heyvanı yanaşı gedən xəstəliklərdən xilas etmək üçün müalicə edirik. Hazırda ölkəmizdə 4 mindən az heyvan bu xəstəliyə düçar olub. 200 minə yaxın heyvanın bu xəstəlikdən müalicəsi başa çatıb. Y.Xanvəlinin sözlərinə görə, bu xəstəliyin dinamikasında artıq enmə müşahidə olunur. Dövlət Baş Baytarlıq İdarəsinin sözçüsü onu da əlavə etdi ki, adıçəkilən xəstəliyin qarşısını almaq üçün virusa yoluxan heyvanlar müalicə olunur: "İndi bu istiqamətdə lazımi tədbirlər görülür. Hazırda simptomatik müalicə üsulu ilə heyvanların sağaldılması istiqamətində işlər görülür". Həmsöhbətimiz bildirdi ki, Bakı şəhərində və hər rayon mərkəzində baytarlıq ekspertiza laboratoriyaları mövcuddur və onlar daim ətlərə nəzarət edir: "Bazarlarda olan sanitar-ekspertiza laboratoriyasına xüsusi tapşırıq verilib ki, bütün ətlər dəqiq və ciddi formada müayinə olunduqdan sonra satışına icazə verilsin. Bakı şəhərində 27-yə yaxın, rayonlarda isə ümumilikdə 107 baytarlıq ekspertiza laboratoriyası var. Bu laboratoriyalar, eləcə də diaqnostik kabinetlər, zona baytarlıq laboratoriyaları, mərkəzi respublika baytarlıq laboratoriyası tərəfindən bu ətlərə nəzarət edilir onların sağlamlığı təsbit edilir, ondan sonra satışına icazə verilir. Belə bir şayiə yayırlar ki, guya bu xəstəliyə tutulmuş heyvanların ətini kimlərsə alır, bazara çıxarır. Bu cür hala hələ ki, təsadüf olunmayıb". Y.Xanvəli onu da əlavə etdi ki, bu xəstəlik heyvandan heyvana və ya heyvandan insana keçmir: "Bu xəstəlik dövrü başlayandan bəri 61 heyvan tələf olub. Tələf olan heyvanlar bu xəstəliyin təsirindən deyil, yanaşı gedən xəstəliklərin təsirindən tələf olub. Qeyd edim ki, həmin heyvanlar da baytar həkimlərinin nəzarəti altında yandırılıb. Biz də bilirik ki, bəzi işbazlar var bunlar sui-istifadə edir. Bu cür işbazlara qarşı biz daim mübarizə aparırıq. Biz çalışırıq ki, insanlarımız tam keyfiyyətli ət məhsullarından istifadə etsin".

Günel davam.az
Bu xəbər oxucular tərəfindən 1509 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed