Şrift:
“Savalan” könül işidir”
22.11.2011 [11:58] - Mədəniyyət
Novruz Novruzlu: “Biz indiyə qədər tamaşaçının bizə hansı yöndən baxmasını düşünməmişik”


“Musiqidə dərinlərə getdik, baxdıq ki, bu, Qurandan, İslamdan da
öncəyə gedib çıxır. Çünki bu, bizim qan yaddaşımızda, genimizdə var”

“İnsan doğulanda içindəki haqqla doğulur. Hər kəsin içindəki o haqq səmimiyyətlə oxuyanın içindəki haqqı anlayır”


Azərbaycan musiqisi deyiləndə ağla ilk Üzeyir Hacıbəyov, Qara Qarayev, Müslüm Maqomayev və digərləri gəlir. Azərbaycanda musiqi deyiləndə isə günümüzün ən oynaq, bayağı ifaçıları, şou nümayəndələri gəlir. Bəs mənəvi musiqi?
“Musiqi mənəviyyatın qidasıdır” fikrilə biz kimləri nəzərdə tuturuq? Hər halda ikinciləri deyil.
Bu gün sizə, ruhumuza xitab edən musiqi nümayəndələrimizdən birini, “Savalan” Mistik Musiqili Qrupunun rəhbəri Novruz Novruzluyla söhbətimizi təqdim edirik. Bizim üçün, bu, çox dəyərli adamın təqdimata ehtiyacı olmadığından, onunla söhbətimiz də elə hər zamankı kimi oldu. Xüsusi olaraq Bayraq Günündə, səmimi bir çay süfrəsi ətrafında, köhnə dostumuz Novruz bəyi sual yağışına tutduq:

Nigar İsfəndiyarqızı:
-Necəsiz Novruz bəy?

Novruz Novruzlu:
-Bilirsiniz ki, mən sizi çox istəyirəm. Bu gözəl gün münasibətilə ilə hər kəsi təbrik edirəm. Mən bayrağımızı çox sevirəm. Bizim bayraq bütün bayraqlardan gözəldir. Bu müqəddəs gün üçün hamını təbrik edirəm. Çaya görə təşəkkür. Başlayaq söhbətə.

Həbib Ələkbərsoy:
-Nə var, nə yox, Novruz bəy?

-Sağlıq-gözəllik.

H.Ə: - Necə gedir işlər?
N.N: - Allaha şükür, yaxşıdır. Necə getməyini düşünmürük. Çalışanda işlər öz-özünə gedir.

H.Ə: - Dünyada mistik musiqi janrı populyar və sevilən janrdır. Azərbaycanda isə bu janrla təkcə “Savalan” qrupu məşğul olur. Qrupda işlər necədir?
-Biz fəaliyyətimizə davam edirik amma müəyyən səbəblərə görə işlər bir az ləng gedir. Bildiyiniz kimi, qrup üzvləri bir neçə yerdə çalışır və istər-istəməz vaxt məhdudluğu yaranır. “Savalan” könül işidir. İnsanların isə bu işlə məğul olmaları üçün öncə məişət qaqyğılarından azad olması gərəkir ki, ürəklərinin götürdükləri yerə gedə bilsinlər. Bütün ruhunu, mənəviyyatını, düşüncəsini o işə yönəldə bilsinlər. Bu baxımdan, biz “Savalan”a tam, isti yanaşa bilmirik.

H.Ə: - Dünyada musiqiyə mistika gətirənlərin, məsələn götürək Türkiyədə Mərcan Dədəni, bu kimi insanların önündə bir ordu durur...
N.N: - Biz elə bir zamanda yaşayırıq ki, bu zəmanədə mənəviyyat aşılanır. İnsanlar özlərinə hesab vermirlər, bəlkə də bundan çəkinirlər. Başqa sözlə desək, biz özümüz özümüzdən çox uzaq düşmüşük. Bəlkə elə buna görədir ki, bəzən özümüzü anlamağa çalışmırıq, bəlkə də qorxuruq özümüzü anlamaqdan. Axı, məsafə çox uzaqdır. Mistik musiqi də elə bir musiqidir ki, sırf insanın mənəviyyatına, ruhuna, daxili aləminə söykənir. İncəsənət adamının işi onun ruh halını ifadə edir. Siz bir rəssamlara fikir verin, bir rəsm əsərini işləyəndə rənglərin təzahürü rəssamın o andakı halını göstərir. Musiqi, sənət də eləcə. Əgər insan tam anlamda özüylə təmasda deyilsə və burada səmimiyyət yoxdursa burada səs təsirini itirir. Bu gün müəyyən imkanlar hesabına, efirləri zəbt edən onlarla musiqiçi, müğənnilərin yadda qalmayan ifaları kimi. Çünki, içdə səmimiyyət yoxdur.
Bilirsiniz, səs insanın daxilindən gəlir. İnsan doğulanda içindəki haqqla doğulur. Hər kəsin içindəki o haqq səmimiyyətlə oxuyanın içindəki haqqı anlayır. Bizdən xəbərsiz onlar bir-birlərini başa düşürlər.

H.Ə: - Rahatlıq, düşündürmə, özünü tapma. Mistik musiqidəki bu cərəyanların hansına daha çox üstünlük verirsiniz?
N.N -Bunların hər üçü bir-birinə bağlıdır. Amma ən əsası özünü tapmaqdır. Necə deyərlər, ozünü bilən Allahını bilir. Özünü bilən insan bütün düşüncələrini nəzarətdə saxlayır. İçindən, ağlından, düşüncəsindən keçən hər bir şeydən xəbərdar olur və o məqamda özü-özünü təmizləyir, özünün kim olduğunu məhz orada axtarır.
Özünü axtaran insan içərisindəki neqativlikləri kəşf edib ondan qurtula bilir.
Bizim musiqilər buna - insanın özünü tapmasına, bir də hüzura söykənir. Hüzur - mənim çox sevdiyim bir ifadə olmasına baxmayaraq, çox təəssüf ki, bizdə işlənmir. Eyni zamanda hüzurumuz da yoxdur. Elə buna görədir ki, biz oturub, rahat, sakit iç musiqisinə qulaq asa bilmirik. Mən bunu Konyada olanda, Mövlana törənlərində müşahidə elədim. Adamlar gördüm ki, musiqinin sözlərini anlamadan saatlarla o musiqinin içindədir, gözünü yumub, özü-öz halındadır, əcnəbi olsalar belə, dili anlamadan musiqinin dərinliyinə varırlar.
Düşünürəm ki, bəlkə də, bu gün toylarımızda oynamağımız, içimizdə o hüzurun olmadığındadndır. Mənəvi tərəfə yönəldə bilmədiyimizə görə içimizdə yığılıb qalmış enerjini oynamaqla çıxarırıq. Əslində biz musiqiyə daxilən qulaq assaq və orda araşdırma aparsaq bu anlamda daha çox şeyə çata bilərik.

H.Ə: - Novruz bəy, sizin musiqi əsasən mistika və Türk Musiqi Mədəniyyəti üzərində qurulub. Bunların harmoniyası necədir? Hansı daha üstünlük təşkil edir və cəmiyyətdə bunun hansı tərəfi daha çox qəbul olunur?
N.N: - Bilirsiniz, biz indiyə qədər tamaşaçının bizə hansı yöndən baxmasını düşünməmişik. Ruhumuz hara aparıbsa proqramı da o yöndə hazırlamışıq. Bizə elə gəlib ki, qarşımızda, ruhu olan insanlara bu mütləq təsir eləməlidir. Başqa bir tərəfdən isə mən doğulandan özümü türk hesab edirəm. Hətta bu anlayışın olmadığı vaxtlardan mənim qoca babam bizə bunu aşılayıb. O, həmişə deyirdi ki, “erməni savaşında bizə dəstək məhz Türkiyədən olub, onlar bizim qardaşlarımızdır, biz Türkük”. Hətta qrupun lap yeni yarandığı dönəmlərdə, müsahibələrərimdən birində də bunu vurğulamışdım. Sual olunmuşdu ki, siz türkçülük ruhunda oxuyursuz, mən cavablamışdım ki, xeyr, mən elə təpədən-dırnağa türkəm və bu, mənim öz ruhumdur! Hətta bunun üstündə söz-söhbət də oldu. Bilirsiniz, türkmən deyir, mən türk deyiləm. Necə olur, axı adın özü belə türk-mən deməkdirsə, adın özü mənim türk olduğumu çağırırsa, mən özümü necə inkar edə bilərəm?!
Bu anlamda, mən düşünmürəm ki, bu, bizim ortaq mədəniyyətimizdir, xeyr. Aşıq Veysəl, Fizuli, Yunus Əmrə, Pirsultan Abdal, Mövlanə, Nəsimi, Nizami, bunlar Türk dünyasının mayakıdır - onlara baxıb, yolunu təyin edib getmək üçün.
Cəmiyyətə gəlincə, mistikadan yox, ritmik musiqiyə daha çox üstünlük verilir. Amma söhbət bizim dinləyicilərdən gedirsə burda vəziyyət dəyişir.

H.Ə: - Novruz bəy, səs insan orqanizmində birbaşa rol oynayır. Səs insanı əsəbiləşdirə də bilər, sakitləşdirə də. Bir döyüş ruhu ilə cəngavər əzmi də yarada bilər. Türk Musiqi Mədəniyyətilə məşğul olan bir adam kimi, bu musiqinin insana xeyirli tərəflərinin incəliklərindən danışardız...
N.N: - Bunun ən ümdə səbəbi, biz türklərin qədim tarixinin, qan yaddaşının çox uzaqlardan, şamanlardan üzübəri gəlməsi, Dədə Qorquda söykənməsidir. Biz Yuğ teatrında belə bir təcrübə keçdik. Dədə Qorqudu işləyəndə rəhmətlik Vaqif İbrahimoğlu bizi ruhumuzla baş-başa buraxdı. Musiqidə dərinlərə getdik, baxdıq ki, bu, Qurandan, İslamdan da öncəyə gedib çıxır. Çünki bu, bizim qan yaddaşımızda, genimizdə var.
İkinci bir tərəfi, səslərin təsiridir, səslər insanın içindəki, bizdən xəbərsiz o kodlara, kanallara təsir edib onları açır. Bizim hər birimizə Quran oxunanda təsir edir. Amma hər birimiz ərəb dilini bilmirik. Ona görə ki, sözdən daha önəmli olan səsin ahəngidir.

H.Ə: - Qulaq 7 qulaqcıqdan və aralarındakı tellərdən ibarətdir. Səs dalğalarını qəbul edən həmin tellərin hərəkəti orqanizmə birbaşa təsir edir. Məsələn Azan sədasının orqanizmdə maddələr mübadiləsinin tənzimlənməsi və bu kimi müsbət dəyişikliklərə səbəb olduğu açıqlanır. Yaxud, Sibirya Türkləri bəzən saza Tanrı aləti kimi yanaşırlar, sazın səsinə Tanrının dili deyirdilər - yalniz onun səsinin üstünlükləri ilə bağlı.
N.N: - Doğrudur, mən nə qədər yorğun olsam da sazın səsini eşidən kimi ruhlanıram. Saz çox güclü alətdir. İnsanın beynini, şüurunu açır. Alətlərin hər birinin təsiri var. Kamança aləti insanın ürəyinə təsir edir, saz isə ruha, beyinə xitab edir.

H.Ə: - Siz eyni zamanda sazı dünyanın qəbul elədiyi dildə dilləndirən qrupsunuz...
N.N: - Mən deməzdim. Eyni zamanda təkcə sazı deyil, həm də bütün alətlərimiz gözəldir. Pakistanda olanda İffət bəyin kamançasını gəlib əllərinə alırdılar ki, bu nə alətdir ki, belə səs çıxarır. Ruhsal musiqilər də birbaşa bu kimi alətlərə - ney, ud, saz, kamana söykənir. Çünki bunlardan aldığın hissiyyatı gitaradan ala bilməzsən. Mən gitaranı xor görmürəm təbii ki, o da öz növbəsində başqa bir yöndən təsir edir. Bəlkə də bu alətlərin yaşının qədimliyindən irəli gəlir.

H.Ə: - Dediniz ki, Azərbaycanda mistik musiqiyə maraq azdır. Bəs Avropada bu maraq hardan yaranır?
Bəlkə onun günahı elə sizdədir ki, bu musiqini insanlara sevdirə bilmirsiniz? Siz kənara çəkildikcə bayağı musiqilər daha çox yer alır...
N.N: - Deməzdim. Belə deyək, Avropa, Amerika bizim indi keçməkdə olduğumuz dövrü çoxdan keçib və indi mənəvi rahatlığını axtarır. Görürsünüzmü, dünyanın hər yerində sufizmə meyl artıb. Hətta din fərqi olan insanlar belə sufizmlə tanış olduqda baxır ki, bu, daha gözəldir, onun könlünə eşq verir, heç nəyə baxmadan sufizmi qəbul edir. Artıq onlarda radikal xristian baxımı da yoxdur. Bu da birbaşa şüura bağlıdır.

H.Ə: - Novruz bəy, siz eyni zamanda “Savalan” Musiqili Mistik Teatrının da rəhbərisiniz. Maraqlıdır, cəmiyyətdə maraqla qarşılanan bu səhnəciklərin ssenarisini kim yazır?

(davamı gələn sayımızda)
Bu xəbər oxucular tərəfindən 1868 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed