Şrift:
Avropa Parlamentinin üzvü: Ermənistan işğala son qoymalı və bunu qeyd-şərtsiz etməlidir
11.09.2013 [11:06] - Gündəm, Siyasət
“Beynəlxalq ictimaiyyətin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələri vasitəsilə məsələyə münasibəti tam aydın ifadə olunub: Ermənistan işğala son qoymalı və əlbəttə ki, bunu qeyd-şərtsiz etməlidir. Bu mövqe beynəlxalq hüquqa uyğun olaraq, tam dəstəyə layiqdir”.


APA-nın məlumatına görə, belə bir bəyanatla Avropa Parlamentinin üzvü, Regional İnkişaf və Petisiya Komitələrinin üzvü Viktor Bostinaru Avropa Azərbaycan Cəmiyyətinin (AAC) Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair sorğusunu cavablandırarkən çıxış edib.



Viktor Bostinarunun bəyanatında deyilir ki, Azərbaycan əhalisi 9 milyon olan bir ölkədir, bu əhalinin isə bir milyonu məcburi köçkündür: “Eləcə də, ölkə ərazisinin 1/5-i işğal olunub. Bu rəqəmlər həyəcan təbili çalmaq üçün yetərlidir və geniş ictimaiyyətin bundan xəbəri yoxdur. Bu böyük yükün aradan qaldırılmasının həlli yolu yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ilə mümkündür.



Azərbaycan Avropa üçün yalnız enerji məsələlərində mühüm tərəfdaş deyil. Biz, eləcə də, təhlükəsizlik siyasəti üzrə terrorizmlə mübarizə kimi sahələrdə də yaxından əməkdaşlıq edirik. Mədəniyyət və təhsil sahəsində də əlaqələrimiz getdikcə möhkəmlənir. Bu baxımdan da, Azərbaycanın öz legitim hüquqlarını əldə etmə haqqı tanınmalıdır.



Sülh danışıqlarında durğunluq, əslində, böyük problemdir. Dağlıq Qarabağ və digər işğal altındakı ərazilər üzərində münaqişə 20 ildir, həllini tapmayıb. Eləcə də, Cənubi Qafqaz Avropa üçün həm siyasi, həm də iqtisadi baxımdan mühüm qonşu regiondur. 2008-ci ildə Gürcüstanla Rusiya arasındakı münaqişə təhlükəsizlik şəraitinin necə sürətlə dəyişə biləcəyini göstərdi. Odur ki, sülh danışıqlarının faydalı nəticələrlə başa çatması Avropanın çox marağında olan məsələdir”.
Bu xəbər oxucular tərəfindən 688 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed