Şrift:
Arşın mal alan operasının 100 illiyi qeyd olunacaq
11.09.2013 [11:35] - Mədəniyyət
YUNESKO-da Üzeyir Hacıbəylinin “Arşın Mal Alan” operasının 100 illiyinə həsr edilmiş bayram tədbirləri keçiriləcək.

Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyindən verilən məlumata görə, sentyabr 17-də YUNESKO-nun Baş Qərargahında Türk Mədəniyyəti üzrə Beynəlxalq Təşkilatın (TÜRKSOY), eləcə də Azərbaycan və Qazaxıstanın YUNESKO-da Daimi Nümayəndəliklərinin birgə təşkilatçılığı ilə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın Mal Alan” operasının 100 illiyinə həsr edilmiş bayram tədbirləri keçiriləcək.

Qeyd edək ki, YUNESKO hələ 2011-ci ildə “Arşın Mal Alan” operasının 100 illiyini yubileylər siyahısına daxil edərək, onun beynəlxalq səviyyədə qeyd edilməsinə qoşulub.

Bayram tədbirləri çərçivəsində TÜRKSOY-un 20 illik fəaliyyəti və “Arşın Mal Alan” operasının yaradılmasını əks etdirən fotosərgi, həmçinin operaya aid tamaşa-konsertin keçirilməsi nəzərdə tutulub.

Tamaşa-konsertdə Qazaxıstanın Karaqanda simfonik orkestrinin müşayiəti ilə Azərbaycan, Qazaxıstan, Qırğız Respublikası və Türkiyə artistləri ifa edəcəklər.
Bu xəbər oxucular tərəfindən 821 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed