22.11.2011 [13:53] - Müsahibə
Aqil Camal: “ Mən bilirəm ki, indi “türk millətçisi kimi” bu sahədə çalışan insanlar 5-10 il qabaq hansı cəbhədə idilər”
“Hansısa partiya sədri gənclərlə şəkil çəkdirib kimlərəsə göndərir ki, “baxın, mənim ətrafımda çoxlu gənclər var”
Müsahibimiz “Türküstan” qəzetinin baş redaktoru, “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camaldır. Bu ad Azərbaycan, ümumilikdə Türk dünyasına yaxşı tanışdır. Öz qəzetində, təşkilatında, eyni zamanda düşüncə və davranışlarında millətçi kəsimə önəm verən, Türk Birliyi ilə bağlı fəaliyyətində dəfələrlə ödülə layiq görülən, milli düşüncəli gəncləri tez-tez işıqlandıran bu dəyərli jurnalisti indi biz öz sualarımıza qonaq edirik:
- Ümumiyyətlə, Türküstan dedikdə istər coğrafi termin, istərsə də mədəni sivilizasiya olaraq Orta Asiya türkləri və uyğurlar nəzərdə tutulur. Sizcə, bu adı seçməklə siz ümumi türk etnosunu yox, bəlirli coğrafi bölgəyə aid olan türkləri təbliğ edən kimi görünmüş olmursunuz?
- Bu sualı mənə çox veriblər. Hətta bu məsələlərdən məlumatı olmayan adamlar da olub ki, qəzetin Türkiyədə çıxdığını düşünüblər.
Razıyam ki, Türküstan dedikdə konkret coğrafi ərazi başa düşülür, ancaq biz Türküstan dedikdə o coğrafi məkanı yox, bütün türklərin yaşadığı ərazini nəzərdə tutmuşuq ki, bunu da qəzetin loqosunda göstərməyə çalışmışıq.
- Aqil bəy, millətçi kəsimi təmsil edən təşkilatçı və mediya mənsubu kimi millətçilik anlamını necə mənalandırardınız?
- Ümumiyyətlə, millətçilik geniş məfhumdur. Mən nə qədər çalışsam da, ona yeni bir məna verə bilmərəm, çünki bu mövzuya dair artıq oturuşmuş düşüncələr var. Dünyada nə qədər millət yaşayırsa, hamısının millətçiləri var. Bu baxımdan mən ağırlığı türk millətçiliyinə vermək istərdim. Ümumiyyətlə, türk millətçiliyi milli-demokratlığa dayanır. Əgər bir türk millətçisi düşünürsə ki, demokratiyanı yaşatmadan işdə, evdə, daha geniş cəmiyyətdə millətçilik ideologiyasını yayacaq, yanılır. Türk millətçiliyi digər millətlərin millətçiliyindən fərqli olaraq aqressivlikdən və radikallıqdan uzaq anlayışdır.
- Mediamızda türkçülüyün işıqlandırılması ilə razısınızmı?
- Azərbaycan mediasında türk millətçiliyi məsələsi kortəbii yolla da olsa, işıqlandırılır. Hardasa 5-10 il əvvəl konkret türkçülük müstəvisində çalışan jurnalistlər var idi, amma onların sayı az idi. Çünki o dövrdə müxtəlif yollarla, hətta bəzi qanunlarla türkçülük qadağan olunurdu. Ona görə bu işlə məşğul olan jurnalistlər əqidələrinə gerçəkdən bağlı olan insanlar idilər ki, onları həbslər, senzuralar qorxutmurdu deyə onlar istənilən məsələ haqqında bu müstəvidən yaza bilirdilər. Amma indi o yasaqlar aradan qaldırılıb, hər kəs öz millətçiliyini açıq-aşkar elan edə bilir deyə mediyanın bu sferasında qarma-qarışıqlıq hökm sürür. Hərə öz yazdığını daha düzgün saydığından ortaq nəticəyə gəlinmir. Söhbət konkret “Türküstan” qəzetindən gedirsə, biz bu məsələyə Əbülfəz Elçibəyin baxdığı prizmadan baxırıq. Yəni, Türk Birliyi, Bütöv Azərbaycan, Böyük Türküstan kontekstidir.
- Sizcə Azərbaycanda millətçiliyin inkişaf potensialıyla real inkişaf göstəriciləri nə dərəcədə uyğunluq təşkil edir?
- Bəlkə də mənim yaşımın gənc olmağı səbəbilə bu məsələyə münasibətim məsuliyyətli bəyanat xarakterlidir, amma sözügedən sahədə 15 il fəaliyyətim olduğu üçün bu sferada fəaliyyət göstərən insanları, təşkilatları, mediya orqanlarını kifayət qədər tanıyıram və bilirəm ki, indi bu sahədə çalışan insanlar 5-10 il qabaq hansı cəbhədə idilər. Və buna istinad edərək təəssüflə qeyd eləməliyəm ki, milliyyətçi camia bu sferanın əksər məsələlərinə bir az həvəskar yanaşır, yəni məsələlərə peşəkar yanaşma, inadkarlıq, ruhdan düşməmək kimi cəhətlərə millətçi qismi təmsil edən fərdlərdə nadir hallarda rast gəlinir. Bu məqsəd uğrunda yığışanların əksəriyyəti millətçiliyə sadəcə layihə kimi baxırlar. Yəni, hazırlanır, irəli sürülür, əgər layihə maliyyələşdirilirsə, fəaliyyətə başlanılır, amma maliyyələşdirilməsə və ya bir gün maliyyələşdirilmə dayandırılırsa, millətçilik fəaliyyəti də dayandırılır. Məsələn, Azərbaycanda gənclər var idi ki, çox radikal şəkildə özlərini təqdim eləmişdilər, amma sonra məqsədləri yollarında uğursuzluqla rastlaşan kimi bu sferanı tərk edib şəxsi həyatlarıyla məşğul olmağa başlayıblar. Çünki onlar bu məsələlərə həvəskar şəkildə yanaşıblar. Uşaq yeni oyuncaq alanda köhnəsini tulladığı kimi bunlar da bir balaca təzyiq və şirnikləşdirmə nəticəsində bu ideologiyaları əlcək kimi dəyişiblər.
- Azərbaycanda millətçi camiada gözəçarpan problemlərdən biri də millətçi qüvvələrin iqtidaryönlü qoluyla müxalif qolu arasındakı problemlərdir...
- Bizim qəzet 6 ildir fəaliyyət göstərir və bu 6 ildə çalışmışıq ki, millətçilik əqidəsini təmsil edən təşkilat və şəxslərlə bir-birinə qarşı münasibətlərindən asılı olaraq eyni məsafədə olaq. Sırf sizin dediyiniz məsələ barədə onu deyə bilərəm ki, hər iki tərəfdən bir sıra millətçiylə ünsiyyətdə olmuşam və onlara məsləhət görmüşəm ki, gənc yaşlarında ölkədaxili siyasi proseslərdən uzaq dursunlar. Mən dəfələrlə hər iki tərəfi təmsil edən millətçilərə məsləhət vermişəm ki, özünüzü türk millətçisi hesab edirsinizsə, güc və potensialınızı ölkədaxili siyasətə xərcləməyin.
Biz bilirik ki, Azərbaycan reallığında seçkilərin nəticəsi öncədən bəlli olur. Bir halda ki, seçkilərin nəticəsi öncədən bəllidir, gənclərin o proseslərdə istifadə edilməsi düzgün deyil. Gərək gənclər öz potensiallarını bunlara xərcləməsinlər ki, hansısa partiya sədri gənclərlə şəkil çəkdirib kimlərəsə göndərir, “baxın, mənim ətrafımda çoxlu gənclər var”.
Çalışmışıq deyək ki, gənclər özləri cəmiyyətdə ayaqlanmağa çalışmalıdır. Bunu gənclər təşkilatları yoluyla etmək daha məqsədəuyğundur. Amma təəssüf ki, elə hallar olur ki, gənclərimiz hansısa vədlərə inanıb iqtidar və ya müxalifət partiyalarına yaxınlaşa bilirlər. Bir də görürsən ki, hansısa müstəqil təşkilat hansısa siyasi partiyaya yaxınlaşır, bir müddətdən sonra oradan da çıxırlar. Bunun səbəbi odur ki, o gənclər partiyalara qüvvə kimi yox, müəyyən dövrdə kiməsə nəsə göstərmək üçün vasitə kimi lazımdır. Azərbaycanda millətçilik xəttini yürütmək istəyən təşkilatların içində partiyalara yönələnlər çoxdur, amma indiyəcən görməmişəm ki, o təşkilatlar hansısa irəliləyişə nail olsunlar. Kiməsə ofis verilsin, ya kiməsə qayğı göstərilsin. Bu yalnız mövsümi xarakter daşıyır.
- Dünya praktikasında millətçilik dövlətçiliklə sıx bağlanmaqdadır. Sizcə Azərbaycanda da bu cür olmalıdır? Olmalıdırsa, biz bunu necə formalaşdıra bilərik?
- Ümumiyyətlə, millətçilik inkişaf etmiş ölkələrdə məhz dövlət tərəfindən dəstəklənir, maliyyələşdirilir. Qarşılığında da o qüvvələr gəlmələrin üzərində qorxu qılıncı funksiyasını yerinə yetirirlər ki, o gəlmələr gəlmə olduqlarını unutmasınlar. Amma, bizim ölkəmizdə bu belə deyil. Məsələn, bu ilin əvvəlində prezident yanında bir qrup gənclə görüş keçirildi. Gənclərin əksəriyyəti rusdilli, bizim tanımadığımız hansısa təşkilatların üzvləri idilər. Bəzilərini də bizə yaradıcı gənclər kimi təqdim etdilər. Görüş boyu hiss olunurdu ki, bu gənclər rəsmi tədbir olduğu üçün Azərbaycan türkcəsində danışırlar. Vəziyyət o qədər acınacaqlı idi ki, gənclərdən biri hansısa məsələ barəsində prezidentdən təəssüratını öyrənmək üçün ona düz üç dəfə “cənab prezident, bu barədə təsərrüfatınız necədir?” sualını verdi.
Bu görüşdən sonra mən bir sıra millətçi, təşkilatçı gənclərə “o görüşdə olsaydınız, hansı məsələləri qaldırardınız?” sualını verdim və bu mövzu ətrafında reportaj hazırladım. Çünki o görüşdə iştirak edən gənclər sosial, əyləncə xarakterli məsələlər barəsində təkliflərə çıxış edirdilər. Bunu ona görə xatırlatdım ki, bizdə millətçi gəncləri araşdıran, onlara gizli və ya aşkar dəstək verən bir qurum yoxdur. Bizim ölkədə gənc deyiləndə valideynlərinin hesabına qabağa gedən gənclər nəzərdə tutulur ki, onları da milli yönümlü yox, sosial və əyləncə xarakterli məsələlər maraqlandırır.
- Son dövrlər türkdilli dövlətlərin birliyinin möhkəmlənməsi üçün çox ciddi addımlar atılır. İstər Türkdilli dövlətlərin Zirvə Toplantıları, istər TürkPA, istərsə də Türkdilli Xalqların mediya, hüquq, ortaq dil və istiqamətlərdə keçirdikləri formlar bunun bariz nümunəsidir. Bəs sizcə, bəzi türkdilli dövlətlərin bu cəhdlərə dəstək verməməsinin səbəbi nədir?
- Məncə, bu həmin dövlətlərin - Özbəkistan və Türkənistanın siyasi maraqlarıyla bağlıdır. 1992-ci ildə Türk birliyi qurulanda Turqut Özalın, Nursultan Nazarbayevin yanında duranlardan biri Özbəkistan prezidenti İslam Kərimov, digəri isə Türkmənbaşı Saparmurad Niyazov idi. Yəni, o zaman bu iki dövlət birlik məsələlərinin ilk kərpici qoyanlardan idi. Amma sonra Türkiyə ilə Özbəkistan arasında özbək müxalifətçilərin Türkiyəyə sığınmasına, İslam Kərimovun Rəsmi Ankaradan onu tələb etməsinə rəğmən istədiyini almaması Özbəkistanı türk birliyindən “küsdürdü”. Amma Türküstan adlı coğrafi məkana baxanda görürük ki, türkçülüyün mərkəzlərindən biri Özbəkistandır. Türkmənistana gəlincə , Türkmənistan adında “türk” olan 2-ci dövlətdir və onun da bu məsələyə qoşulmamağının səbəbi sırf siyasi maraqlarla bağlıdır. Xarici qüvvələrin təzyiqi hər iki dövləti irəli addım atmaqdan çəkindirir. Amma son dövrlər bütün sferalarda türk birliyi məsələsinin aktuallaşması Türkmənistana təsirini göstərir. Belə ki, müxtəlif sferalardan çalışan türkdilli mütəxəssislərin toplantıları keçirilir və Türkmənistan artıq bəzi toplantılarda müşahidəçi qismində iştirak edir. Mən inanıram ki, yaxın dövrlərdə bu iki dövlət də türk birliyinə qatılacaqdır.
Söhbətləşdi: Şahlar RUHİ
Bu xəbər oxucular tərəfindən 1393 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |