Şrift:
Əhməd Ağaoğlu İran haqqında II HİSSƏ
22.11.2011 [14:13] - Güney Azərbaycan-Təbriz
Əhməd Ağaoğlu (Ağayev,1869, Şuşa -1939, İstanbul) XIX yüzilin sonlarından 1920-ci illərədək Quzey Azərbaycanda, sonra isə Türkiyədə siyasi və fikir həyatına yön verən şəxslərdən biridir. Əhməd Bəyin zəngin irsindən yalnız İran və İran Türkləri haqqında fikirləri ayırıb qısaca oxucularımızın diqqətinə yetirmək istəyirik. Onun irsinə bu gün də ehtiyacımız var.

Hacı Zeynalabdin Tağıyevin vəsaiti hesabına 1905-cü ildə “Həyat” qəzetini təsis edib, baş redaktorluğunu Əhməd Bəy Ağayevə (Əli Bəy Hüseynzadə ilə birlikdə) təklif etməsi ilə onun həyatında yeni mərhələ başlandı. Eyni məram sahibi dostları ilə bir yerdə xalqının problemlərinin həllinə çalışmaq üçün o artıq təsirli bir vasitə əldə edə bilmişdi. Tarixi mövzulara həsr etdiyi məqalələrində, ya da tarixin hansısa epizodunu dəyərləndirərkən Əhməd Bəy, qələm sahiblərini obyektiv olmağa çağırır. Onun “həqiqi millətçilik” anlayışında keçmişi ideallaşdırmaq yoxdur, əksinə, o tarixin öyrənilməsinin ondan dərs almaq üçün lazım olduğunu bildirir. Məqalələrinin birində o yazırdı: “Gəlin açıq və səmimi danışaq. Əcdadlarımız bizə nəyi miras qoyub gediblər? Onlara nəyə görə hörmət etməliyik? Özlərinin səfehlikləri və ağılsızlıqları ucbatından şəhərləri, qarət olunmuş kəndləri tərk edib getdiklərinə görəmi, öz əcdadlarının əməyi ilə yaradılmış bütöv, nəhəng orqanizmləri viran qoyduqlarına görəmi?... Əcdadlarımıza nəyə görə hörmət etməliyik? Zorakılıq qarşısında qorxub, geri çəkilmək ənənələrinə görəmi, bizim qüvvələrimizi hələ də korşaldan, bizi yaşamaq qabiliyyətindən tamamilə məhrum edən güclülərin qabağında kor-koranə, mənasızcasına baş əymək xasiyyətinin nəsildən-nəslə irsən keçməsinə görəmi?

1909-cu ilin ortalarında İstanbula gələn Əhməd Bəy Ağayev burada istedadının və enerjisinin tətbiqi üçün münasib mühit buldu. O, millət vəkilliyindən başqa fəal şəkildə Türkiyənin ideoloji-siyasi həyatına daxil olmuş, Türk Yurdu Cəmiyyətinin və Türk Yurdu dərgisinin, az sonra məşhur Türk Ocaqlarının qurucularından biri olmuşdur. Xarakterinə uyğun olaraq İstanbul qəzetlərinə mütəmadi olaraq onlarla məqalə yazan və qəzetlərdən birinə (Tərcümani-həqiqət) başredaktorluq edən Əhməd Bəy, fəal təşkilatlanma dövrünü yaşayan Türkçülüyün liderlərindən birinə çevrilmişdi. Bu dövrdə o ümum-Türk tarixi və çağdaş həyatı haqqında bir sıra konseptual məqalələr yazmışdır. Bunlardan hələ də Azərbaycanda az tanınan (və istifadə edilməyən) bir əsəri örnək alaq. Türk Yurdu dərgisinin səkkiz sayında (1, 2, 3, 5, 7, 10, 14, 18) çap edilmiş “Türk aləmi” adlı geniş məqalə xüsusilə diqqəti çəkir. Bu analitik əsərdə müəllif Türk dünyasında ayrılığın səbəblərini (məzhəb fərqi, siyasi bölünmüşlük və mühitə ifrat bağlılıq, milli şüurun yoxluğu) araşdırır. Türk dünyasından bəhs edən Əhməd Bəy, İran Türkləri mövzusuna da təmas edir. Əsərin bir yerində Əhməd Bəy Türklərin İran tarixində rolu haqqında yazır: “Türk kadar temessüle (assimilation), şerait-i mühitiyyeye tabıyyat etmeğe meyyal bir kavim yoktur. Türk mühitinin esiridir; o kadar ki kendini, kendi şerefe-i kavmiyyesini, haysiyyet-i tarihiyyesini, edebiyyat, lisan ve hatta an’anat-i milliyyesini bile unutuvermeye hazırdır; şu hakikati bütün tarihimiz bütün safahatı ile ispat ediyor: Türkler İran medeniyyetinin amil ve sani’i oldukları halde adat-i kavmiyye ve lisan-i millilerini unutarak bütün kalpleri ile Fars adat ve lisanına kapıldılar.”

Sonuncu fikri Əhməd Ağaoğlu özünün “İran və inqilabı” əsərində daha da genişləndirir. Bu tamamlanmamış əsər, güman ki, 20-ci illərin başlarında yazılmış, ilk dəfə 1941-ci ildə oğlu Səməd Ağaoğlu tərəfindən İstanbulda basılmışdır. Üstündən 68 il keçdikdən sonra bu qiymətli kitab Bakıda nəşr edilmişdir.

Hazırkı İranda Azərbaycan probleminin tarixini anlamaq baxımından burada verilmiş fikirlər açar rolu nitəliyindədir. “İranı min sənələrdən bəri idarə edən, ona bəzən cahanşümul bir qiymət verdirən Türklərdir” deyən Əhməd Bəy, haqlı olaraq “İranın son min sənəlik tarixini həqiqətdə və doğrudan-doğruya Türk tarixinin bir şöbəsi” hesab edir. İran coğrafiyasında hökmranlıq etmiş Türk sülalələrinin davranışını təhlil (və tənqid) edən müəllif yazır:”... Türklər başqa yerlərdə göstərdikləri zəifliyi burada da göstərmişlər. Felən və maddətən hakim olduqları halda mənəvi hakimiyyətlərini qurmaqda qüsur göstərmişlər. Hökumət, ordu, ticarət, ziraət və hətta ədəbiyyat əllərində ikən şəxsiyyətlərinin [milliyyətlərinin] ən canlı və ən davamlı amili olan dilləri[ni] qəbul etdirməmişlər. Tərsinə olaraq, başqalarının dillərini dövlət dili olaraq qəbul etmişlər və sahibi olduqları dövlətə Türk dövləti dedirtməyə önəm verməmişlər. Bu surətlə dövlət milliləşmək qabiliyyətini qeyb etmişdir. Türk sülalələri Türk dilindən də öz aralarında, sarayda, Türk kütlələri içində də istifadə etmişlər. “Fəqət rəsmi dil Fars dili olduğundan və bu dil məktəblərdə, idarələrdə, yazışma və danışıqlarda ümumiləşdiyindən dövlət felən Türk olduğu halda, mənən yabançı qalmışdır.” Müəllifin sonrakı fikri çox maraqlıdır, daha doğrusu, metotoloji önəmə malikdir:”Türk əlehdarlığı güdən [yad] milli axınlara bu surətlə əlverişli kanallar buraxılmışdır. Necə ki, bu gün [1920-lərin başlarında - N.N.] İranda bu kimi kanallardan istifadə olunduğunu müşahidə etməkdəyik.

Bu hadisənin səbəbləri sırasında Əhməd Ağaoğlu Türk sülalələrinin milli süura sahib olmamasını, tayfa birliyinə bağlı qaldıqlarını göstərir. Türk sülalələri dövründə Fars dilinə xüsusi qayğı Fars ədəbiyyatını dirçəltdi. Farsca fikir və ədəbi cərayanlar məhz Türk sülalələri dövründə meydana çıxdı: “Şərqin bütün tarixi isbat edir ki, əgər Türk sülalələrində milli şüur olsa idi, bütün bu cərəyanlar Türkcə olacaqdı və bu surətlə Türk kültürü milliləşərək bütün Şərqə hakim olacaqdı. Əhməd Bəy Əlişir Nəvai örnəyində “Türk lisanının belə bir kültürü daşımaq və bəsləmək qabiliyyətinə malik” olduğunu bildirir. Əhməd Bəyə görə, Türk sülalələrinin İran coğrafiyasında qurduğu dövlətlərin ümumi özəlliyi bunlardır: 1. Dövlətin milliləşməməsi; 2. Dövlətin qəbilə konfederasiyası şəklində qalması; 3. Dövlətin hökmran ünsürlərin mənəvi və pozucu hərəkətlərinə məruz qalması.

Əhməd Ağaoğlunun bu kitabında və başqa çeşidli əsərlərində üstündə xüsusi durduğu məsələlərdən birisi də Şiəliyin İslam aləmində, bu sıradan İran coğrafiyasında oynadığı roldur. Səfəvilər dövründə Şiəliyin dövlət məzhəbinə çevrilməsi böyük bir coğrafiyada etnik-kültürəl prosesin yönünü dəyişdirdi. Bu, Əhməd Ağaoğluna görə, “Şərq və bilxassə Türk tarixi üzərinə dərin və fəlakətli təsirlər icra etdi. Şiəliyin zorla dövlət məzhəbinə çevrilməsi həm də “İranın fikri və hissi qaynağını qurutdu. Zira bundan sonra artıq bütün fikri və hissi qüdrətlər bu məzhəbi doğrulamağa, onun əsaslarını və nəzəri qismini qüvvətləndirməyə həsr ediləcək, məntiq sxolastiki və səfsətə bu əməlin vasitələri olacaq!

Bir məzhəbin zorla dövlət məzhəbinə çevrilməsi Türk dünyasını da faktik olaraq ikiyə böldü. Bu bölünmüşlüyü aradan qaldırmağa, ya yumşaltmağa çalışmış Nadir Şah Əfşarın fəaliyyətləri Ağaoğlunun diqqətini çəkmiş, onun son yüzillər tarixində təqdir etdiyi müsbət məsələlərdən biri olmuşdur. Ağaoğlu Nadir Şahı qəsd edərək yazır: ”Bu surətlə Türklüyün vəhdətinə böyük əngəl olan bir məsələni savadsız və cahil bir Türk qaldırmaq istədiyi halda İstanbul kimi nisbətən ziyalı bir mühit bu təklifi rədd etmək kimi ağır tarixi məsuliyyəti üzərinə alır. Ağaoğlu, Nadir Şahın təşəbbüsü üstündən tez-tələsik keçib getmir. Bir daha bu məsələyə qayıdaraq yazır: “Xalqdan törəmiş olan bu Türk çocuğu cəhalətinə və savadsızlığına baxmayaraq, Türk vəhdətinin, Türk sülhünün qiymət və əhəmiyyətini idrak etmişdi. Bu vəhdəti pozan Şiəliyə qarşı ədavət bəsləmişdi. Osmanlı Türkləri ilə daima sülh ilə keçinməyi lazım bilmişdi. Türklüyün hakim olduğu digər yerlərdə Türk sülaləsinə toxunmadı. Tərsinə olaraq, yerində tutmaqla bərabər onlarla qohumluq qurmağa çalışdı. Fəqət nə çarə ki, nə İstanbul, nə də Türküstandakı qəbilə rəisləri onu anlamadılar!

Ağaoğlu əsərin sonrakı bölümlərində Qacar sülaləsi dövründə İranın durumunu geniş təhlil edir. Ağaoğlu, “soyundan uzaqlaşmış və mənən, cismən yıpranmış olan sülalə”nin - Qacarların hakimiyyətdən getməsini təbii hadisə hesab edir. Qacar hakimiyyətinin sona yetməsi ilə İranda 1000 illik Türk sülalələri dövrünə son qoyulur, Rza Pəhləvinin hakimiyyətə gətirilməsi ilə İran, Fars iqrçı dövlətinə çevrilir.

Beləliklə, 70 illik mənalı və məhsuldar həyatı boyu Əhməd Bəy Ağaoğlu mənsub olduğu milləti üçün çalışmış, özündən sonra böyük miras qoymuşdur. Özünün ifadəsi ilə, “həyatı boyu yazdığı məqalələrin hamısı bir araya toplansa, Bakıdan İstanbula qədər bir geniş yol ortaya gələ bilər.” Bu “yolda” Güneyin də özəl yeri var. Yuxarıda verilmiş ayrı-ayrı örnəklərdən də göründüyü kimi, Əhməd Ağaoğlu, Azərbaycan siyasi fikir tarixində Güney məsələsinə ilk dəfə konseptual yanaşmış fikir adamıdır. Onun bu sahədə irəli sürdüyü fikirlər bu gün də Güney məsələsinin doğru-düzgün dərk edilməsində yardımcı ola bilər.

MDHP Güney Azərbaycan Departementi
Bu xəbər oxucular tərəfindən 2653 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed