Şrift:
Azərbaycanla Avropa Birliyi arasında nəqliyyat, kənd təsərrüfatı, təhsil, demokratiya və insan haqları sahələrində əməkdaşlığa dair saziş imzalanacaq
18.09.2013 [16:39] - Xəbərlər, Gündəm
Mahmud Məmmədquliyev: “İkitərəfli əməkdaşlığı möhkəmləndirəcək bir neçə protokol da imzalanacaq”

“Ermənistanda keçirilən “Şərq tərəfdaşlığı” ölkələri xaric işlər nazirlərinin qeyri-formal görüşü bizim üçün faydalı oldu”.Bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib. O bildirib ki, “Şərq tərəfdaşlığı”nın noyabrın sonunda Vilnüsdə keçiriləcək zirvə toplantısından əvvəl son görüş olan bu yığıncaqda əsas müzakirə mövzusu proqram çərçivəsində görülən işlər və qarşıdakı sammitdən gözləntilər olub: “Azərbaycan tərəfi təbii ki, öz mövqeyini ifadə etdi. Hesab edirik ki, Vilnüs sammitindən əvvəl və toplantı çərçivəsində bir neçə sənəd, o cümlədən viza rejiminin sadələşdirilməsi və readmissiya ilə bağlı artıq paraflanmış saziş imzalana bilər”.



M. Məmmədquliyev Azərbaycanla Avropa Birliyi arasında nəqliyyat, kənd təsərrüfatı, təhsil, demokratiya və insan haqları sahələrində əməkdaşlığa dair sazişin də imzalanmaq üçün hazırlandığını söyləyib. İkitərəfli əməkdaşlığı möhkəmləndirəcək bir neçə protokol da imzalanacaq.



Nazir müavini qeyd edib ki, Ermənistandakı görüşün əsas müzakirə mövzularından biri bu ölkənin Gömrük İttifaqında qoşulmaq qərarı olub: “AB bununla bağlı öz narazılığını bildirdi. Vilnüs sammitində Ermənistanla assosiasiya və azad ticarət sazişinin imzalanması planlaşdırılırdı, lakin Ermənistanın məlum qərarı bunu mümkünsüz etdi. AB bəyan etdi ki, Ermənistanla hansı formatda əməkdaşlığın mümkün olduğunu nəzərdən keçirəcək”.



M. Məmmədquliyev “Şərq tərəfdaşlığı” ölkələri təhsil nazirlərinin Ermənistandakı görüşünə də qatıldığını deyib.
Bu xəbər oxucular tərəfindən 708 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed