Şrift:
Fərəc Quliyev vahid Türk Ordusunun yaradılmasını istəyir
20.09.2013 [10:15] - Gündəm, Siyasi partiyalar, Fərəc Quliyev
Bu gün dünyada Türk millətinə qarşı olan qısqanclıq və təhdidlər artıq gizlədilməsi mümkün olmayan bir faktdır. Hər kəs üçün aydındır ki, nəinki dünya gücləri, demək olar ki, dünyanın əksər dövlətlərində türklərə qarşı yürüdülən siyasətdə böyük güclərin yanında yer alma siyasəti yürüdülür. Bu siyasət gizli və aşkar şəkildə özünü büruzə verməkdədir. Bu təzyiq qarşısında isə Türk millətinin tək yolu təbii ki, Türk Birliyini yaratmaqdır. Sevindirici haldır ki, Türk Birliyinin yaranması istiqamətində qənaətbəxş olmasa da, müəyyən işlər görülür. Bu istiqamətdə Azərbaycanda ən aktiv fəaliyyət göstərən siyası partiya isə Milli Dirçəliş Hərəkatı Partiyasıdır. MDHP-nın sədri istiqlalçı deputat, millət vəkili Fərəc Quliyev Türk dövlətləri arasında əməkdaşlığın iqtisadi-mədəni müstəvidən siyasi-hərbi müstəviyə keçməsini Türk Birliyinin yaranması və güc mərkəzinə çevrilməsində daha real addım olması qənaətindədir. Millət vəkili kimi o Parlamentdə də bu barədə təklif irəli sürmüşdür. Fərəc Quliyev Milli Məclisdə 22.05.2012-ci tarixli çıxışı zamanı təklif etmişdir ki, “Biz artıq “Türk Cümhuriyyətləri Asayişi Birgə Mühafizə Qüvvələri”nin yaradılmasını da yubanmadan gündəliyə gətirməliyik.”
Bu təklifin reallaşması əslində Türk Dünyasının nicatı deməkdir. Siz təsəvvür edin ki, dünyanın ən güclü orduları sırasında yer almış Türkiyə ordusu və onunla yanaşı digər altı Türk dövlətinin silahlı qüvvələri ikinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərə qatılır... Yaxud da, hazırda Qazağıstan ordusunun balansında olan keçmiş SSRİ-nin ən böyük hərbi bazalarından bizim ordu da istifadə edəcək. Yəni 350 milyondan artıq nüfuza sahib olan Türk millətinin vahid ordusunun olması sözün əsl mənasında millətimizin təhlükəsizliyinin şübhəsiz qarantıdır. Ondan sonra bizim nə Qarabağ kimi problemlərimiz olar, nə də PKK kimi... Nə Əfqanıstanla sərhəddə yaşayan özbəklər bu ölkədəki kiçik hərbi birləşmələrin ölkəyə soxulacağı stresi ilə yaşayar, nə də qazaxlar rus ordusunun təhdidi altında... Nə Güney Azərbaycanda insanlar Türk olduqları üçün edam edilər, nə də güney doğuda...
Elə buna görədir ki, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasında 2,5 milyonluq şəxsi heyətə sahib olacaq silahlı birləşmə yaratmaq barədə başlanan müzakirə dünyanın ən böyük ordularını təşvişə saldı. Hətta Çində və İsraildə bununla bağlı yüksək hərbi toplantıların keçirilməsi ilə əlaqədar sosial şəbəkələrdə məlumatlar da yayıldı.
Həqiqətən də, Türk dövlətlərinin hərbi birliyi, əməkdaşlığı, yaxud vahid ordusunun yaranması, Türk Dünyasının həm təhlükəsizliyinə, həm də real güc mərkəzinə zəmanətdir. Eyni zamanda bu reallıqdır ki, belə bir gücün yaranması dünyada həm də ədalətin yaranmasında bir balans rolunu oynayacaq. Dolayısı ilə böyük Türk Ordusu həm də dünyada bütün zəif xalqların təhlükəsizliyinin təminatçısı deməkdir.
Yeri gəlmişkən, Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Fərəc Quliyev ötən il həm də Azərbaycan ordusunun PKK-ya qarşı Mehmetciklə birgə əməliyyatlara qatılmasını təklif etmişdi: “Azərbaycan və Türk əsgərləri dünyanın bir çox ölkəsində sülhməramlı olaraq vəzifə yerinə yetirir. Biz niyə ortaq bir əsgəri birlik yarıdıb PKK-ya qarşı birgə mübarizə aparmırıq? Türk ordusunun bu mübarizəni təkbaşına aparması üçün təbii ki, gücü var. Lakin Azərbaycanın da iştirakı mübarizəni gücləndirəcək”.
Millət vəkili daha sonra həmin əsgəri birliyin Azərbaycanın işğaldakı torpaqlarının azad olunmasında iştarak etməsinin vacib olduğunu deyib: “Türk əsgəri də Qarabağda döyüşə bilər”.
Bu təklifdən az sonra bu ilin yanvar ayında mətbuatda “Vahid Türk Ordusu” kimi təqdim olunan Azərbaycan, Türkiyə, Qırğızıstan və Monqolustanın iştirakı ilə türk dövlətlərinin daxili qoşunlarının TAQM adlanan ortaq ordusu yaradıldı ki, bu da az da olsa birgə mübarizə tədbirlərinə imkan yaratmış olacaq.
Qeyd edək ki, prezidentliyə namizəd Fərəc Quliyevin hakimiyyət platformasında Türk Birliyi siyasəti əsas yerlərdən birini tutur və bu istiqamətdə siyasi-hərbi müttəfiqliyi ən mühüm məqam kimi dəyərləndirir.
Bu xəbər oxucular tərəfindən 2270 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed