Şrift:
Kimlər səs verə bilməz?
24.09.2013 [14:14] - Gündəm, Hüquq
Azərbaycan vətəndaşlarının səsvermədə iştirakı Seçki Məcəlləsinin 12 və 16-cı maddələri ilə tənzimlənir:

Maddə 12. Aktiv seçki hüququnun mənsubiyyəti

12.1. Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsində və bu Məcəllənin 14-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, Milli Məclisə seçkilərin, Prezident seçkilərinin, bələdiyyələrə seçkilərin, referendumun keçirilməsi günü (həmin gün də daxil olmaqla) 18 yaşına çatmış Azərbaycan Respublikasının hər bir vətəndaşının seçmək, referendumda səs vermək, seçkilərin (referendumun) gedişini müşahidə etmək, seçkiqabağı (referendumqabağı) təşviqatda iştirak etmək, bu Məcəllə ilə nəzərdə tutulmuş seçki hərəkətlərində və referendumun hazırlanması ilə bağlı hərəkətlərin həyata keçirilməsində iştirak etmək hüququ - aktiv seçki hüququ vardır.

12.2. Bu Məcəllənin 12.1-ci maddəsində göstərilən tələbə cavab verən, Azərbaycan Respublikasında 5 ildən az olmayaraq daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Prezident seçkiləri, Milli Məclisə seçkilər, bələdiyyə seçkiləri və ya referendum zamanı səsvermədə iştirak edə bilərlər.

12.3. Bu Məcəllənin 12.1-ci maddəsində göstərilən tələbə cavab verən, müvafiq bələdiyyənin ərazisində 5 ildən az olmayaraq yaşayan xarici ölkənin vətəndaşları bələdiyyə seçkiləri zamanı səsvermədə iştirak edə bilərlər (o şərtlə ki, onların vətəndaşı olduqları dövlətlərdə əcnəbilərin bələdiyyələrə seçkilər zamanı eyni hüquqları tanınmış olsun).

12.4. Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsinin II hissəsinə uyğun olaraq, məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslər seçkilərdə, habelə referendumda iştirak etmək hüququndan - aktiv seçki hüququndan məhrumdurlar.

Maddə 16. Vətəndaşların səsvermədə iştirak etmədikləri hallar

16.1. Səsvermə günü təyyarələrdə və hava limanlarında, qatarlarda və dəmiryolu vağzallarında, ekspedisiyalarda olan vətəndaşlar həmin vaxt səsvermədə iştirak etmirlər.

16.2. Səsvermə günü üzən gəmilərdə bu Məcəllənin 35.4-cü maddəsinə uyğun olaraq məntəqə seçki komissiyası yaradılmayıbsa, həmin gəmidə olan vətəndaşlar səsvermədə iştirak etmirlər.

16.3. Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda yerləşən neft və qaz hasilatı platformalarında (bundan sonra - neft platformalarında) səsvermə günü bu Məcəllənin 35.4-cü maddəsinə uyğun olaraq məntəqə seçki komissiyası yaradılmayıbsa, həmin platformada olan vətəndaşlar səsvermədə iştirak etmirlər.

16.4. Səsvermə günü xarici dövlətdə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsul idarəsi mövcud deyilsə və ya Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsul idarəsində bu Məcəllənin 35.6-cı maddəsinə uyğun olaraq seçki məntəqəsi yaradılmayıbsa, həmin xarici dövlətdə olan Azərbaycan Respublikasının vətəndaşları səsvermədə iştirak etmirlər.

16.5. Səsvermə günü xarici dövlətlərdə olan Azərbaycan Respublikasının vətəndaşları üçün Milli Məclisin deputatlarının və bələdiyyə üzvlərinin seçkiləri üzrə səsvermə keçirilmir.

16.6. Səsvermə günü üzən gəmilərdə, xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində, Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda yerləşən neft platformalarında Milli Məclisin deputatlarının və bələdiyyə üzvlərinin seçkiləri üzrə səsvermə keçirilmir.
Bu xəbər oxucular tərəfindən 1387 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed