Şrift:
Azərbaycanın Avropa hüdudlarına daxil olan əraziləri açıqlanıb
26.09.2013 [12:39] - Xəbərlər
Azərbaycan ərazisinin on altıda bir hissəsi Avropanın hüdudlarına düşür

Həyat tərzi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutu Azərbaycanın Avropa hüdudlarına daxil olan ərazilərini açıqlayıb.

İnstitutun direktor əvəzi Ramiz Məmmədov Trend-ə bildirib ki, Azərbaycan ərazisinin on altıda bir hissəsi Avropanın hüdudlarına düşür. Azərbaycanın Avropaya düşən hissələri Qusar rayonu, Quba rayonunun ərazisinin çox hissəsi, Şabran və Xaçmazın ərazisinin bir hissəsi, Xızı rayonun ərazisinin yarıdan çoxu, Sumqayıt şəhəri, Novxanı daxildir. Qitənin sərhədləri Fatmayi ilə Mehdiabadın arasından keçir və buradan keçdikdən sonra Şüvəlanın ərazisinin də çox hissəsi Avropaya daxil olur. Azərbaycanda Avropanın sərhədinin hüdudları təxminən Abşeron rayonun Zirə qəsəbəsində tamamlanır. Zirənin yarısı Asiya, yarısı isə Avropa hüdudlarına daxildir. Bakı tam olaraq Avropanın hüdudlarına daxil olmur. Bakıda Şüvəlanın çox hissəsi, Binəqədi rayonu, Mərdəkan qəsəbəsinin bir hissəsi Avropanın hüdudlarına daxildir. Ümumilikdə, Bakının mərkəzi hissəsi Asiya, şimal-qərb hissəsi isə Avropaya aid olur.

R.Məmmədov qeyd edib ki, qitələrin bölünməsinin prinsipləri var. 1964-cü ildə rus alimləri Avropa qitəsinin şərq və cənub sərhədlərini müəyyənləşdirəndə qəbul olunmuş prinsipləri gözləməyiblər. Sərhəd Qara dənizdə mövcud xətdən başlayaraq, Böyük Qafqaz sıra dağları suayırıcısı, Dübrar və Kəmçi dağları və Abşeron yarımadasının şimal hissəsindən keçərək Xəzərə daxil olur. Oradan isə Rusiya və Qazaxıstan alimlərinin təklif etdiyi xəttə birləşərək Qazaxıstanın Magistau yarımadasından keçir, Ural dağlarının şərq ətəkləri boyu uzanaraq Şimal Buzlu okeandakı mövcud sərhədə birləşir. Böyük Qafqaz sıra dağlarının suayırıcısı və digər təbii-coğrafi amillər nəzərə alınmayıb, sərhəd əsassız olaraq şimala sürüşdürülərək Kuma-Manıç çökəkliyinin mərkəzindən keçirilib: "O zaman Avropa qitəsinin sərhədləri müəyyənləşdirilərkən belə bir fəlsəfə ortaya qoyublar ki, Şimalı Qafqaz xalqları müsəlmanlardır, onlar Avropaya düşə bilməzlər. Ona görə də sərhədi bir qədər də yuxarı sürüşdürüblər. Nəticədə Şimali Qafqaz Asiya qitəsində qalıb".

Alim deyib ki, Azərbaycanın öz daxilində Avropanın cənub sərhədlərinin hüdudları müəyyənləşdirilib. Bu sərhəd böyük Qafqaz dağlarında Bazardüzü nöqtəsindən, Tufan dağından başlayır: "Sərhəd Şirvan stansiyasının yanında ərazini kəsir və beləliklə, Sumqayıt Avropada qalır. Sərhəd daha sonra Novxanının aşağısından və Fatmayi qəsəbəsinin içindən keçməklə Mərdəkanın bir hissəsini əhatə edir. Beləliklə, Azərbaycanın ərazisinin 16-da bir hissəsi Avropanın hüdudlarına daxil olur. Bu gün isə Azərbaycanın 1 kvadrat metr ərazisi də Avropaya daxil edilmir".

R.Məmmədovun sözlərinə görə, Azərbaycan Avropaya daxil olmaqla, çox az sayda transkontinental ölkələrdən biri hesab edilə bilər.

İnstitutun direktor əvəzi qeyd edib ki, Avropanın cənub sərhədlərini müəyyənləşdirmək üçün rus alimlərinə birgə ekspertiza aparmaq təklif edilib. Ekspertiza gələn ilin yaz-yay aylarında keçirilə bilər. Ekspertiza tamamlandıqdan sonra azərbaycanlı alimlərin Rusiya alimləri ilə birgə Avropanın cənub sərhədlərinin yenidən müəyyənləşdirilməsi məsələsini Ümumdünya Coğrafiya Konqresi qarşısında qaldırmağı nəzərdə tutur.
Bu xəbər oxucular tərəfindən 1035 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed