Şrift:
GÜNEY XƏBƏRLƏRİ
23.11.2011 [10:38] - Gündəm
İranda Azərbaycan bayrağı daşıyanlar "separatçı" adlandırılıb

İranda hökumətpərəst internet saytları bir futbol matçında Türkiyə və Azərbaycan simvolları olan maykalar geymiş azərbaycanlıları "separatçılar" adlandırıb.
Təbrizin Tractorsazi və Şiraz şəhərinin Fəcr-e Sepasi komandaları arasında keçirilən oyun zamanı çəkilmiş fotolarda bəzi azarkeşlərin Türkiyə bayrağı nəqş olunmuş maykalar geydiyi, bəzilərinin də əllərində Azərbaycan bayraqları tutduğu təsvir olunur.

Hökumət tərəfdarı olan Rajanews internet saytında xəbər "Fecr-Traktor matçına separatçı simvollarla qatıldılar" başlığı ilə dərc olunub.

Xəbərdə "təəssüf ki, bu insanlar digər azarkeşlərə də nümunə olaraq, digər şəhərlərin stadionlarında da bir çox separatçı şüarlar qışqırıblar".
Yazıda həmçinin deyilir: "Pan-türkist ideyaları yayan bu liderlər öz sapdırıcı məqsədləri naminə vəziyyəti öz xeyrinə istifadə etmək üçün əllərindən gələni ediblər "
Eyni fotolar bənzər ifadələrlə bir çox hökumətpərəst saytda yer alıb.


İrana sanksiya yağmuru

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (MAQATE) İranın atom proqramı ilə bağlı qərarından sonra İngiltərə, Fransa və Kanada bu ölkəyə qarşı yeni sanksiyalar tətbiq edib.
BBC-yə istinadən verilən məlumata görə, İngiltərə İranın Mərkəzi Bankı da daxil olmaqla, bu ölkənin bütün maliyyə qurumları ilə əməliyyatların dayandırılması barədə qərar qəbul edib. Lakin İngiltərə İrana neft ixracı ilə bağlı sanksiya tətbiq etməyib. Bu arada Fransa İran Mərkəzi Bankı ilə əməliyyatların dayandırılması, İrandan neft alınmasının dayandırılması tövsiyəsini verib. Kanada isə İrana neft-kimya, neft və qaz sektorunda istifadə edilən bütün sənaye məhsullarının ixracına qadağa qoyub. Lakin Kanadada yaşayan iranlıların ölkələrinə pul göndərilməsi qadağan olunmayıb.

Bu gecə ABŞ-ın da İrana qarşı yeni sanksiyalar qəbul etdiyi məlum olub. Yeni sanksiyalar İranın neft-kimya və enerji sektorunu əhatə edir. Sanksiyalar İrana neft-qaz axtarışında və hasilatında yardım göstərən bütün fiziki və hüquqi şəxslərə də şamil olunub. ABŞ Maliyyə Nazirliyi İranın atom proqramı ilə əlaqəli olan 11 şirkət və fiziki şəxsi qara siyahıya salıb. ABŞ İranın Mərkəzi Bankına qarşı sanksiyaları hələ təxirə salıb


Təbrizdə son yürüşlərdə tutulan bəzi etirazçılar məhkəməyə çağırılıb

Təbrizdə sentyabrın 3-ü (şəhrivərin 12-i) Urmu Gölünü qurumaqdan qurtarmaq məqsədi ilə keçirilən kütləvi etiraz yürüşündə bir çox soydaşımız təzyiqə məruz qalmışdır.

Sözü gedən Yürüşlərdə tutuqlanıb, sonra isə mülki vəsiqə qarşılığında azadlığa buraxılan etirazçılar Təbrizin ümumi məhkəməsinin 4-cü şöbəsinə çağırılıblar.

Tutuqlananların bir neçəsinin kimliyi bunlardan ibarətdir: Əli Həsənzadə, Adil Xəndan, Oruc Əxlaqı, Əli Purheydər, Məhəmməd Məlikpənah, Peyman Atəşibinab, Məhəmməd İsmaili və s.



Ərdəbildə öyrəncilər universitetin təhlükəsizlik bölümünə çağırılıblar

Güney Azərbaycanın Ərdəbil şəhərində mühəqqiq universitetinin bir qrup öyrəncisi universitetin təhlükəsizlik bölümünə çağırılıblar.
Öyrəncilər universitetə aid dərginin 33-cü sayısında, Urmu Gölü ilə bağlı keçirilən etirazları Yəhudilər və Türkiyənin pantürküstləri hesab etdiyi “Xam Xəyal” adlı yazının dərc olunması və “Traxtur” futbol takımı tərəfdarlarını pantürkist adlandırılmasına etiraz ediblər.
Öyrəncilər imza toplayaraq qeyd etdiyimiz dərginin ittiham və şantajlarına baxılmasını tələb ediblər.
Universitet məsulları isə bu şikayətə baxmaq yerinə, imza sahiblərini universitetin təhlükəsizlik bölümünə çağırıblar. Onlar bununla öyrənciləri Azərbaycanın milli hüquqları uğrunda hər hansı bir fəaliyyətdən uzaq tutmağa çalışırlar.


Yeni tutuqlanmış Davud Xudakərəmidən heç bir xəbər yoxdur

Noyabrın 18-i (abanın 27-i) Zəncanda ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən tutuqlanan azərbaycanlı fəal barədə heç bir məlumat yoxdur.
Xudakərəminin ailə üzvləri bildiriblər ki, onlar neçə gündür müxtəlif səlahiyyətli təhlükəsizlik orqanlarına müraciət ediblər. Ancaq Xudakərəminin vəziyyəti və harda saxlanıldığı barədə heç bir məlumat əldə edə bilməyiblər.
Zəncanlı jurnalist və milli-mədəni fəalın barəsində bütün məlumat, onun bir neçə saniyyəlik telefon əlaqəsindən ibarətdir.
Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı fəalın azadlığı uğrunda fəaliyyət göstərəcək Veblaq yaradılıb. Onun barəsində məlumatı davamlı olaraq bu Veblaqdan izləyə bilərsiniz.

http://davudkhodakarami.blogfa.com/


Fransa prezidenti İrana qarşı sərt sanksiyalar tələb edir

Fransa öz tərəfdaşlarından İrana qarşı sanksiyaların geniş miqyasda sərtləşdirilməsini tələb edir.
Paris Beynəlxalq Atom Energetikası Agentliyinin (MAQATE) İslam Cümhuriyyətinin nüvə proqramı ilə bağlı narahatlığı ilə əlaqədar, İran Mərkəzi Bankının aktivlərinin dərhal dondurulması və İran neftinin alınmasının dayandırılmasına təkid edir.
Fransa prezidenti Nikolya Sarkozinin müvafiq çağırışın əksini tapdığı məktub tərəfdaş ölkələrə - ABŞ (Amerika Birləşmiş Ştatlari), Kanada, Yaponiya, Böyük Britaniya və Almaniyaya, eləcə də Avropa Komissiyası və Avropa Şurasına da göndərilib.
“İran öz nüvə proqramını inkişaf etdirdiyi və danışıqlardan imtina edərək, öz xalqını təcridə məruz qoyduğu üçün Fransa İranı danışıqların və nüvə tədqiqatlarından imtinanın zəruriliyinə inandırmaq üçün geniş miqyasda yeni sanksiyaların tətbiqini tələb edir” – deyə, sənəddə qeyd olunur.
Bu xəbər oxucular tərəfindən 1300 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed