Şrift:
Əlirza Amanbəyli:Türklərin bölgədə güclənməsi nə Rusiya, nə Amerika, nə də Avropaya sərf edir
03.10.2013 [11:14] - Güney Azərbaycan xəbərləri, Müsahibə
Elxan Şahinoğlu: «Ruhani ehtiyatlı davranmasa, «Sepah» onu devirəcək»

Əlirza Amanbəyli: «İran prezidenti Qərbin tələblərini yerinə yetirsə, molla rejimi ən mütərəqi rejim kimi dünyaya təbliğ olunacaq»

İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) baş komandanı Məhəmmədəli Cəfəri sentyabrın 30-da jurnalistlərə ölkə prezidenti Həsən Ruhaninin Nyu-York səfəri zamanı ABŞ prezidenti Barak Obama ilə zəngləşməsinə etirazını bildirib.
O deyib ki, Ruhaninin ABŞ prezidenti ilə telefonla danışması taktiki səhv idi və bu telefon danışığı Amerikanın İran qarşısında əməli addımlar atmasından sonraya saxlansaydı, daha məqsədəuyğun olardı: «Amerikanın rəftarına nikbin təsəvvürlə yanaşmağın özü bir növ sadəlövhlükdür. Çünki düşmənin dəyişməsinə hələ çox var. Ruhani Obama ilə görüşmədiyi kimi onunla telefonla danışmaqdan da imtina etməli idi».
İrana qayıtdıqdan sonra üzləşdiyi etirazlara baxmayaraq, Həsən Ruhani ABŞ-a beş günlük səfərindən məmnun qaldığını bildirib. Həsən Ruhani bildirib ki, bu səfər İranla dünya ölkələri arasında konstruktiv qarşılıqlı etimada əsaslanan əlaqələrin inkişaf etdirilməsi baxımından mühüm addım oldu və bu istiqamətdə mühüm addımlardan digəri ABŞ və İran xalqları arasında əlaqələrin düzəlməsi olacaq.
Hər iki açıqlama bu gün İranda Qərb və ABŞ-la münasibətlərə baxışda ciddi ziddiyyətlərin olduğunu bir daha təsdiq edir.


Azərbaycan Milli Dirçəliş Hərəkatı Partiyasının Güney Azərbaycan Departamentinin rəhbəri Əlirza Amanbəyli bildirdi ki, ümumilikdə İranın yeni prezidenti İran rejiminin ömrünü artırmaq üçün bir mühafizəkar gediş edib: «Bildiyiniz kimi İranın məruz qaldıqı sanksiyalar artıq o rejimin məhvinə aparmaqdadır. Bu səbəblərdən dolayı İranın dini lideri Əli Xamneyi, bu günə qədər bu rejimi ayaqda saxlayan daxili və xarici güclər zahirdə liberal bir simanı ortaya atdılar. Amerika və Avropa ölkələrilə münasibətləri yumşaltmağa başladılar. Amma bu yumşalma və liberallıq maskası İranın daxilində fərqli proseslərə rəvac verdi. Ruhani prezident seçiləndən dərhal sonra İranda və Güney azərbaycanda edamlar və siyasi və milli fəalların həbsi daha da şiddətləndi. Mənim fikrimcə, Amerika və ya başqa güclər İran rejimindən yanlız öz mənafelərini tələb edirlər. Onlar üçün İran adlanan ölkədə insan haqları və millətlərin azadlığı önəmli deyil. Əgər bu gün Ruhani Amerikanın və Qərbin tələblərini yerinə yetirsə, molla rejimi ən mütərəqi rejim kimi dünyaya təbliğ olunacaq. Amma İranda radikal düşərgələr Amerika ilə münasibətlərin yaxşılaşmasına razı deyillər. Buna görə də «Sepah»ın komandanı və bəzi mühafizəkar qanadın tərəfdarları Ruhaninin ABŞ-la münasibətlər qurmasına qarşı çıxırlar».
İranın Amerika ilə münasibətləri türklərin durumunu təhlükə altına alır”

Türklərin bölgədə güclənməsi nə Rusiya, nə Amerika, nə də Avropaya sərf edir.BayMedia-ya açıqlamasında belə deyən Azərbaycan Milli Dirçəliş Hərəkatı Partiyasının Güney Azərbaycan Departamentinin rəhbəri Əlirza Amanbəyli bildirib ki, regionun türkləşməsi, türk dövlətlərinin sayının artması və güclənməsi bütün dünyanın türk dövlətlərindən asılı olmasına gətirib çıxara biləcəyindən vahiməyə düşürlər: “Əgər İran rejiminin Amerika və Avropa ölkələrilə münasibətləri normallaşsa, Güney Azərbaycan türklərinin və başqa qeyri-fars millətlərin durumu çox ciddi təhlükə altına düşəcək”.




«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə hesab edir ki, İranda üçtirəlik var: «Ali dini lider, prezident və «Sepah» fərqli mövqedədirlər. Ruhani Obamadan görüşdən imtina etdikdə mənə aydın idi ki, o, ABŞ-la danışıqlar üçün dini liderdən xeyir dua alsa da «Sepah»dan çəkinir. Görüş bir yana, sadəcə telefonla danışıq da «Sepah»ı qıcıqlandırıb. «Sepah» onu bu məsələdə hər yerdə izləyəcək. Ruhani özünü Qərbə nə qədər islahatçı kimi göstərməyə çalışsa da, addımlarında ehtiyatlı olacaq. Əks halda, hətta mən belə bir proqnoz verə bilərəm ki, «Sepah» hətta onu devirə bilər».
Elxan Şahinoğlu diqqətə çatdırdı ki, Həsən Ruhani son açıqlamaları və addımları ilə Qərbin, Amerikanın simpatiyasını qazanmağa müəyyən qədər nail olub: «Ancaq bu o demək deyil ki, Ruhani heç bir addım atmasa, ona olan simpatiya yerində qalacaq, yaxud artacaq. ABŞ-ın, Qərb dünyasının inamını qazanmağın şərtləri var. Bütün nüvə mərkəzləri beynəlxalq ekspertlər üçün açılmalı, Tehran nüvə silahı yaratmayacağına dair təminatlar verməlidir. Məhz bundan sonra sanksiyaların götürülməsi istiqamətində müəyyən addımlar atıla bilər. Ancaq Ruhani oyun oynamağa, vaxt udmağa çalışacsa, o halda yenə də İrana inam olmayacaq və Ruhaniyə indiki müsbət yanaşma dəyişəcək».
Ekspertin sözlərinə görə, ABŞ-İran münasibətlərinin dəyişməsində İsrail amili də vacib rol oynayır: «Çünki ABŞ-ın əsas məqsədi bölgədə İsraili qorumaq, onun təhlükəsizliyinin təminatını gücləndirməkdir. İsrailin təhlükəsizliyinə ziyan vuracaq bir nömrəli ölkə isə İrandır. İsrail Amerikanın İranla yaxınlaşmasından çox narahatdır. Bu baxımdan Obamanın da manevr imkanları geniş deyil. Çünki Ağ Ev İsrailin də maraqlarını hər zaman diqqətdə saxlamalıdır. İsrailin İrandan ehtiyat etməsi səbəbsiz deyil. İran konstitusiyasında İsrailin dövlət olaraq yoxluğu vurğulanır. Ona görə Amerika-İran yaxınlaşması baş tutsa, İsrail ABŞ-dan tələb edəcək ki, o, İrandan real addımların atılmasını istəsin. Ruhani bu addımları atmasa, ona olan indiki baxışlar qısa müddətdə dəyişə bilər».
Politoloq Elnur Eltürk diqqətə çatdırdı ki, xarici siyasətlə bağlı ziddiyyətli bəyanatlar onu göstərir ki, İran rejimi daxilində ikitirəlik davam etməkdədir: «İranda elə bir sistem mövcuddur ki, hansısa yeniliyə doğru addım sərt qarşılanır. Ölkədə mühafizəkarlıq və sərt idarəçilik sistemi güclüdür. İran dini despotik dövlət olduğu üçün əsas qərarlar dini rəhbər tərəfindən verilir. Dini rəhbər nə deyirsə, eyni siyasət həyata keçirilir. Prezident formal status daşıyır. Üstəlik, İran parlamenti və güc strukturları dini rəhbərin nəzarəti altındadır. Əslində, Ruhani gözəl anlayır ki, Suriyada Əsədin hakimiyyətdən getməsindən sonra, İranın vəziyyəti daha da çətinləşəcək. Ona görə Amerika ilə dil tapmağa çalışır. Eyni zamanda Ruhani Qərblə münasibətləri yumşaldaraq, daxildə güneyli soydaşlarımızın milli hərəkatına basqıları artırıb. Bir daha şahidi oluruq ki, onun azərbaycan türkləri ilə bağlı seçkiqabağı vədləri sadəcə söz yığını imiş».
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) funksioneri Əli Orucov diqqətə çatdırdı ki, İranda mühafizəkarların mövqeləri hələ də güclüdür: «Reallığı qiymətləndirə bilən insanların azlığı Ruhanini mövqelərini möhkəmləndirməyə və açıq siyasət yürütməsinə imkan vermir. İranda on illər boyu ABŞ və İsrailə ideoloji bir münasibət formalaşıb. Odur ki, İranla Qərbin dialoqunun nəticə verəcəyi mümkün görünmür. Tərəflər bir-birlərinə səmimi deyilllər və qarşılıqlı inamsızlıqlar dərindir».

Əli
Bu xəbər oxucular tərəfindən 1461 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed