Şrift:
Azərbaycanlı heykəltəraş Əskişəhərdə Çingiz Aytmatovun büstünü qoyacaq
07.10.2013 [12:29] - Türk dünyası-Turan, Mədəniyyət
Azərbaycanlı heykəltəraş Sənan Eynullayev Əskişəhərdə məşhur qırğız yazıçısı Çingiz Aytmatovun büstünü qoyacaq. Bu barədə məlumat verən S. Eynullayev deyib ki, Türkiyənin ən böyük reklam şirkətlərindən biri ilə imzaladığı müqavilədə 2013-cü il türk dünyasının paytaxtı seçilmiş Əskişəhərdə Ç. Aytmatovun büstünün qoyulması da nəzərdə tutulub: “Altı il əvvəl Çıngiz Aytmatovun İstanbulda rusca çıxmış 8 cildliyinə illüstrasiyaları mən çəkmişdim. Reklam şirkəti o işimi bəyəndiyinə görə Aytmatovun Əskişəhərdəki büstünün qoyulmasına dair müqaviləni də mənimlə imzalayıb. 21-23 noyabr tarixlərində Əskişəhərdə türk ölkələri arasındakı mədəniyyət əlaqələrini gücləndirmək üçün beynəlxalq toplantı keçiriləcək. Büstün o vaxt açılması gözlənilir”.



Qeyd edək ki, 1956-cı ildə Bakıda anadan olan Sənan Eynullayev Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini və Əlibəy Hüseynzadə adına İncəsənət Universitetində Mikayıl Abdullayevin sinfini bitirib. Yaradıcılıq işlərinə 1993-cü ildən bəri İstanbulda davam etməkdədir. Türkiyənin bir çox şəhərində fərdi rəsm və heykəl sərgiləri açan Sənan Eynullayev Hollandiya, İspaniya və Yaponiyada müqavilə bağladığı sənət qalereyaları ilə daimi əməkdaşlıq edir. Sənətkar 2006-cı ildə Ceyhan limanında Heydər Əliyevin mozaika panoramasını yapıb. İstanbuldakı Polis Təhsil və Toplantı Mərkəzində 12 bal mumu heykəlinin, Çanakkale, Konya, Ankaradakı heykəl komplekslərinin müəllifi olan Sənan Eynullayev, İstanbulun Əsənyurt bələdiyyəsinin sifarişi ilə bir neçə il əvvəl tarixdəki 16 böyük türk dövlət xadiminin heykəllərini hazırlayıb.
Bu xəbər oxucular tərəfindən 1038 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed