Şrift:
Azərbaycanda hərbi xidmətə çağırışda yenilik
07.10.2013 [13:20] - Sosial, Hərb
Əvvəllər ilkin hərbi uçota götürülərkən və ya hərbi xidmətə çağırılarkən, vətəndaşın hərbi xidmətə müvəqqəti yararsızlığı haqqında qərar 3 aydan 12 aya qədər olan müddətə çıxarılırdı. Bu müddət başa çatdıqdan sonra vətəndaş təkrar şəhadətləndirilmə keçir və hərbi xidmətə çağırıla bilərdi. Bundan sonra isə sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə veriləcək. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılacaq, ya hərbi xidmətə yararsız hesab edilərək hərbi uçotdan çıxarılacaq, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçiriləcəklər.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bu barədə hökumətin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"də dəyişiklik edilib.

Əsasnaməyə bir sıra digər dəyişikliklər də edilib. Məsələn, ilkin hərbi uçota götürülərkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsini cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloqlarla yanaşı, dermatoveneroloq, psixoloqlar da keçirəcəklər.

İlkin hərbi uçota götürülmə üzrə komissiya sədrinin qərarı ilə ilkin hərbi uçota götürülərkən vətəndaşların hərbi-uçot ixtisasları üzrə hazırlanmasını həyata keçirən ictimai təşkilatlarda təhsil almağa, habelə onların nəqliyyat vasitələrini idarə etməyə yararlılığı müəyyən ediləcək.

Vətəndaşların ilkin hərbi uçota götürülməsi üzrə komissiyanın, Çağırış komissiyasının və ya hərbi komissarın qərarı ilə vətəndaş diaqnozun dəqiqləşdirilməsi, yaxud müalicə məqsədi ilə dövlət səhiyyə müəssisələrinə ambulator və ya stasionar müayinəyə və müalicəyə göndəriləcək.

Hərbi xidmətə (orqanlarda xidmətə) könüllü daxil olan vətəndaş xəstəliyin diaqnozunun dəqiqləşdirilməsi üçün ambulator və ya stasionar tibbi müayinəyə göndəriləcək.

Tibbi baxış və nəzarət qaydasında şəhadətləndirilmə Respublika Çağırış Komissiyasının qərarı ilə cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermatoveneroloqlarla yanaşı psixoloq və zərurət olduqda digər ixtisaslardan olan həkim-mütəxəssislər tərəfindən həyata keçiriləcək.

Hərbi xidmətə (orqanlarda xidmətə) könüllü daxil olan vətəndaşların şəhadətləndirilməsini cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermato veneroloqla yanaşı, bundan sonra psixoloq və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən müəyyən edilmiş zəruri hallarda digər ixtisaslardan olan həkim-mütəxəssislər keçirəcəklər.

Hərbi-həkim komissiyasının qərarı ilə bundan sonra birmənalı olaraq xəstəliyə görə 30 gün müddətinə məzuniyyət veriləcək. Bu müddət qurtardıqdan sonra hərbi-həkim komissiyasının qərarı ilə xəstəliyə görə məzuniyyət yenə bu müddətə, müvafiq tibbi göstərişlərə görə daha bir dəfə artırılır. Çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçunun xəstəliyə görə məzuniyyəti ayrı-ayrı hallarda 60 gündən artıq olmayaraq uzadılacaq.

Hərbi-həkim komissiyası hərbi qulluqçunun xidməti vəzifələrinin icrasından 7 gündən 14 günədək tam və ya qismən azad edilməsi barədə qərar çıxaracaq. Hərbi-həkim komissiyası hərbi qulluqçunun xəstəliyə görə azad edilməsinin zəruriliyi haqqında təkrar qərar çıxaracaq, lakin azadedilmənin ümumi müddəti 30 gündən artıq olmamalıdır.

Hərbi-həkim komissiyası hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulardan başqa) və onun ailə üzvlərinin stasionar müalicəsini davam etdirmək üçün bir tibb müəssisəsindən başqa tibb müəssisəsinə keçirilməsi haqqında qərar çıxaracaq.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaş xəstəliyin diaqnozunun dəqiqləşdirilməsi üçün ambulator və ya stasionar tibbi müayinəyə göndəriləcək. Şəhadətləndirilməni cərrah, terapevt, nevropatoloq, oftalmoloq, otorinolarinqoloqlarla yanaşı bundan sonra stomatoloq, dermatoveneroloq, psixoloq və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən müəyyən edilmiş zəruri hallarda isə digər ixtisaslardan olan həkimlər keçirəcəklər.

Hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlar dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvəllər müəyyən edilmiş diaqnoz dəyişdirildiyi və ya onların sağlam hesab edildikləri halda təkrar şəhadətləndiriləcəklər.

Səbəbindən və vaxtından asılı olmayaraq, hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən, orqanlarda xidmətdən buraxılarkən şəhadətləndirilmə keçməmiş və ya buraxılma anında hərbi həkim komissiyasının onlar barəsində çıxardığı qərarla razılaşmayan vətəndaşlar, hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxılma anı üçün hərbi xidmətə (orqanlarda xidmətə) yararlılıq kateqoriyasının təyin edilməsi məqsədi ilə hərbi-həkim komissiyaları tərəfindən şəhadətləndiriləcəklər.
Bu xəbər oxucular tərəfindən 1379 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed