Şrift:
Avropa Parlamentində Azərbaycana qarşı təxribat baş verib
07.10.2013 [16:02] - Xəbərlər, Gündəm
"Tədbirdə bir nəfər "talışların lideri Əlikram Hümmətov İrəvanda olduğu üçün burada iştirak etmir, mən onu təmsil edirəm” deyib"

Siyasət Avropa Parlamentində təşkil olunmuş “Azərbaycanda prezident seçkiləri: Odlar yurdu üçün hansı gələcək?” adlı seminarda Azərbaycana qarşı planlaşdırılmış təxribat olub.
Bunu seminarda iştirak etmiş azərbaycanlı deputatlar Fuad Muradov, Çingiz Əsədullayev və Asim Mollazadə bu gün Milli Məclisdə keçirdikləri mətbuat konfransında bildiriblər.

Qeyd olunub ki, Belçikanın paytaxtı Brüsseldə keçirilən “Azərbaycanda prezident seçkiləri: Odlar yurdu üçün hansı gələcək?” adlı seminarda tədbirin mövzusuna zidd olaraq mövzu etnik separatizm, ora dəvət olunan bəzi separatçı təşkilatların Azərbaycanda etnik ayrı-seçkiliklə bağlı mövzuları olub: “Guya Azərbaycanda etnik ayrı-seçkilik baş alıb gedir, milli azlıqların hüquqları pozulur və s. Burada məqsəd Azərbaycanı Avropaya inteqrasiya yolundan separatizm vasitəsilə döndərməkdir. Bunun təxribat olduğunu bildirdik. Təbii ki, biz seminarın adına uyğun olmayan bu müzakirələrin keçirilməsinə etiraz etdik və Azərbaycana qarşı bu iddiaların əsassız olduğunu bildirdik”.

A.Mollazadə bildirib ki, hətta orada bir nəfər qalxıb üzr istəyərək deyib: “Talışların lideri Əlikram Hümmətov irəvanda olduğu üçün özü burada iştirak etmir, mən onu təmsil edirəm”.

Azərbaycanlı deputatlar bildiriblər ki, seminarda səslənən bu müzakirələrə kəskin etirazlarını bildiriblər. Qeyd ediblər ki, Azərbaycan demokratik, dünyəvi ölkədir və bu gün dünyada tolerantlıq nümunəsi kimi tanınır: “Ölkəmizdə yaşayan milli azlıqlar, dinlər bərabər hüquqa malikdirlər. Bunun üçün kifayət qədər hüquqi baza mövcuddur”.

Deputatlar dünya azərbaycanlılarına da çağırış ediblər ki, Avropada baş verən bu cür hadisələrə qarşı həssas olsunlar.
Bu xəbər oxucular tərəfindən 773 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed