Şrift:
Necə səs verirlər və necə sayırlar?
08.10.2013 [14:01] - Xəbərlər, Gündəm
MSK-nın üzvü Qabil Orucov rəsmi dövlət qəzeti “Azərbaycan”ın 8 oktyabr sayında “Səsvermə qaydası, seçkilərin nəticələrinin müəyyənləşdirilməsi və ictimailəşdirilməsi” adlı yazı ilə çıxış edib. O qeyd edir ki, məntəqə seçki komissiyalarının üzvləri səhər saat 7-də seçki məntəqəsinə gəlməli, vəziyyətlə tanış olmalı, daha sonra Seçki Məcəlləsinin 104.5-ci maddəsinə əsasən saat 07:50-də məntəqə seçki komissiyasının sədri seçki məntəqəsini açıq elan etməli, seçki komissiyasının üzvlərinə, orada olan seçicilərə, müşahidəçilərə boş seçki qutularını göstərib möhürləməli, saat 08:00-da səsvermənin başlandığını elan etməlidir.

Səsverməyə gəlincə, MSK üzvü yazır ki, məntəqə seçki komissiyasının bir üzvü seçki məntəqəsinin girişində dayanaraq məntəqəyə daxil olan vətəndaşların seçici vəsiqələrini, şəxsiyyət vəsiqələrini və ya şəxsiyyəti təsdiq edən digər sənədləri, onun sol əlinin baş barmağının dırnaq və dərisinin bir hissəsinin əvvəlcə xüsusi maye ilə işarələndiyini müəyyən etmək üçün ulturabənövşəyi lampadan istifadə etməklə yoxlayır və içəri daxil olmağa icazə verir: “Bu cür işarələnmə müəyyən edilərsə, seçiciyə seçki bülleteni verilmir. Bu cür işarələnmənin aşkar edilməsi seçicinin artıq səsvermədə iştirak etdiyi kimi başa düşülür və onun ikinci dəfə səs verməsinin qarşısını alır.

Məntəqə seçki komissiyasının digər üzvü seçicinin adının seçici siyahısında olduğunu yoxlayır və ona seçki bülleteni verir. Əgər seçici barmağının işarələnməsindən imtina edərsə, ona seçki bülleteni verilməyəcəyi izah olunmalıdır. Seçici razılaşmadığı təqdirdə ondan seçki məntəqəsini tərk etmək tələb olunmalıdır.

Səsvermə otağına daxil olan seçici ilkin olaraq seçici siyahısına məsul olan komissiya üzvünə yaxınlaşır, şəxsiyyət vəsiqəsini və ya onu əvəz edən sənədi təqdim edir. Bundan sonra seçicinin adı seçicilər siyahısında tapılır və öz adı, soyadı və atasının adı qarşısında imza edərək seçki bülleteni alır. Məntəqə seçki komissiyasının üzvü Seçki Məcəlləsinin 104.7-ci maddəsinin tələbinə uyğun olaraq mütləq qaydada təqdim olunmuş şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədlərin seriyası və nömrəsini seçicilər siyahısına qeyd etməlidir. Seçici isə öz növbəsində bülleteni alarkən və imza edərkən bu yazıların düzgünlüyünü yoxlaya bilər.

Seçki bülleteni almış seçici şəxsən və təklikdə səs verməlidir. Seçici səsvermə kabinetinə daxil olaraq öz səsvermə hüququnu reallaşdırmalıdır. Səsvermə kabinetinə digər şəxsin daxil olmasına yol verilmir. Seçici yalnız bir namizədə səs verə bilər. Bunun üçün o, səs verdiyi namizədin adı qarşısındakı qrafada şərti olaraq müəyyən edilmiş X işarəsi qoymalıdır. Əgər seçici birdən artıq namizədin və ya heç bir namizədin adı qarşısında işarə qoymazsa, bu halda onun səsi etibarsız hesab ediləcək. Seçici səsvermə kabinetində öz səsvermə hüququnu ifadə etdikdən sonra seçki bülletenini yarıdan qatlamaqla seçki qutusuna yaxınlaşıb bülleteni ora atmalıdır”.

MSK üzvü qeyd edir ki, səsvermə müddəti başa çatdıqdan sonra səslərin hesablanması başlanır: “Birinci olaraq daşınan, sonra isə daşınmaz seçki qutuları açılır. Qutular açıldıqdan sonra hər iki qutuda olan seçki bülletenlərinin, müəyyənləşdirilmiş formada olan seçki bülletenlərinin, hər bir namizədə verilmiş səslərin sayı müəyyən edilir. Nəticədə səslərin hesablanması və səsvermənin nəticəsi haqqında protokollar tərtib edilir.

Məntəqə seçki komissiyaları tərəfindən tərtib edilərək göstərilən protokollar Seçki Məcəlləsinin 106.7-ci maddəsinə əsasən, dərhal, lakin 24 saatdan gec olmayaraq DSK-lara çatdırılır. DSK-lar bu məlumatlara əsasən öz yekun protokollarını tərtib edərək onları müvafiq sənədlərlə birlikdə iki gündən gec olmayaraq MSK-ya təhvil verirlər. MSK Seçki Məcəlləsinin 203.1-ci maddəsinə müvafiq olaraq 10 gündən gec olmayaraq seçkilərə yekun vurur və nəticələri təsdiq olunmaq üçün Konstitusiya Məhkəməsinə təqdim edir.

İlkin nəticələr MSK tərəfindən dərhal cədvəl şəklində dərc edilir və internet səhifəsində yerləşdirilir. Daha sonra Seçki Məcəlləsinin 109.2,109.4 və 109.5-ci maddələrində təsbit olunduğu qaydada MSK, DSK və MnSK-lar tərəfindən səsvermənin yekunları dərc olunaraq geniş ictimaiyyətin diqqətinə çatdırılır”.
Bu xəbər oxucular tərəfindən 1041 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed