Şrift:
Hərbi ekspert Səfər Əbiyevdən şikayət yazıb
08.10.2013 [14:32] - Gündəm, Hüquq
Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Yaşar Cəfərli baş prokuror Zakir Qaralova və milli təhlükəsizlik naziri Eldar Mahmudova məktub yazaraq müdafiə naziri Səfər Əbiyevdən şikayətlənib.

Yaşar Cəfərli yazır ki, qanuna əsasən, 15 təqvim ili və daha çox xidmət etmiş zabit və gizirlər, o cümlədən ehtiyatda olanlar daimi yaşayış sahələri ilə təmin olunmalıdırlar: “Zabit və gizirlərin qanunla nəzərdə tutulmuş bu hüquqları həyatını hərbi təhlükəsizliyə və müdafiəyə həsr etmiş vətəndaşlar qarşısında götürülmüş öhdəlikdir. Müstəqilliyimizin bərpa edilməsindən 21 ildən çox vaxt ötsə də, dövlət hərbi qulluqçuların böyük bir qismi qarşısında götürdüyü bu öhdəliyi hələ də yerinə yetirməyib. Müdafiə naziri vəzifəsini tutduğu 19 il ərzində general-polkovnik Səfər Əbiyev hərbçilərin və onların ailələrinin hüquqlarını pozan, onlara küllü miqdarda maddi ziyan vurulması ilə nəticələnən qərarlar qəbul edib və Azərbaycan Respublikasının Konstitusiyanın, qüvvədə olan digər qanunların tələblərinə zidd olan əmrlər imzalayıb.

Səfər Əbiyev 1998-ci ildə döyüş bölgəsində xidmət edən hərbi qulluqçulara üçqat əməkhaqqının ikiqat əməkhaqqı ilə əvəzlənməsi barədə qanuna zidd əmr verib. Nəticədə bu qanunsuz əmrin qüvvədə olduğu 7 il ərzində minlərlə hərbçiyə və onların ailə üzvlərinə xeyli miqdarda maddi ziyan vurulub. İmzaladığı əmrin konstitusiyaya və qanuna zidd olduğunu bilə-bilə əmri ləğv edib qanunun tələbinə uyğunlaşdırmaq əvəzinə Səfər Əbiyev tutduğu vəzifədən sui-istifadə edərək 7 ildən sonra qanunun müddəasının öz əmrinin tələbinə uyğunlaşdırmasına nail olub. Bu 7 il ərzində pozulmuş hüquqlarını məhkəmə qaydasında bərpa etmək istəyən hərbçilərin iddiaları isə bir mənalı şəkildə rədd edilir.

Nazirin hərbi xidmət dövründə istifadə edilməyən məzuniyyətlər əvəzinə pul kompensasiyalarının ödənilməsinə dair 2012-ci ildə imzaladığı əmr isə konstitusiyanın tələblərinə ziddir və vətəndaşların bərabərlik hüququnu pozur. Səfər Əbiyev hərbçilərin xeyrinə çıxarılmış və qanuni qüvvəyə minmiş 20-dək məhkəmə qətnamələrini uzun illər ərzində icra etməkdən imtina edir, hətta Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən məhkəmə qətnamələrinin icra edilməsinə dair çıxarılmış qərarlara açıq-aşkar hörmətsizlik nümayiş etdirərək, onların yerinə yetirilməsinə maneçilik törədir”.

Məktubda vəzifələr üzrə irəli çəkilmə və növbəti rütbələrin verilməsi zamanı zabitlərin hüquqlarının kobud şəkildə pozulduğu, kadr siyasətində korrupsiya üçün münbit şərait yaradıldığı da vurğulanır. Sonda hərbi ekspert qeyd edir ki, 2013-cü il yanvarın 27-də general-polkovnikin 63 yaşı tamam olub: “Azərbaycan Respublikasının qanunvericiliyi ilə general-polkovniklər üçün həqiqi hərbi xidmətdə olmağın son yaş həddi 63 yaş müəyyən edilib. Göründüyü kimi, 27 yanvar 2013-cü ildən Səfər Əbiyevin müdafiə naziri postunda qalmasının hüquqi əsası yoxdur. Bu baxımdan onun verdiyi şifahi sərəncam və göstərişlər, imzaladığı sənədlər qanuni sayıla bilməz”.

Yaşar Cəfərli Baş Prokurorluğu və Milli Təhlükəsizlik Nazirliyini qaldırdığı məsələlər barədə tədbirlər görməyə çağırır.
Bu xəbər oxucular tərəfindən 1356 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed