Şrift:
Müstəqillik ölçüsü
17.10.2013 [15:28] - Gündəm, Türk dünyası-Turan, DAVAMın yazıları
Oktyabrın 18-də Quzey Azərbaycanın müstəqilliyindən 22 il ötür

Müstəqillik kutsal (müqəddəs) duyğudur. Bütün gözəl, bənzərsiz, kutsal işlər insandan hünər istəyir. Ona görə də zaman səviyyəsində yaşayıb fərdi, xəlqi və dövləti müstəqilliyə tam çatmaq mümkün deyil.
Müstəqillik əzəli istəkdir: öncə fərdin içinə gələn, sonra xalqın. Müstəqil fərd varsa, müstəqil xalq da var. Müstəqillik başlıca olaraq mənəvi duyğudur. Fərdlər xalq kimi müstəqil olmağı düşünəndə onun uğrunda çarpışır və ölür. Müstəqilliyi quranlara – fədakarlara, təmənnasızlara, vicdançılara – candan onu gerçəkləşdirənlərə yalnız müstəqillik duyğusunun verdiyi güc, mənəvi həzz, fərəh yetir. İnsan bu duyğunu gözləri yaşarıncaya qədər yaşaya bilir.
İstənilən zaman, gerçəklik hər anlamda müstəqiliyə qarşıdır. Zaman ağalıq-nökərlik, siyasət, təbəqəçilik dairəsini qoruyur, həm də insana, xalqa, dövlətə yarayan görünür. Gerçəklik isə onu yenən, ondan üstün olan şəxsi, ulusu, dövləti özünə qarşı sayır...
***
Dövlət ciddi, son dərəcə gərəkli hadisədir. "Azərbaycan dövləti" anlayışı hər birimiz üçün ülvi, müqəddəs düşüncə mövzusu və işidir.
Fərdin müəyyən bir düşüncəyə çatması həmin ülvi düşüncədə olan başqa fərdlə mənəvi birliyini yaradır. Xalq beləcə təsdiq olunur. Çünki "Xalq yetkin fərdlərin birliyidir" (İnam Ata), o, daim mahiyyət üstə mənəvi yenilənməyi, zənginləşməyi tələb edir.
Yüzillər boyu xalqın mədəniyyət sistemi yaranır, ancaq hansısa dönəmdə yaratdıqlarını yel aparır. Bu sərvəti bir yerə toplayan, xalqın yaratdıqlarını və xalqın özünü qorumaq üçün bənzərsiz bir quruma gərək olur. Bu qurum – Dövlətdir! Dövlət qurmaq isə hər millətin bəxtinə düşmür.
“Müstəqillik” adlı uca istəyin nisbi gerçəkliyini yaratmaqla da iş bitmir. Nisbi müstəqillik ömürlərin, istəklərin nisbiliyindən, yəni yarımçıqlığından yaranır. İstəyə bərabər iş olmayanda müstəqillik də bütöv gerçəkləşmir, ömürləşmir...
22 il müstəqil ölkə kimi özünütəsdiq baxımından qısa zaman olsa da, az vaxt da deyil.
Mən müstəqilliyə başlıca olaraq mənəvi yöndən yanaşıram. Şəxsin mənəvi müstəqilliyi yoxdursa, o, ən ideal müstəqil ölkədə yaşasa belə – müstəqil olmayacaq. Dövlətin və fərdin müstəqilliyi bir-birində təzahür olunur, bir-birində təsdiqlənir. Bu baxımdan, yurdumuzda 22 ildə müstəqil fərdlərin, aydınların yaranması prosesi yavaşıdı, görünmədi...
***
Müstəqillik fərdin içində, ağlında, ruhunda yarananda, yaşadılanda var olur. Belə olmayanda dövlətin təəssübünü çəkməkdən çox dövlətdən ummaq ənənəsi yaranır: şəxs dövləti hər anlamda özünə xidmətçi görmək istəyir. Halbuki fərd özünü yetkin xalqın timsalı, bu səbəbdən də dövlətin özülü, qoruyucusu, onun fədakarı saymasa, dövlət onu qoruya bilməz.
Hələ 22 il qabaq Asif Ata siyasi, iqtisadi və mədəni müstəqilliyi belə görürdü: "Siyasi müstəqillik – heç bir dövlətdən asılı olmamaq. İqtisadi müstəqillik heç bir dövlətin iqtisadiyyatından asılı olmamaq. Mədəni müstəqillik heç bir dövlətin mədəniyyətindən asılı olmamaq. Müstəqil insan gərək Yurda – öz insani mahiyyətinə inanan, özünü tanıyan, uca idrak, mənəviyyat, iradə sahibi”.
Mahiyyətcə xalqların ömrü insanların ömrünə oxşayır. Xalqlar da bir-birlərindən tale, aqibət baxımından fərqlənirlər. Bütün dəbdəbəli fikirlərə, bəşər tarixinin möhtəşəm görüntüsünə baxmayaraq, dünya tarixi qan-qada, çəkişmələrlə doludur. Dünyada ruhsuzluq, ümidsizlik baş alıb gedir, durmadan artır.
Zamana, şəraitə dov gələ bilməyən xalq gerçəklikdən üstün ola bilmir, fəlakətə tuş gəlir. Fəlakətli ömür yaşayan xalqın özünə gəlməsi çox çətin olur.
***
Böyük faciə millət üçün ölümə bərabər məqamdır: çox zaman o, millətin əl-qolunu soyudur, dirənişini qırır. O millət yaşayır ki, qarşılaşdığı faciədən başını itirmir, əksinə, fəlakətindən güc alır.
Azərbaycanın indiki müstəqilliyi kapitalizmin, dünyanın çox çirkin, təlatümlü, qarışıq zamanına düşdü. Şübhəsiz, zamandan uca millət, dövlət heç zaman sarsılmamalıdır. Biz hələ xalq və dövlət olaraq sarsıntılarımızı ötməmişik. Dünyada milliliyə qarşı dəhşətli savaş gedir və çox zaman antimillilik milliliyi üstələyir. Bu baxımdan, bir vaxtda müstəqillik qazanmış türk ölkələri arasında hələ də doğruçu birlik yaranmaması ağrıdıcıdıdr.
1918-20-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Cümhuriyyətinin çöküşü dövlətçilik tariximizin kədərli səhifəsidir. Belə bir gündə Azərbaycan Xalq Cümhuriyyətini quran uca insanları sayğıyla anırıq.
Müstəqillik dönəmində təhsil sahəsində də öz yönümüz yaranmadı. Milli təhsilimizin daha ciddi yaranması ilk olaraq insan amili, onun dəyərləndirilməsi ilə bağlıdır. İnsan məktəblərdə yetişməli, tərbiyələnməli və xalq olmalıdır. O deməkdir ki, təhsil müəssisəsi məbədə çevrilməlidir.
***
Əxlaq – İnsanın İnsanilik tələbi əsasında yaşamasıdır. Dövlət hər an əxlaq qoruyucusu olmalıdır. Bu, onun müqəddəs görəvlərindən biridir. Təəssüf ki, ötən 22 ildə Azərbaycan toplumu əxlaq baxımından ciddi, həlli son dərəcə çətin olan problemlər yaşadı və yaşamaqdadır. Qərbin qloballaşma dalğasıyla ruhumuza, mənəviyyatımıza, əxlaqımıza qarşı açıq təcavüz davam etməkdədir. Biz xalq olaraq əgər bununla barışırıqsa, demək, dirəniş göstərmək səbəbini itirmişik. Demək, “milli mentalitet” dediyimiz hal – milli özünəməxsusluq yoxdur, itib! Yüzillərlə qazandığımız mənəvi sifətimizi belə tezliklə itirmişiksə, bəs illər sonra aqibətimiz necə olacaq? Müstəqilliyin başlıca rəmzlərindən biri ulusal özünəməxsusluqdur, milli simadır, yabançılaşma deyil.
22 ildə milli mədəniyyətimizdə də qayğılarımız artdı. Bu gün milli mədəniyyətin bizə nə qədər gərəkli olduğundan danışılsa da, çox hallarda özgələşməyə qarşı dirəniş yaranmır, yalançı, ötəri müqavimətin əslində özgələşməyə xidmət etdiyi aydınlaşır.
Bu dönəmdə müxtəlif yaradıcılıq sahələrində özümlükdən daha çox özgəliklər artdı. Ədəbiyyatımızda yeni fikir, söz əvəzinə xəlqi ənənədən uzaqlaşma başlıca yön oldu. Əsərlərində nifrət etdiklərinə həyatda məhəbbət bəsləyənlərin sayı artdı. “Dünyaya oxşayaq” dedilər: çox hallarda özümüzə oxşamaq hətta qəbahət, qabaqcıllığa qarşı çıxmaq, gerilik sayıldı.
Ədəbiyyatda, musiqidə, rəssamlıqda, ümumən yaradıcılığın bütün sahələrində çalışanların şəxsində millilik çalarları getdikcə azaldı. Bütün yaradıcılıq yönlərində Qərbin yüz il öncə getdiyi yollar yamsılandı və bu, yenilik sayıldı. “Azərbaycan ənənəsi” anlayışının özü yoxa çıxmaq təhlükəsi ilə üz-üzə qaldı.
22 ildə Azərbaycanda ziyalı (aydın) qıtlığı yaşandı. Müstəqilliyə qədər azdan-çoxdan xalqın içində ziyalılıq havası var idi. Müstəqilikdən sonra bu hava seyrəlməyə başladı və indi artıq yoxa çıxmaqdadır. Bunca tez tükənmək aydınlıq göstərici ola bilməz.
***
Müstəqilliyin sabahkı şərti Yurdumuzda özümüzəməxsus inamımızın – dünyabaxışımızın bərqərar olması ilə bağlıdır. Mütləqə İnamın örnəyində artıq belə bir dünyabaxışımız 35 ildir var. Ümumən Asif Ata ideyalarının, Mütləqə İnam Ocağının dövlətimizin müstəqillik qazanmasında böyük, danılmaz yeri var.
Üzümüzü daim özümüzə tutmalıyıq ki, özümləşək, özgələşməyək. Həmişə fəxrlə deyirik ki, ölkəmizdə çoxlu inanclar var. Ancaq bu məsələnin sabahımız üçün necə ciddi problemlər yaradacağını düşünürükmü?
Dövlət-din münasibətlərinin necə həssas olduğu aydındır. Biz Azərbaycana gələn müxtəlif baxışlara qarşı tolerantıq, yəni dözümlüyük. Bəs dünya necə, bizə qarşı tolerantdırmı? Yaxud dünya bizim nəyimizə tolerantdır? Biz dünyaya, başqa xalqlara nə vermişik ki, onlar da bizə dözümlü yanaşsınlar? Sadəcə, içimizə gələn özgəliklərə mətanət, dözüm göstəririk...
Azərbaycan insanının, vətəndaşının dövlətimizə uca, insani münasibətini yaratmaq ilk növbədə vicdançı, fədakar, təmənnasız fərdlərin özünü qurması ilə bağlıdır.
22 il az vaxt deyil. Bu müddətdə nəyisə yarada bilməmişiksə, sarsılmamalıyıq. “Müstəqillk” sözünün, ideyasının, istəyinin gözdən düşməməsi üçün ardıcıl fədakarlıq göstərilməlidir. Bir xalqın başqasının asılılığına düşməsi həmin fədakarlığın olmamasından baş verir.
Müstəqilliyin ən başlıca şərti xalqın, dövlətin özü kimi var olması, başqasına oxşamaması, bənzərsizliyidir. Dünyanın halına uyğun yaşayıb müstəqilliyi var etmək mümkün deyil. Dövlətin əsas məqsədi xalqı, milli dəyərləri qorumaq, dünyada təmsil etməkdir.
Müstəqilik qayğısı heç vaxt bitməyən, insana, xalqa, dövlətə, habelə bəşərə gərəkli müqəddəs istəkdir.
Biz xalq, dövlət kimi sabahlarda var olmaq istəyirikmi? İstəyirikmi gələcəyimiz olsun? O gələcəyi bizə hazır gətirsinlər, yoxsa özümüz yaradaq? Müstəqillər gələcəyi özləri yaradırlar, qeyri-müstəqillər hazır istəyirlər.
Verilən gələcək – gələcək deyil, qurulan gələcək – gələcəkdir!
***
Bu yerdə İnam Atanın (Asif Atanın) “Müstəqil Vətən” idealına nəzər yetirək:
1.Dünyadan asılı olmadığın dərəcədə müstəqilsən.
2. Dünyaya gərək olduğun dərəcədə müstəqilsən.
3.Özgədən asılı olmadığın qədər müstəqilsən.
4.Təcridə qabil olduğun dərəcədə müstəqilsən.
5.Qəyyumlardan, hakimlərdən azad olduğun dərəcədə müstəqilsən.
6.Təqliddən azad olduğun dərəcədə müstəqilsən.
7.Bəhrələndirməyin bəhrələnməyinə bərabər olduğu dərəcədə müstəqilsən.
8.Öyrətməyin öyrənməyinə bərabər olduğu dərəcədə müstəqilsən.
9.Özümləşdiyin dərəcədə müstəqilsən.
10.İnsanlaşdığın dərəcədə müstəqilsən.
Müstəqilliyin qaynağı Yurda, Ulusa, Dövlətə özümlü, ulusal inamdan doğan dünyabaxış əsasında bağlanan, varlığını təsdiq etmiş insanlardır. Arxayınlaşa bilmərik. Azərbaycanın bütöv müstəqilliyi bizi gözləyir. Bu isə uzun bir yoldur. Asif Atanın bu sözünü unutmamalıyıq: “Azərbaycan birdir, əgər ikidirsə, o, yoxdur əslində!”
Parçalanmış yurdumuzun bir guşəsində qurduğumuz ölkəmizin müstəqilliyinin 22 yaşı kutlu olsun!
Bu xəbər oxucular tərəfindən 1891 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed