Şrift:
Bakıda 4-cü Avropa Film Festivalı başlanır
24.10.2013 [14:42] - Mədəniyyət
Avropa İttifaqı nümayəndəliyi, Avropa İttifaqına üzv dövlətlərin Azərbaycanda təmsil olunan səfirlikləri “Park Cinema” şəbəkə kinoteatrları ilə birgə oktyabrın 30-dan noyabrın 6-dək Bakıda 4-cü Avropa Film Festivalını keçirəcək.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, festival zamanı Avropa İttifaqına üzv olan 17 ölkədən və Azərbaycandan filmlər nümayiş etdiriləcək, eyni zamanda həmin filmlər barədə ekspertlər və maraqlanan tamaşaçılar arasında dialoq aparmaq mümkün olacaq.

2013-cü ilin Avropa Film Festivalının proqramına 17 Avropa (Avstriya, Belçika, Xorvatiya, Çex Respublikası, Estoniya, Finlandiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Latviya, Litva, Hollandiya, Polşa, Rumıniya, İsveç və Birləşmiş Krallıq) və bir Azərbaycan filminin nümayişi daxildir. Estoniya, Finlandiya və Xorvatiya bu festivalda ilk dəfədir iştirak edir.

Festival “Antibə bir tərəfə billet” İsveç filminin nümayişi ilə açılacaq. Bu filmin rejissoru Riçart Hobert filmi təqdim etmək üçün Bakıya gələcək. Festivalın digər fəxri qonaqları Böyük Britaniyadan ssenarist Pol Freyzer, “Atəşli ürək. Tadas Blinda haqqında əfsanə” Litva filminin operatoru Ramunas Qreysius, Vyanada “Üçüncü Adam” muzeynin direktoru Jerar Ştrassqşvantner, “Xəyalların komandası 1935” Latviya filminin prodüseri Liqa Pipare və administratoru Diana Stepan və digərləri olacaqlar.

Filmlərin nümayişindən sonra tamaşaçılara qonaqlarla interaktiv müzakirələrdə iştirak etmək imkanı yaradılacaq.

Festival Bakıda üç kinoteatrda (“Park Cinema” Park Bulvar, “Park Cinema” Metro Park və “Nizami” kinoteatrı) keçiriləcək.

Hər film 2 sessiya ilə nümayiş etdiriləcək və bütün filmlərə giriş pulsuz olacaq. Biletlər “Park Cinema”nın kassalarından əldə oluna bilər.

Avropa Film Festivalı barədə əlavə məlumatı bu internet səhifələrindən almaq olar: www.eeas.europa.eu/delegations/azerbaijan və ya www.parkcinema.az

Avropa Film Festivalı Azərbaycanda hər il təşkil olunur. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü ilə keçirilən bu festivallarda məqsəd Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasında mədəni əlaqələri inkişaf etdirmək, beləliklə, Avropa dəyərləri haqda anlayışı daha da artırmaqdır.
Bu xəbər oxucular tərəfindən 816 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed