Şrift:
YUNESKO-da Ermənistanın fiaskosu
25.11.2011 [13:47] - Xəbərlər
YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin növbəti 6-cı sessiyası İndoneziyanın Bali adasında öz işinə başlayıb. Azərbaycan Respublikası YUNESKO yanında Daimi nümayəndəliyindən verilən xəbərə görə, noyabrın 23-də İndoneziyanın Bali adasında YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin qorunması üzrə Hökumətlərarası Komitənin növbəti altıncı sessiyası öz işinə başlayıb. Azərbaycan 2010-cu ildən etibarən Komitənin dörd illik müddətinə üzvüdür. Tədbirdə ölkəmizi YUNESKO yanında Daimi Nümayəndəliyin birinci katibi Anar Kərimov, ekspert-musiqişünas Sənubər Bağırova və AR Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Günay Əliyeva təmsil edir.
Sessiyanın birinci günündə qeyri-maddi mədəni irsin təcili qorunma siyahısına nominasiyalar müzakirə edilib. Nominasiyalar arasında Ermənistanın iki nominasiyası – Erməni Aşıq məhəbbət romansı ənənəsi və Erməni su festivalı Vardavar müzakirə edilib. Müzakirə zamanı ölkəmizin nümayəndəsi Ermənistanın təqdim etdiyi nominasiyaların Konvensiyanın müvafiq meyarlarına cavab vermədiyi ilə yanaşı, aşıq sənətinin Ermənistan tərəfindən mənimsəndiyi və nominasiyada Dağlıq Qarabağla bağlı təxribat xarakterli istinadların olduğunu Komitənin üzvlərinə çatdırıb.
Qeyd edilənlərin Konvensiyanın müvafiq müddəalarına zidd olduğu və YUNESKO-nun əsas prioritetlərindən olan mədəniyyətlərarası dialoqa və qarşılıqlı anlaşmaya töhfə vermədiyi vurğulanıb. Ermənistan nümayəndəsinin izahatlarına baxmayaraq, Komitənin əksər üzvləri ölkəmizin ədalətli mövqeyini dəstəkləyərək Ermənistanın iki nominasiyasının qeyri-maddi mədəni irs üzrə təcili qorunma siyahısına daxil edilməsinin əleyhinə çıxış ediblər. Beləliklə, Komitənin müvafiq qərarına əsasən sözügedən iki nominasiya qəbul edilməyib.
Bu xəbər oxucular tərəfindən 1082 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed