Şrift:
Əmək bazarında gərginlik yaşana bilər?
28.10.2013 [10:47] - Gündəm, Sosial, DAVAMın yazıları
Rusiyada baş verən məlum hadisələrdən miqrantların ölkəyə axını artıb. Statistik məlumatlara görə, hazırda Rusiyada təxminən 5-6 yüz min azərbaycanlı miqrant yaşayır. Ekspertlər həmin şəxslərin Vətənə qayıtmasının əmək bazarında gərginliyi artıracağını ehtimal edirlər. Məsələyə münasibət bildirən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bu ehtimalın ciddi reallaşacağını indidən dəqiq söyləməyin tez olduğunu söylədi. Dedi ki, düzdür, hazırda vəziyyət xüsusilə Moskva vilayətində gərgindir. Amma Rusiyanın digər bölgələrində miqrantlara qarşı ciddi təhlükə müşahidə edilmir. Ekspert onu da vurğuladı ki, bütün hallarda hökumətimiz miqrant axınına hazır olmalıdır. Əgər Azərbaycana kütləvi qayıdış baş verərsə, bununla bağlı tədbirlər həyata keçirilməlidir: "Bu tədbirlər həm qısa, həm də uzunmüddətli olmalıdır. Qısamüddətli tədbirlər ondan ibarət olmalıdır ki, ölkəyə qayıdan vətəndaşlara ya işsizlik statusu verilməli, ya da onlar peşə kurslarına cəlb edilməlidirlər. Digər tərəfdən, ölkədə qeyri-neft sektorunda iş yerlərinin sayı artırılmalıdır. Xüsusilə aqrar sektorun genişləndirilməsinə ehtiyac var. Təbii ki, qeyri-neft sektorunun inkişaf etdirilməsi uzunmüddətli tədbirlər planı çərçivəsində həyata keçirilməlidir. Çünki bu gün dövlət büdcəmizin əsasını neft sektorundan əldə olunan gəlirlər təşkil etsə də, bu sektorda iş yerlərinin sayı məhdud səviyyədədir. Bu baxımdan hökumətin əsas hədəfi qeyri-neft sektorunda inkişafa nail olmaqdır. Əks təqdirdə, azərbaycanlı miqrantların geri qayıtması ölkədə işsizlik səviyyəsini maksimum həddə çatdıra bilər".
Günel
Bu xəbər oxucular tərəfindən 976 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed