Şrift:
Avro dolları üstələyir
28.10.2013 [10:53] - Gündəm, İqtisadiyyat, DAVAMın yazıları
Bu həftə Mərkəzi Bank tərəfindən təyin edilən avronun rəsmi məzənnəsi 1,0724 manata bərabər olub. Bu da son 23 ayın maksimal həddi hesab olunur. Sonuncu dəfə 1,07 manat səviyyəsində rəsmi məzənnə 2011-ci ilin noyabrın 15-də qeydə alınıb. Ötən müddət ərzində avronun manata qarşı məzənnəsi kəskin dəyişkənlik nümayiş etdirib. Bir çox ekspertlərin qənaətinə görə, avronun manata qarşı tədricən bahalaşması avronun güclənməsi ilə deyil, ilk növbədə, ABŞ dollarının zəifləməsi ilə bağlıdır. Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, hələ ilin əvvəlində avronun məzənnəsi düşəndə sentyabr ayından başlayaraq avronun məzənnəsinin yüksələcəyi ilə bağlı proqnoz vermişdi: "Dünya iqtisadiyyatının 25 faizinə malik olan Avropa Birliyinin valyutasının uzun müddət kəskin düşməsi mümkün deyildi . Dolların məzənnəsində azalmalar qeydə alındı. ABŞ-ın əsas indikatoru avqust ayında iyul ayına nisbətən 4 pillə geriləyib. Bu, 2013-cü ildə ən aşağı göstəricidir. Ölkənin sənaye indeksi də 8,2-dən 6,3-dək azalıb" . V.Bayramovun qənaətinə görə, avronun məzənnəsinin yüksəlməsi prosesinin yaxın vaxtlarda da davam edəcəyi gözlənilir: "Biz bunu nəzərə alaraq ötən aylardan avro ilə saxlanılan ehtiyatların satılmasının məqsədəuyğun olmadığını deyirdik. Eyni zamanda əhaliyə avronun məzənnəsinin aşağı düşdüyü müddətdə avro ilə yığımlarını artırmalarını təklif etmişdik. Çünki belə yığımları adətən valyutanın məzənnəsinin düşdüyü vaxtda etmək iqtisadi baxımdan daha məqsədəuyğun və rentabellidir. Yəni ucuz qiymətə alınmış valyutanın alınması sonradan onun baha satılmasına imkan yaradır". Ekspertin sözlərinə görə, avronun manata nisbətən yüksəlməsi Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşmür: "Əvvəla, bu, avro ilə saxlanan valyuta ehtiyatlarının manatla ifadəsinin artmasına səbəb olur. Ancaq bu heç də avronun dollara nisbətən məzənnəsinin yanvar-may aylarındakı kəskin azalmasından dəyən ziyanın "kompensasiya edilməsi" anlamına gəlməməlidir. Bununla yanaşı, avronun məzənnəsinin yüksəlməsi avro zonasından Azərbaycana idxal edilən məhsulların qiymətinin artmasına gətirib çıxara bilər".
Günel
Bu xəbər oxucular tərəfindən 1155 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed