Şrift:
BMT-də Qarabağ müzakirəsi
30.10.2013 [10:06] - Gündəm, Siyasət
Xarici işlər naziri Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzulu iclasında çıxış edib. O qeyd edib ki, Qarabağ münaqişəsinin həllinə nail olmaq və Azərbaycanla Ermənistan arasında normal münasibətlərin bərqərar edilməsi üçün yeganə vasitə Azərbaycan ərazilərinin işğalına son qoyulması, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpa edilməsi, habelə qaçqın və məcburi köçkünlərin öz evlərinə qayıtmaq hüququnun dərhal təmin edilməsidir.

Nazir deyib ki, münaqişənin əvvəlindən İslam Əməkdaşlıq Təşkilatı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi əsasında Ermənistanın Azərbaycana qarşı hərəkətlərini təcavüz kimi qiymətləndirib. Onun sözlərinə görə, qətnamələrin yerinə yetirilməsinin təmin edilməsi məqsədilə İslam Əməkdaşlıq Təşkilatının qəbul etdiyi silsilə qərarlar beynəlxalq ictimaiyyətin, o cümlədən BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleyasının Azərbaycan ərazilərinin işğalı məsələsinin nəzərdən keçirməsində həlledici rol oynayıb.

İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu çıxışında Ermənistan-Azərbaycan münaqişəsinə yer ayıraraq Azərbaycan ərazilərinin işğalının davam etməsindən narahatlıq ifadə edib. O, münaqişənin ölkənin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll edilməsinə çağırıb.

28 oktyabr iclasının yekun sənədi kimi qəbul edilmiş Təhlükəsizlik Şurası sədrinin bəyanatında BMT və İslam Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın hazırkı vəziyyəti alqışlanıb və onun gücləndirilməsinin vacibliyi qeyd edilib. Bəyanatda münaqişələrin BMT nizamnaməsi və Təhlükəsizlik Şurasının qərarları əsasında həll edilməsinə dair hər iki təşkilatın eyni mövqedən çıxış etdiyi bildirilib.

Xəbəri Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
Bu xəbər oxucular tərəfindən 786 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed