Şrift:
Azərbaycanlı futbolçu Mançester Yunaytedin düşərgəsində
31.10.2013 [12:45] - İdman
“Mançester Yunayted” Yay Futbol Məktəbinin uğurlu iştirakçılarından biri olan Tamerlan Rizvanov adıçəkilən məktəbin “World Skills Final 2013” finalına qatılmaq üçün İngiltərədə olub. Mançester təmsilçisi ilə əməkdaşlıq çərçivəsində Azərbaycana gətirilmiş yay futbol məktəbi idman aləmində bu yayın ən əhəmiyyətli tədbirlərindən birinə çevrilib. Futbol məktəbinin əsas məqsədi Azərbaycanın bölgələrində yaşayan 8-12 yaşlı uşaqlar arasında gənc istedadları aşkar etmək idi.

Uşaqların seçimi prosesinə dəstək və nəzarət AFFA tərəfindən həyata keçirilib. “Bakcell Arena” stadionunda keçirilən yay futbol məktəbində iştirak üçün mindən artıq namizəddən 32 nəfər gənc istedad seçilib. Daha sonra Bakıda təşkil olunan “Mançester Yunayted” Yay Futbol Məktəbinin nəticələrinə uyğun seçilən 6 gənc istedad - Samir Məhərrəmli, Turan Vəlizadə, Zeynəddin Abdurrahmanov, Tamerlan Rizvanov, Xəyal Əliyev və Nigar Mirzəliyeva 2013-cü ilin avqust ayında Mançester şəhərinə səfər edib, əfsanəvi “Old Trafford” stadionu, “Mançester Yunayted Futbol Akademiyası”, eləcə də komandanın təlim-məşq bazasını ziyarət etmək imkanı qazanıblar.

Mançesterdə səfərdə olan gənc istedadlarımızdan biri – Tamerlan Rizvanov xüsusi nəticə nümayiş etdirərək “Mançester Yunayted” Yay Futbol Məktəblərinin “World Skills” finalına qədər yüksələ bilib. Finalda çıxış etmək üçün Böyük Britaniyada olan Tamerlan bir çox ölkələrdən gələn həmyaşıdları ilə yarışıb.

Final yarışı 17–20 oktyabr tarixləri arasında keçirilib. Yarışdan sonra iştirakçılar müxtəlif əyləncəli tədbirlərdə iştirak etməklə yanaşı, “Mançester Yunayted”in təlim-məşq bazası və tarix muzeyini ziyarət edib, “Old Trafford” stadionunda keçirilən “Mançester Yunayted”in oyunlarını izləyiblər.
Bu xəbər oxucular tərəfindən 971 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed