Şrift:
Nazir: Azərbaycanda 12 illik təhsilə keçid yalnız orta deyil, ali təhsil sisteminə də təsir göstərəcək
04.11.2013 [14:00] - Gündəm, Gənclik
Azərbaycanda 12 illik təhsilə keçidlə əlaqədar tətbiq olunacaq yeniliklər və qaydalar açıqlanıb.


Təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib ki, 12 illik təhsil dünyanın aparıcı təhsil sisteminə malik olan ölkələrində tətbiq edilir. Onun sözlərinə görə, bu təhsil sisteminin hazırkı təhsil sistemindən əsas fərqi məcburi təhsil alma müddətinin 10 il olmasıdır: ”Öz təhsilini ali təhsil sistemində davam etdirmək istəyən şagirdlərə son 2 ildə müəyyən fənlərin dərindən öyrədilməsi planlaşdırılır. Bu islahat yalnız orta təhsil sisteminə deyil, ali təhsil sisteminə də təsir göstərəcək. Belə ki, əgər hazırda ali təhsil sistemində I və II kurslarda bir sıra ümumi fənlər keçirilirsə, 12 illik təhsil sisteminin tətbiqindən sonra I və II kurslarda həmin ümumi fənlərin ixtisarı nəzərdə tutulacaq. Bu da ali təhsilalma müddətində tələbələrə məhz öz seçdiyi ixtisaslara daha dəqiq yiyələnmək üçün müvafiq ixtisas fənlərini seçərək püxtələşmələrinə imkan verəcək".



Təhsil naziri qeyd edib ki, 12 illik təhsil sisteminin tətbiqi ölkə prezidenti İlham Əliyevin bu il oktyabrın 24-də imzaladığı "Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası" ilə əlaqədar Fəaliyyət Planında öz əksini tapıb: “Bu, düşünülmüş, mütəxəssislərin iştirakı ilə, dünya ölkələrinin təcrübələrinə, real imkanlarımıza, hədəflərimizə nəzər salmaqla həyata keçiriləcək. 12 illik təhsil sisteminə ölkə üzrə birdəfəlik, yaxud tədricən keçirilib-keçirilməyəcəyi barədə indidən fikir söyləyə bilməyəcəyəm. Amma mənim üstünlük verdiyim hər zaman odur ki, hər bir yenilik əvvəlcə məhdud çərçivədə tətbiqi olunsun. Onun nəticələri öyrənilər və ondan sonra müvafiq düzəlişlər edildikdən sonra geniş miqyasda tətbiqi oluna bilər".
Bu xəbər oxucular tərəfindən 1054 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed