Şrift:
Əli Həsənov: Bəzi qəzetlər mövcud vəziyyəti obyektiv şəkildə təhlil etməli və öz fəaliyyətlərində dönüş yaratmalıdırlar
14.11.2013 [14:14] - Gündəm, Siyasət
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Azadlıq" və "Yeni Müsavat" qəzetləri ilə bağlı irəli sürülən iddialara münasibət bildirib.

Şöbə müdiri açıqlamasında deyib ki, Azərbaycan hakimiyyətinin həyata keçirdiyi siyasət cəmiyyətdə demokratik dəyərlərin, o cümlədən söz və məlumat azadlığının, liberal media mühitinin inkişafına xidmət edir və öz ardıcıllığı, prinsipiallığı ilə seçilir: "Azərbaycan dövləti uzun illərdir ki, heç bir fərq qoymadan kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının inkişafına hərtərəfli dəstək göstərir. Son 5 ildə isə bu dəstək daha sistemli xarakter almış, yardımların həcmi böyümüş, eyni zamanda jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi üçün silsilə tədbirlərin həyata keçirilməsinə başlanmışdır. Buna görə də hakimiyyətin guya müstəqil medianı sıradan çıxarmaq niyyətində olması ilə bağlı irəli sürülən iddialar tam əsassızdır və heç bir tənqidə dözmür".

Əli Həsənovun sözlərinə görə, hər bir demokratik ölkədə olduğu kimi, Azərbaycanda da ictimai tələbat media orqanlarının reytinqini formalaşdıran əsas amildir:

"Vətəndaşlar məlumat almaq üçün daha çox obyektiv və operativ informasiya daşıyıcısı olan, eyni zamanda, tərəfsiz, davranış qaydalara riayət edən, ayrı-ayrı marginallaşmış siyasi qrupların, biznes subyektlərinin, müxtəlif xarici dairələrin maraqlarına deyil, bütövlükdə cəmiyyətin mənafeyinə xidmət edən kütləvi informasiya vasitələrinə üstünlük verirlər. Artıq yanlış və qərəzli informasiyalarla, reallıqdan uzaq mülahizələrlə cəmiyyəti çaşdırmaq istəyən, qalmaqal yaratmaqla tirajlarını artırmağa cəhd göstərən, təhqir və böhtanın adiləşdiyi media orqanları ictimai tələbat subyektləri kimi öz funksionallığını, oxucu auditoriyasını itirməkdədirlər. Təəssüf ki, bəzi müxalifət qəzetləri düşdükləri vəziyyətdən düzgün çıxış yolu tapmaq əvəzinə, diqqəti problemin mahiyyətindən yayındırmağa və məsələni siyasiləşdirməyə çalışırlar. Onların bu yolla öz maddi durumlarını düzəltmək cəhdləri hətta qısamüddətli perspektiv baxımından səmərəli hesab oluna bilməz. Yeganə çıxış yolu mövcud vəziyyəti ayıq başla, obyektiv şəkildə təhlil etmək və öz fəaliyyətlərində dönüş yaratmaqdan keçir".
Bu xəbər oxucular tərəfindən 806 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed