Şrift:
Ruhani Mərkəzdə “İnam Evi Günü” törəni keçirilib
14.11.2013 [16:03] - Gündəm, Hadisə, Bildiriş
13 Yağış ayı, 35-ci ildə (13.11.2013) İnam Atanın Mütləqə İnam Ocağının Ruhani Mərkəzində Kutsal “İnam Evi Günü” Mərasim-Törəni keçirilib. Bu haqda Mütləqə İnam Ocağının Yükümlüsü İşıqlı Atalı bildirib.
Tədbirdə Ocaqçılarla yanaşı, İnamçılar, Azərbaycanın tanınmış aydınları iştirak ediblər. Bir gün öncə Ocaqçıların evlərində bu törənlə bağlı tonqallar çatılıb, kutsal söz deyilib. İnam Evinin həyətində tonqal yörəsində İşıqlı Atalı və Yolnur Atalı söz deyiblər.
İşıqlı Atalı gün münasibətilə iştirakçıları kutlayıb: «Azərbaycan var olur özünün İnam Atasının yaratdığı İnamıyla, İnam Eviylə! Kutsal İnam ünvanı olur, Kutsal Yurd ünvanı olur! İnam Evinin yaranması Ulus olaraq varlığımızın təsdiqidir, gözümüzü hər cür özgəliklərdən yığmağımızdır. Azərbaycanın – Atayurdun obrazını İnam Atamızın istədiyi səviyyədə yaratmağımız deməkdir. Xalq niyə İnam Evli olmalıdır, niyə İnam Evi olmadan yaşaya bilməz? Çünki İnam Evi Ulusun müəyyənlik sifətidir, özümlüyünün təsdiqidir. Minillərdən bəri buraxdığımız yanlışları düzəltməyimizdir. Belə bir kutsal gündə ömrünü başdan-başa Mütləqə İnam Ruhaniyyatına verən, İnam Atanın “İnam Evi” ideyasının qurucusu Safruh qardaşımızı kutlayıram!»
Yolnur Atalı deyib: «İnsanlar bura daxili istəklə gəlirlər. Ocaq illərdir ki, varlığını təsdiq etməkdədir. Amaldaşlarım Safruh, İşıqlı, Yolruh mənim üçün məktəbdir. Onların yazdıqlarını, dediklərini oxuyuram, fərəhlənirəm. Biz bir-birimizi ucaltdıqca özümüz də ucalırıq. Bu səbəbdən də Ocağımız sönməzdir.»
Ocağın Ruhani Başçısı Safruh bildirib: “Biz Mütləqə İnama çağıranda deyirik: yavaş yaşamaq gərəkdir. İnsanlar onları heyvanlığa aparan indiki Batı sivilizasiyasının alışqanlığından arınmalıdırlar. Ata Mütləqə İnam yaradıb. Biz də onun evini yaratmışıq. Gələnlərimiz buradan belə bir yəqinliklə getsinlər ki, Azərbaycanda yeni insanlığın tapınağı, yəni sevdiyi, yüksək dəyər verdiyi ünvan – İnam Evi yaradılıb. İnam Evinin yaradılmasında qatqısı olan insanlar burada var. Bu, sizin ünvanınızdır, xalqımızın ünvanıdır».
Professor Elməddin Əlibəyzadə Ocağa, İnam Evinə dərin sayğısını ifadə edib, Ocaqçıların işini yüksək dəyərləndirib.
Yolruh Atalı bildirib ki, İnam Evi toplumdan ayrılanların, ona uyuşmayanların sığındığı ünvandır: «Toplum inamsızdır, ona sığına bilməzsən. İnam Evi – İnsana İnam evidir. İnam Evi – İnsanlaşma Evidir. Biz yalnız İnsana inanırıq. İnsana inama yetmədən inamlı sayılmaq olmur».
İnamçı, alim-araşdırmaçı Baba Əhmədli Ocağın ideyalarının gerçəkləşmə addımlarını təhlil edib, yeni yazdığı «Asif Ata Ocağının Nuru» adlı yazısını sunub: «Ocaqçılar gündəlik həyat ağırlıqlarına baxmayaraq çalışır və yeni-yeni uğurlar əldə edirlər».
İnamçı, tanınmış şair Qəşəm İlqar Ruhdaş İnam Evində olduğundan fərəhini ifadə edib, yeni şeirini oxuyub.
Tanınmış aydın Maarif Teymur insanlığın çağımızda hava-su kimi gərəkliyinə diqqət çəkib.
Yazıçı Eyvaz Zeynalov cağımızdakı qaragüruhçuluğun halını təhlil edib, Ocaq ideyalarına sayğısını bildirib.
Yazıçı-publisist Əlisahib Əroğul gerçəkliyin antiinsançı gedişlərini dilə gətirib, Ocaq tədbirlərinin insan quruculuğunu yüksək dəyərləndirib.
Özadlı Yaşar İnamsoy, Qurban müəllim, Nadir Ramal, Qorqud, publisist-şairə Fazilə Qaraxanqızı, Doğma Atalı, Güntəkin Atalı çıxış ediblər.
Bu xəbər oxucular tərəfindən 1725 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed