Şrift:
Gəncə cüdoçuları Ukraynada keçirilən beynəlxalq turnirdə 5 medal qazanıblar
16.11.2013 [21:18] - Gündəm, İdman
Kəpəz TV məlumat verir ki, Gəncə cüdoçuları Ukraynada keçirilən beynəlxalq turnirin mükafatçıları olublar. Yeniyetmə tatami ustaları yarışda 5 medal qazanıblar.
Cüdoçular Odessada düzənlənən turnirdə Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialından baş məşqçi Qaya Xəlilovun rəhbərliyi altında iştirak ediblər.
Nizami yurdundan yarışda 5 idmançı qatılıb. Onlardan 4-ü adıçəkilən mərkəzin, biri isə Gənclər və İdman baş idarəsinin nəzdində olan Uşaq Gənclər İdman Məktəbinin təmsilçisi olub. Gəncəli tatami ustalarının aktivinə 3 qızıl və 2 gümüş bürünc medal yazılıb.
Bu nəticəni yüksək qiymətləndirən Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialının direktoru Xəyal Hacıyev respublika xaricində əldə olunan uğurun əhəmiyyətindən danışıb. O, uzun illərdi ki, ardıcıl qələbələr sayəsində Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını vurğulayıb. Hacıyev onu da əlavə edib ki, artıq mərkəzdə İlkin Babayevin davamçıları yetişməkdədir. Yetirmələrinin qələbəsindən danışan Qaya Xəlilov 46 kq çəki dərəcəsində Tofiq Əliyev, 60-da Zaur Məmmədov və 66 kq-da Ülvi Bayramovun yarışın qalibi olduğunu bildirib.
Ukrayna turnirinin bürünc mükafatları isə Bəylər Mahmudovla Rüfət Abdullayevə qismət olub.
Tədbirin sonunda beynəlxalq turnirdə mükafatçılara sırasına düşən idmançılara və onların məşqçilərinə mərkəz rəhbərliyi tərəfindən xatirə hədiyyələri verilib.
Nəzərinizə çatdıraq ki, Gəncə cüdoçuları ilin sonuna kimi daha bir yarışda tatami üzərinə çıxacaqlar. Bu dekabrın əvvəlində Bakıda düzənlənəcək respublika birinciliyi olacaq.
Bu xəbər oxucular tərəfindən 834 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed