Şrift:
Avropa Şurası və Avropa Birliyi Azərbaycanda vəkillər və hüquq müdafiəçiləri üçün təlim proqramına başlayır
18.11.2013 [11:20] - Xəbərlər, Hüquq
Avropa Şurası Azərbaycanda vəkillər və hüquq müdafiəçiləri üçün Avropa İnsan Hüquqları Konvensiyasının (AİHK) və yenidən baxılmış Avropa Sosial Xartiyasının tətbiqi ilə və xüsusilə ayrı-seçkiliyin qadağan olunması standartları mövzusunda təlim proqramına başlayıb. APA-nın xəbərinə görə, üç ayrı sessiyada keçirilməsi planlaşdırılan tədbirin ilk dörd günlük sessiyası Bakıda – “Avropa” otelində keçiriləcək.



Təlimdə iştirak üçün 30 vəkil və hüquq müdafiəçisi dəvət olunub. Üç sessiyanın sonunda bu mütəxəssislər yekun test sorğusundan keçəcəklər və bundan sonra ayrı-seçkiliyi qadağan edən qanunvericilik üzrə xüsusi biliklərə malik 30 nəfərdən ibarət təlimçi qrupu təşkil edəcəklər. Onlar öz biliklərini digər vəkillər və hüquq müdafiəçiləri ilə paylaşacaq və onlara Azərbaycanda insan hüquqları standartlarının tətbiq edilməsi üzrə təlimlər keçəcəklər. Bu, Azərbaycan vəkillərinin və hüquq müdafiəçilərinin Avropa İnsan Hüquqları Məhkəməsinə daha yaxşı əsaslandırılmış ərizələr göndərməsini təmin edəcək.



Avropa Şurasının Azərbaycandakı ofisinin rəhbər müavini Teymur Məlikalanov bildirib ki, üzv dövlətlərin məhkəmə sistemlərinin inkişafı və hüquq sahəsində fəaliyyət göstərən mütəxəssislərin, xüsusilə vəkillərin və hüquq müdafiəçilərinin bacarıqlarının artırılması Avropa Şurasının əsas prioritetlərindən biridir: “Bu sahədə müxtəlif tədbirlər həyata keçirilir. Bu birgə proqramın da məqsədi Azərbaycanda hüquqşünasların Avropa İnsan Hüquqları Konvensiyasının yurisprudensiyası əsasında məhkəmə çəkişmələri aparma bacarıqlarının artırılmasına kömək etmək və Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim olunan ərizələrin keyfiyyətinin yaxşılaşdırılmasını təmin etməkdir”.



Azərbaycan Ədliyyə Akademiyasının nümayəndəsi Elçin Xələfov proqramı yüksək qiymətləndirib: “Vəkillər üçün bu cür təlim proqramları vacibdir və bu təlimləri keçən şəxslər sonradan Ədliyyə Akademiyasının keçirəcəyi təlim proqramlarına cəlb ediləcəklər”.



Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Migel Magro isə deyib ki, proqram Avropa Şurası və Avropa Birliyinin Azərbaycan hökuməti ilə birgə əməkdaşlığı çərçivəsində, şəxslərin insan hüquqlarının və fundamental azadlıqlarının müdafiəsinin inkişafı istiqamətində göstərdiyi əhəmiyyətli səylərdən biridir.



Tədbir Avropa Şurası və Avropa Birliyinin birgə həyata keçirdiyi “Avropa İnsan Hüquqları Konvensiyası və yenidən baxılmış Avropa Sosial Xartiyasının yerli səviyyədə icra olunması ilə bağlı vəkillərin və hüquq müdafiəçilərinin bacarıqlarının artırılması” layihəsi çərçivəsində həyata keçirilir. Bu, regional layihədir və 2013-2015-ci illərdə Azərbaycan, Ermənistan, Moldova, Gürcüstan, Rusiya və Ukraynada həyata keçirilir.
Bu xəbər oxucular tərəfindən 1108 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed