Şrift:
Avtomobillərdən alınan vergi və xidmət haqları artırılacaq?
19.11.2013 [11:31] - Sosial
Ekspertlər tıxac və avtomobil bumu probleminin həlli üçünQərbdə istifadə olunan bu təcrübənin Azərbaycanda da istifadəsini mümkün sayırlar



Bu gün Bakı sakinlərinin ən çox narazılığına səbəb olan məsələlərdən biri də şəxsi avtomobillə mənzil başına əvvəllər olduğu kimi tez və rahat çatmağın mümkünsüzlüyüdür. Artıq dəfələrlə qeyd olunduğu kimi buna əsas səbəb paytaxtda böyüməkdə olan tıxac problemidir.

Ölkə yollarının genişlənməsini, xeyli sayda müasir tipli körpü və keçidlərin inşası da tıxac probleminin çözümünə imkan vermir. Ölkəyə gətrilən avtomobillərin sayının sürətlə artamsı isə bundan sonra da vəziyyətin daha qəliz hal alacağını deməyə əsas verir. Qeyd edək ki, ölkəyə il ərzində gətrilən maşınların sayı artıq 100 minə çatır və indi onların sayı 1,2 milyondan artıqdır. Bunun 750 mini faktiki olaraq Bakı qeydiyyatındadır. Əgər bölgələrdən gələn maşınları da nəzərə alsaq, bu rəqəm təxminən 900 minə yaxındır.

Paytaxtda avtomobil çoxluğu isə müxtəlfi fəsadlar yaradır. Buraya qeyd olunduğu kimi tıxac, ekologiyaya mənfi təsir, sıxlıq məsələsi və sair aiddir. Vəziyyətdən çıxış yolu kimi isə qərb təcrübəsindən istifadə zəruri sayılır. Söhbət ilk növbədə ili çox köhnə sayılan avtomobillərin ölkəyə gətrilməsinə qadağa qoyulmasından gedir. Bundan başqa Bakıda yollarda işçi həcmi böyük olan avtomobillər, yəni CİP-ləri çox görmək olar. Bu, həm havaya atılan tullantıların həcminin, həm istifadə olunan yanacağın miqdarının, həm də tıxaclarda tutduğu yerin böyüklüyü deməkdir. Əvvəllər bu avtomobillərdən istifadəni yolların nahamarlığı və köhnəliyi ilə izah edirdilər. İndi artıq Bu kimi səbəblər əsassızdır. Hesab olunur ki, bu qəbildən olan avtomobillərin gəlişini azaltmaq üçün onlaar daha çox vergi tətbiq edilməlidir.

Təxmini hesablamalara görə, əgər Bakı şəhərində 800 min şəxsi avtomobil olduğunu nəzərə alsaq, bu maşınların 250 mini eyni zamanda hərəkət vəziyyətində olur. Bunların 30 faizi, yəni, 70-80 mini gün ərzində 1 saat tıxacda qalırsa, bu, tıxac zamanı gündə 160 min litr yanacağın sərfi deməkdir. Əgər bu avtomobillərin çoxunun köhnə olduğunu nəzərə alsaq, rəqəm daha da artır.

Əslində, hazırda ölkədə yaşananlar əvvəllər Avropa və Amerikada da baş verib. Lakin orada vəziyyət ilk olaraq yüksək vergilər və xidmət haqqı hesabına dəyişib. Maşının yanacağından tutmuş saxlanmasınadək hər addımda pul ödəmək ehtiyacı Qərbdə şəxsi maşınlardan istifadə edənlərin sayını azaldır. Bu gün Almaniya, Britaniya, Fransa və Avropanın digər mərkəzi ölkələrinin iri şəhərlərində maşın saxlamaq üçün park yeri mənzil kirayəsindən baha başa gəlir. Bu arada "Allianz Risk Pulse” qrupu şəxsi nəqliyyatın gələcəyi ilə bağlı yeni araşdırmasının nəticələrini açıqlayıb. Hesabatda deyilir ki, qiymətlərin artımı, yolların həddən artıq yüklənməsi nəticəsində şəxsi avtomobillər cəlbediciliyini itirir. Artıq müasir insanların avtomobillərə marağı Avropada əvvəlki nəsillərə nisbətən aşağı düşür. Hesabatın müəlliflərindən biri olan Klem But bildirir ki, artıq avtomobilləri alanda daha çox məsələnin ekoloji tərəfi və sosial məsuliyyətə diqqət yetirilir.

Şəhər əhalisi maşınını istifadə üçün başqalarına həvəslə verir, üstəlik getdikcə daha çox maşın əvəzinə velosiped və ictimai nəqliyyatdan istifadə edir. Xüsusilə şəhərlərdə alqı-satqı üçün avtomobillə mağazaları gəzmək əvəzinə malları internet vasitəsilə almaq və evə sifariş vermək kimi üsullar yayılmaqdadır. Bununla yanaşı, Avropada gənclər sürücülük vəsiqəsi almağa o qədər də həvəs göstərmir. Hesabatın müəllifləri bildirir ki, Asiyada avtomobil satışlarının artması, Şimali Amerikada isə sabitlik hökm sürdüyü bir vaxtda, Avropada bu sahədə geriləmə başlayıb. Benzinin bahalaşması, gəlirlərin azalması və ətraf mühitə qayğı şəxsi avtomobildən istifadə qaydalarını dəyişib. Amma ən mühüm səbəb daha sərfəli alternativlərin ortaya çıxmasıdır. Bu - artıq hər ev daxil olmuş internet və informasiya texnologiyaları və onun yaratdığı sonsuz imkanlardır.

Lakin ən əsası avtomobilələr tətbiq edilən yüksək vergilər və xidmət haqları şəxsi maşınların sayının azalmasına rəvac verir. Əvəzində ictimai nəliyyatdan istifadəyə daha çox üstünlük verilir. Ekspertlər hesab edir ki, ictimai nəqliyyat üçün ayrıca hərəkət zolağı olsa, bu əhalinin mənzil başına çatdırılma sürətini artırar və əhali şəxsi nəqliyyatdan çox ictimai nəqliyyata üstünlük verər. Hazırda ölkədə tıxac probleminin həllində də bu, ən yaxşı vasitələrdən biri sayılır.


Səməd CƏFƏROV
Bu xəbər oxucular tərəfindən 897 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed