Şrift:
Türk qızı: Kaş ki, Azərbaycanda doğulaydım
21.11.2013 [12:16] - Türk dünyası-Turan, Mədəniyyət
Gökhan Özoğuz: “Azərbaycan mahnısı oxuyan istəyirdim, hətta sənin Azəri olduğunu sandım”
“O səs Türkiyə” yarışmasının son iştirakçısı Cansu Çavus sözləri Rəsul Rzanın, musiqi Tofiq Quluyevin “Yalqızam, yalqız” mahnısını ifa etdi və bununla da yarışmanın seçim mərhələsi başa çatdı.

Cansu Çavuşu seçən Gökhan Özoğuz, “mən çoxdandı komandama bir Azərbaycan mahnısı oxuyan istəyirdim, hətta sənin Azəri olduğunu sandım”, - dedi. Cansu isə Azərbaycan sevgisindən danışdı.

Biz də bu gün Cansu ilə söhbət etdik.

Yarışmaya Ankaradan gəldiyini deyən iştirakçı bildirdi ki, O Qazi Universitetində "Gözəl sənətlər" fakultəsində oxuyur.

“Atam da musiqiçidir və bu sevgi mənə ondan keçib ”, -deyən gənc iştirakçı, Azərbaycan mahnısı seçməyinin səbəbini də açıqlayıb:

“Mənim içimdəki azəri sevgisi çox fərqlidir. Bunu anlatmağa çətinlik çəkirəm. Çox, çox, başqa... Azərbaycandan danışanda həyacanlanıram. Bilmirəm nədəndir. Azəri deyiləm. Atam Selanik köçmənidir. Amma sizin səmimiyyətiniz, sadəliyiniz və adətləriniz məni sizə bağlayır. Bu başqa bir duyğudur”.

Cansu, Azərbaycan mahnısını təkcə “O səs Türkiyə”də səsləndirməyib. O, indiyədək bütün konsertlərdə mütləq Azərbaycan mahnısı oxuduğunu deyib: “Xüsusilə də, “Şan” festifalında və şan təhsili üçün verilən konsertlərdə mütləq bir dənə də olsa Azərbaycan mahnısı oxumuşam. Çünki, sizin sənətə xüsusi marağım var və gələcəkdə dərs versəm bunu təbliğ edəcəm”.

Maraqlı məqamlardan biri də budur ki, Cansu oxuduğu mahnının yazarını və bəstəkarını tanıyırmı?

Cansunun bu sualımıza cavabı da maraqlı oldu: “Onları kim tanımaz ki? Musiqi ilə məşğul olan insan Tofiq Quliyevi necə tanımaya bilər? Mən oxuduğum əsərlərin tarixini bilərək səsləndirirəm”.

Ankarada yaşayan Cansunun çoxlu azərbaycanlı dostları var və ən böyük arzusu Azərbaycanda olmaqdır: “Hər zaman azərbaycanlı dostlarımla çox yaxşı yola getmişəm, onlarla dostluğum safdır. Çox istəyirəm ki, gedib Bakını gəzim. İnşallah, bir gün bu arzum yerinə yetər. Bilirsiniz, bəzən mən düşünürəm ki, görəsən niyə azərbaycanlı olmamışam. Kaş orda doğulaydım. Amma yaxşı ki, biz qardaşıq, ikimizin də soyu türkdü. Bununla qürur duyuram”.
Bu xəbər oxucular tərəfindən 770 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed