Şrift:
Arif Kəskin: Türkiyə-İran münasibətlərində yaxınlaşma güneylilər üçün həm müsbət, həm də mənfi təsirləri olan prosesdir
21.11.2013 [13:55] - Güney Azərbaycan xəbərləri, Müsahibə
Siyasi ekspert Arif Keskin Türkiyə və İran arasında münasibətlərinin genişlənməsinin siyasi baxımdan güney hərəkatına zərər verə biləcəyini deyib. Lakin təhlilçi eyni zamanda, bunun İran Azərbaycanında yaşayan türklərin Türkiyə ilə əlaqələrinin artmasına gətirib çıxaracağını və onların Türkiyə mədəniyyətindən daha çox yararlana bilməsi baxımından faydalı olacağını bildirib.

Amerikanın Səsinə müsahibədə Türkiyə-İran münasibətləri ilə bağlı yeni inkişafları şərh edən Türkiyənin Ortadoğu Strateji Araşdırmalar Mərkəzinin (ORSAM) güneyli əməkdaşı Arif Kəskin həmçinin İran və Qərb arasında cərəyan edən müzakirələrin bu münasibətlərə təsirini dəyərləndirib.

Güneyli ekspertin sözlərinə görə, hər iki ölkənin münasibətlərin müsbət istiqamətdə irəliləməsini istədiyi məlumdur, ancaq hadisələrin reallıqda necə inkişaf edəcəyini bilmək üçün gözləmək lazimdir.


Cənab Kəskin İran və Qərb arasında mümkün yaxınlaşmanın və aparılan müzakirələrin Türkiyəyə həm mənfi, həm də müsbət təsir göstərəcəyini qeyd edib.

“İran və Qərb ölkələri arasında yaxınlaşma Türkiyənin bölgədəki təsir və gücünə zərər verən bir prosesdir. Türkiyə geosiyasi önəmindən istifadə edən bir ölkədir və İran-Qərb müzakirələri bu önəmi azaldar. Bu eyni şəkildə Azərbaycan Respublikasının da zərərinədir,”-deyə, Arif Kəskin bildirib.

O, eyni zamanda, İran-Qərb münasibətlərinin yaxşılaşmasının siyasi baxımdan İran rəsmilərini daha şəffaf davranmağa, habelə müəyyən qədər liberallaşmağa məcbur edəcəyinə və Türkiyənin bu məsələdən İranla iqtisadi əlaqələrini düzgün istiqamətə yönəltmək üçün istifadə edə biləcəyinə inandığını deyib.

Təhlilçi həmçinin Suriya böhranının bu proseslərdəki rolunu dəyərləndirib. Onun bildirdiyinə görə, “AKP hakimiyyəti Suriya məsələsində istədiyi nəticəni ala bilmədi və üstəlik bu məsələ Türkiyənin bir çox ölkə ilə münasibətlərini gərginləşdirdi. Türkiyə İranla münasibətlərini yaxşılaşdıra bilsə, Livandakı qruplar, İraq hakimiyyəti və Rusiya ilə olan gərginliyi də azalda biləcək.”

Güneyli ekspert İran-Türkiyə münasibətlərinin genişlənməsinin siyasi baxımdan Güney Azərbaycan Milli Hərəkatına zərər verə biləcəyi, ancaq iqtisadi və mədəni baxımdan güney cəmiyyətinin xeyrinə olacağını bildirib.

“İranla geniş əlaqələr içində olan bir Türkiyədə güneyli fəallar və təşkilatların fəaliyyətləri məhdudlaşar və bu həm əməldə, həm də psixoloji baxımdan güney hərəkatının xeyrinə olmaz. Ancaq iqtisadi əlaqələrin artması ilə Türkiyə sərmayələrinin Güney Azərbaycan şəhərlərinə axması mümkün olub, xalqın məişət durumunun yüksəlməsinə kömək edə bilər. Ayrıca, Güney Azərbaycandan Türkiyəyə gələn türklərin sayı artar və araşdırmalar göstərir ki, İranda türk kimliyinin əleyhinə olan təbliğatdan mənfi təəssürat almış insanların Türkiyəyə gəlib o təbliğatın əksini müşahidə etmələri onlarda türklük şüurunu artırır,”-deyə Arif Kəskin əlavə edib.
Bu xəbər oxucular tərəfindən 994 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed