Şrift:
Azərbaycanlılara qarşı Ukraynada milli zəmində heç bir təzyiq baş verməyib
22.11.2013 [11:39] - Gündəm, Diaspor
"Kriminal xarakterli hadisələrin soydaşlarımıza qarşı milli zəmində təhdidlərin “sübutu” kimi ictimaiyyətə təqdim olunması bu ölkədə yaşayan azərbaycanlılar arasında narahatlıq yaradır”
“Ukraynada azərbaycanlılara qarşı milli zəmində heç bir təzyiq, təhdid, yaxud soydaşlarımızın həyatına təhlükə yaradan digər hərəkətlər baş verməyib”. Bu barəsdə Diasporla İş üzrə Dövlət Komitəsinin açıqlamasında bildirilib. Komitədən verilən məlumata görə, KİV-lərdə bu istiqamətdə yayılan xəbərlərin heç bir əsası yoxdur.

“Son günlər Azərbaycanın bəzi kütləvi informasiya vasitələrində Ukraynada yaşayan azərbaycanlılara qarşı milli zəmində təzyiqlərin olduğuna dair əsası olmayan məlumatlar yayılmaqdadır. Diasporla İş üzrə Dövlət Komitəsi rəsmi olaraq bildirir ki, Ukraynada azərbaycanlılara qarşı milli zəmində heç bir təzyiq, təhdid, yaxud soydaşlarımızın həyatına təhlükə yaradan digər hərəkətlər baş verməyib”.

Ukraynada olan rəsmi və qeyri-rəsmi qurumlarla müntəzəm əlaqə yaradıldığını bildirən Komitə kriminal xarakterli hadisələrin milli, irqi, yaxud dini ayrı-seçkiliklə bağlı olduğuna dair iddiaları təsdiqləyən heç bir fakt olmadığını vurğulayıb.

“Dövlət Komitəsi Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyi, habelə bu ölkədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ilə müntəzəm əlaqə saxlayır, azərbaycanlıların vəziyyəti, qarşılaşdıqları çətinliklər barədə mütəmadi məlumatlar alır. Son günlər bəzi azərbaycanlıların da adının hallandırıldığı kriminal xarakterli hadisələrin milli, irqi, yaxud dini ayrı-seçkiliklə bağlı olduğuna dair iddiaları təsdiqləyən heç bir fakt, yaxud rəsmi məlumat yoxdur”.

KİV nümayəndələrinə müraciət edən Komitə rəhbərliyi bu kimi xəbərlərlə qarşılaşacaqları təqdirdə jurnalistləri daha təmkinli olmağa və xəbərləri yoxlamadan yaymamağa səsləyib səsləyib. Komitə həmçinin jurnalistlərlə əməkdaşlığa hazır olduğunu qeyd edib.

“Azərbaycanlıların təhlükəsizliyinə təhdid xarakteri daşıyan etnik ayrı-seçkilik tendensiyaların mövcud olduğuna dair KİV-də əksini tapmış məlumatlar həqiqətə uyğun deyil. Dövlət Komitəsi bütün KİV nümayəndələrini bu cür yoxlanılmamış məlumatlara olduqca diqqətli və ehtiyatlı yanaşmağa çağırır, bir daha diqqətə çatdırır ki, belə informasiyaların yalnız müvafiq dəqiqləşdirilmələrdən sonrayayılması daha məqsədəuyğun olardı. Bu sahədə Dövlət Komitəsi bütün KİV nümayəndələri ilə əməkdaşlığa hazırdır”.

Son olaraq Komitənin açıqlamasında vurğulanıb ki, kriminal xarakterli hadisələrin soydaşlarımıza qarşı milli zəmində təhdidlərin “sübutu” kimi ictimaiyyətə təqdim olunması bu ölkədə yaşayan azərbaycanlılar arasında narahatlıq yaradır və bu hal Azərbaycanın milli maraqlarına uyğun deyil.
Bu xəbər oxucular tərəfindən 898 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed