29.11.2011 [03:53] - Mədəniyyət
“Musiqidə dərinlərə getdik, baxdıq ki, bu, Qurandan, İslamdan da öncəyə gedib çıxır. Çünki bu, bizim qan yaddaşımızda, genimizdə var”
Novruz Novruzlu: “Biz indiyə qədər tamaşaçının bizə hansı yöndən baxmasını düşünməmişik”
“İnsan doğulanda içindəki haqqla doğulur. Hər kəsin içindəki o haqq səmimiyyətlə oxuyanın içindəki haqqı anlayır”
Həbib Ələkbərsoy: - Novruz bəy, siz eyni zamanda “Savalan” Musiqili Mistik Teatrının da rəhbərisiniz. Maraqlıdır, cəmiyyətdə maraqla qarşılanan bu səhnəciklərin ssenarisini kim yazır?
Novruz Novruzlu: - Əvvəlcə bizə Vaqif İbrahimoğlu kömək edirdi, amma sonra bildirdi ki, “mən sizə ssenari hazırlaya bilmərəm, günaha bataram”. Konkret ssenarilərimiz olmur. Musiqini ifa elədiyimiz anda çox gözəl, ruhsal, energetik bir səhnə yaranır. Belə anda bizə oyunçu demək təhqiramiz gəlir. O səhnə o ana məxsusdur və bir daha təkrarlanmır. Vaqif İbrahimoğlu bunu xüsusilə qeyd edirdi ki, sizin səhnədə oturuşunuzdakı səmimiyyəti mən illərdir aktyorlarımdan ala bilmirəm. Məsələn, Fəxrəddin bəy saz çalanda mən onu evdə necə dinləyirəmsə səhnədə də eləcə, biz özümüz oluruq və içimizdən gələn sağlam enerjini insanlara ötürməyə çalışırıq. O anda heç kimik, hər şeyin sahibi Tanrıdan gəlir bu.
H.Ə: - Musiqili teatr hansı mədəniyyətə söykənir?
N.N - Yenə mənəviyyata. Amma mən çox istərdim ki, dövlət dəstəyi olsun, bizim teatr şəklində fəaliyyətimiz zamanın sürətində insanların mənəvi rahatlığına xidmət eləsin. İnsanlar bizi izləyəndə, seyr edəndə, o hüzuru tapsınlar. Eynən “Yuğ” teatrındakı kimi.
H.Ə: - Fransız botaniki Azərbaycandan qayıdanda xatirələrində yazır: “insanlar bayramda, bizim Roma teatrının tamaşası kimi bir səhnəcik oynadılar, amma bunun üstün cəhəti ondaydı ki, burda aktyorlar və tamaşaçılar bir yerdə iştirak etdilər”. Siz dediyiniz də bir növ bunu xatırladır...
N.N: - Bilirsiz, bu, çox maraqlı və insana yaxın bir yoldur. Biri var, insan gəlib baxır tamaşaya, ya xoşuna gəlir, ya da gəlmir. Amma bu halda insan özü orda həm iştirakçı həm tamaşaçı olur. Bu halda daha çox şey götürür. Belə səhnələr təkrar oynanmır, bu cür tamaşalar anın hökmüdür. Tamaşaçıdan gələn informasiyaya, enerjiyə uyğun söhbət yaranır. Bu, həm də bizim istiqanlı millət olmağımızdan irəli gəlir. Avropa ölkələrində qardaş-qardaşa dərdini deyəndə deyir, get psixiatra de, mənim beynimi yükləmə. Biz bir-birimizi sevirik, bir-birimizin dərdinə yanırıq. Yenə deyirəm, dövlət dəstəyi vacibdir.
H.Ə: - Axı, dövlətin üzərinə də qoymaq olmaz, ölkədə özəl teatrların hamısı demək olar ki, öz imkanları hesabına formalaşıb. Sizin tutduğunuz bu yol mənəviyyatla bərabər böyük bir mədəniyyətə söykənir. Nəinki Azərbaycanda bütün dünyada öz sözünüzü deyə bilirsiniz. Bunu genişləndirmək fikriniz yoxdurmu? Bu sualımız əsassız deyil, axı siz mistik musiqi qrupu olaraq dünyada qatıldığınız bütün festivallardan ödüllə qayıdırsınız. Bunu teatrda da tətbiq etmək mümkün deyilmi?
N.N: - Bu uğuru biz qazanmırıq, bizim torpaq güclü torpaqdır, bu da bizim torpağa bağlılığımızdandır. Mən bunu Pakistanda hiss elədim. Biz orda olanda dünyanın hər yerindən güclü musiqi qrupları gəlmişdi və bu məni bir az qorxuya saldı. Amma buna baxmayaraq, ruhumuzun gücü bizi ilk üçlüyə qaldırdı.
H.Ə: - Belə bir mənəvi dəyərlərin hökm sürdüyü bir mühitdə bayağı musiqi niyə belə at oynadır?
N.N: - Burda dinləyicilər də məsuliyyət daşıyır. Bazar iqtisadıyyatıdır.
H.Ə: - Bazar iqtisadiyyatında tələb və təklif var. Nə təklif olunursa o da tələb olunur. Bu, əslində mədəniyyətə qarşı olan separatizmdir. Bir sənət adamı kimi bu bayağılaşmanın qarşısını almaq üçün nə edə bilirsiniz?
N.N: - Tam səmimi deyim, biz əlimizdən gələn işləri görürük amma bu, çox ciddi bir məsələdir. İnsanlarımız düşüncələrində ayıq-sayıq olmalıdılar. Ümumiyyətlə şou dünyada çox yayılmışdır. Amma mənə belə gəlir ki, bizi-bizdən zorla kimsə ala bilməz. Özümüzdə hardasa boşluq, məsuliyyətsizlik var ki, biz məhz bunun qurbanı oluruq.
Nigar İsfəndiyarqızı: - Qarşıda nə kimi yeniliklər var?
N.N: - Çox dəyərli xanımlardan biri, bacımız qədər hörmət elədiyimiz, torpağını, vətənini, millətini sevən bir xanımın şeirlərindən ibarət bir disk hazırlayırıq. Daha sonra bir filmin musiqiləri üzərində çalışmalarımız var və s. bu kimi işlər.
N.İ: - “Savalan” qrupuna Mədəniyyət Nazirliyindən nə kimi dəstək var?
N.N: - Bu ilin aprel ayında “Avrasiyada ekonomi zirvəsi” Qurultayı keçirildi. Əli Həsənov bu çox səviyyəli tədbirə məhz bizi məsləhət gördü. Mən bunu dövlət dəstəyi kimi qiymətləndirərdim.
N.İ: - Novruz bəy, “Savalan” qrupunun uğuru bu istiqamətdə ifasındadırmı?
N.N: - Mən deyərdim, bəli. Amma hər hansı bir musiqiyə olan münasibət də önəmlidir. Bəzən bizim dinləmədiyimiz bir musiqiyə tam başqa yerdən yanaşılıb yeni bir hal, ruh veriləndə o, artıq qulağımıza çox xoş gəlir. Məhz buna görə hər-hansı musiqiyə yanaşsaq da çalışacağıq ki, indiyə kimi “Savalan”ın ruhu hansı yöndə olub, o formada yanaşaq.
N.İ: - Bir az da vokal ifaçılığınızdan danışaq.
N.N: - Mən vokal təhsili almışam, “Savalan” qrupuna qədər, “Əsgəri”, “Sərvəri” oynamışam, italyan, ispan musiqisi oxumuşam. İtalyan musiqisindən oxuduqlarım, mənim tələbə vaxtımın repertuarıdır. Baxmayaraq ki, gözəl musiqilərdir amma ruhumuzu doyurmurdu. Məhz bu ehtiyacdan “Savalan” yarandı.
N.İ: - Qrupunuzda fərqli musiqi alətləri var...
N.N: - Çünki bu ruhdakı musiqilər bu alətləri tələb edir. Biz çalışırıq ki, musiqi nəyi iştəyirsə onu ifa edək. Bilirsizmi, istər torpaq sevgisi, istərsə də Vətən sevgisi mənəviyyatdan başlayır. Məhz buna görə də əsas repertuarı mənəviyyatdan götürdük. Gördük kimlər hardan danışırdı, sonu nə oldu. Çünki onların mənəviyyatlarında boşluq vardı. İnsan özünü biləndə, tanıyanda bu cür nöqsanlara yol vermir.
N.İ: - Novruz bəyə görə Savalan qrupunda çatışmayan nə var?
N.N: - Vaxt azlığı, dəstək azlığı. Biz o yerə düşməyi xoşlamasaq da, bizə görə maddiyyat şərt olmasa da, bu, vacibdir. Bütün bu çətinliklərə baxmayaraq, yenə də çalışırıq ki, uzun, incə bir yolda gedik. Allah hara kimi bizə o gücü verir, gedəcəyik də.
N.İ: - “Savalan” sözünü deyə bilibmi?
N.N: - Onu dinləyicilər deyə bilər ancaq.
Novruz bəylə söhbətimizi hələlik yekunlaşdırdıq. Amma bu ruh adamının mənəvi yorğunluğu gözümüzdən qaçmadı. Sanki, aid olmadığı, amma yaşamağa məhkum olduğu bu dünyanın sıxıntıları dostumuzu bir balaca üzmüşdü. Nə deyək, Tanrı ruhunuzu qorusun! O ruh bizə, millətimizə hələ çox lazımdı...
Hazırladı: Nigar İsfəndiyarqızı
Bu xəbər oxucular tərəfindən 1604 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |