Şrift:
Qafqazdan Anadoluya mədəniyyət körpülərimiz: Seyid Yəhya Bakuvi və Xəlvətilik mövzusunda simpozium keçirilib
25.11.2013 [11:45] - Gündəm, Mədəniyyət
Bakıda “Qafqazdan Anadoluya mədəniyyət körpülərimiz: Seyid Yəhya Bakuvi və Xəlvətilik” mövzusunda simpozium keçirilib.Tədbir Heydər Əliyev Fondunun təşəbbüsü ilə Dini İşlər üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunub. Simpoziuma Azərbaycan, Türkiyə, Orta Asiya və Balkan ölkələrindən elm və ictimaiyyət nümayəndələri dəvət olunub.



Simpoziuma Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə, Türkiyə təhsil nazirinin müavini Orhan Ərdəm, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun, Türkiyə Diyanət İşlərinin başqan müavini Hasan Yılmaz və digər rəsmilər qatılıb. Simpozium “Əbədi işığın abidəsi - Şamaxı Cümə məscidi” adlı filmin nümayişi ilə başlayıb.



Dini İşlər üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov çıxışında deyib ki, UNESCO tərəfindən elan edilmiş Seyid Yəhya Bakuvi (Şirvani) ili çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə 30-dan artıq silsilə tədbirlər keçirilib. Ötən ay Parisdə UNESCO-nin mənzil-qərargahında Heydər Əliyev Fondunun təşəbbüsü və Dövlət Komitəsinin təşkilatçılığı ilə Seyid Yəhya Bakuviyə həsr edilmiş “Seyid Yəhya Bakuvi: Tolerantlığın ifadəsi” adlanan simpozium bu silsilə tədbirləri beynəlxalq müstəviyə çıxarıb. O, Seyid Yəhya irsinin və təsəvvüf yolunun Azərbaycanda milli kimliyin əsasında duran dini tolerantlığın formalaşmasında xüsusi əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. Komitə sədri bildirib ki, Azərbaycanda uzun əsrlər boyu formalaşmış tolerantlıq ənənələri bu gün Azərbaycan dövləti tərəfindən təşviq edilir. E. İskəndərov qeyd edib ki, S. Y. Bakuvi və onun şöhrətləndirdiyi xəlvətiyyə təriqətinin dünyaya buraxdığı irs dinlərarası tolerantlıq dünyagörüşünün formalaşması, məzhəblərarası münaqişələrin qarşısının alınması və dini radikalizmlə mübarizədə bu gün də aktuallığını itirməyib.



Tədbirdə çıxış edən QMİ sədri Allahşükür Paşazadə deyib ki, Seyid Yəhya Bakuvinin fikirləri ilə 1985-ci ildən etibarən akademik Ziya Bünyadovun köməyi ilə tanış olmağa başlayıb: “Şadam ki, Bakuvi kimi şəxsiyyətlərin irsini dirçəldə bilirik”.



Türkiyə Diyanət İşlər başqanının müavini Hasan Yılmaz çıxışı zamanı bir neçə gün əvvəl Əskişəhərdə keçirilən simpozumu xatırladıb və bildirib ki, bu silsilə tədbirlərinin yekunun məhz Bakıda - Seyid Yəhya Bakuvinin vətənində keçirilməsi xüsusilə əhəmiyyətlidir.



Digər natiqlər də qeyd ediblər ki, Azərbaycanda mövcud tolerantlığın qaynağı məhz Seyid Yəhya Bakuvi kimi dahilərin yaşatdığı məktəbin nəticəsidir.



Tədbir konsert proqramı ilə davam edib.
Bu xəbər oxucular tərəfindən 863 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed