Şrift:
Mən ölümü dərk etmək istəyirəm
29.11.2011 [04:48] - Mədəniyyət
Mənim tanınmayan tərəfim odur ki, Allahla münasibətlərim sizin düşündüyünüz şəkildə deyil



Rüstəm Behrudi: “Azərbaycanda mənim səviyyəmdə olan, məndən də daha istedadlı olan insanlar var. Allahın onları deyil məni seçməyi - mənim fərqim bundadır”

“Başqalarının iyrənc bir şey kimi qəbul elədiyi bir şeyə mən gözəllik kimi baxa bilirəm”

“Böyük ədəbiyyatı zamanında çox az adam dərk edib, qiymətləndirir”


“Rüstəm Behrudiylə Nəsimi arasında böyük və kiçiklik işarəsi qoymaqdan uzağam, ancaq həqiqət budur ki, nəsimiçilik XX əsrin atom nüvə divarında Rüstəm Behrudinin “Salam dar ağacı”yla əks-səda verməkdədir”.
Tofiq Hacıyev



Məni dəli eləsə Azərbaycan ədəbiyyatı edəcək...
Özəlliklə Naxçıvan qolunun bir başqa yeri var. Necə ki, Şuşa Azərbaycan musiqisində önəmli bir yerə sahibdir, Azərbaycan ədəbi fəlsəfəsi də Naxçıvan qismində özünü əks elətdirir. Nəimidən üzübəri, ədəbiyyatda fərqli nə varsa orada bu bölgənin havası var. Nəsimi Şamaxıda doğuldu, Əlincədə parladı.
Cəlil Məmmədquluzadə “Kefli İskəndər”i yaratmaqla Avropanın min illər bundan sonra da deyə bilməyəcəklərini bir obrazın dili ilə dedi. Ordubadi ədəbi fəlsəfəsi bir düha idi. Ən xırda hekayəsi belə bir dünya idi, dünyanı içinə ala biləcək bir dünya. Hüseyn Cavid Turançılığın konsepsiyasını yazdı, Avropa ədəbi fəlsəfəfinə dərs keçdi insanlıq düşüncə fəlsəfəsiylə. Məmməd Arazı öyrəndilər Avropa filosofları, fəlsəfə yazmaq üçün.
Ümumilikdə, Azərbaycan ədəbiyyatı sanki bir fırtınalı dənizdir və mən onun dalğalarında başımı itirirəm. İlahi, bu qədər fəlsəfəni özündə necə daşıya bilir bu ədəbiyyat? Hər nümayəndəsi ayrı cür böyük, hərəsi ayrı cür dahi, hərəsi bir ayrı cür dəli...
Mən inanmıram, siz bizim qəzetin səhifələrində normal adam tapa biləsiniz. Bu dəfə isə lap dəlisinə tutduq üzümüzü. Turan dəlisidi bu adam, sevda dəlisidi. Təkcə özü olsa nə var ki, ona bir balaca yaxın gələni də dəli eləyib salır oda.
Rüstəm Behrudi. Heç bir ölçüyə sığmayan, ən sevimli kəlməsi “hu” olan, dağınıq saçlarını ovcunun içiylə arxaya sığamaqla işıldayan gözlərindəki Turan sevdasını hər kəsə bəxş edən şair.
Mən onu təqdim etmək fikrində deyiləm, bacarmaram da. Deyə biləcəyim bircə kəlmə var - Rüstəm Behrudi mənə görə başını göyə qaldırıb Tanrıya səslənən bir Qurd ulartısıdır. Və biz hələ də o Qurdun dərdini anlamağa çalışmırıq...

Mən yalqızam bir Qurd kimi,
Mənnən birgə qalan gəlsin.
Talanmışam bir yurd kimi,
Qisasımı alan gəlsin.

“Mənim dilimdən qopan dualarda, pıçıltılarda, bu dünyanın xoşbəxtliklərindən yüksək olub, insanın qəlbini dolduran səadətin nə cür əldə edildiyini görmürsənmi? Ruhu mənim şeirlərimdə çırpınan bir məmləkət - Turan, nə vaxtsa var olmaya bilməz”!




- Belə bir deyim var, bəzi şeylər anladılmır, yaşanır. Mənə görə də Rüstəm Behrudini tanıtmaq lazım deyil, Rüstəm Behrudini yaşamaq lazımdır. Onun şeirlərini, dostluğunu...
- Sən bilirsən ki, bu dediyin şeyləri Rustəm Behrudiylə yaşamaq mümkün deyil, zülümdür.

- Bəs Rüstəm Behrudiyə əlimiz necə çatsın?
- Kitablarımı oxumaqla. Bilirsiniz, mən heç vaxt oxucuların məndən istədiklərini yazmadım. Onlar Rüstəm Behrudi olaraq iyirmi-otuz ildir məni tanıyırlar, təbii ki, məndən özlərinin eşitmək istədikləri nələrsə var. Həmişə oxucuya mənim özümün istədiklərimi yazdım. Ola bilər ki, oxucu ilə mənim aramda anlaşılmazlıq ola bilər, bu halda oxucunun günahı var. İfadəmə görə üzr istəyirəm, mən nə qədər məşhur olsam da, tanınsam da oxucu qarşısında məsuliyyət daşımıram. Çünki heç vaxt belə bir söz verməmişəm. Mənim Azərbaycan oxucusunun qarşısında heç bir öhdəliyim yoxdur. Osmanlı demiş, kəndibaşına bir şairəm. Və oxucularıma onların istədiyini yox, öz istədiyimi təqdim edirəm.

- Belə demək mümkünsə, Rüstəm Behrudi oxucu kütləsinin şüurundan bir addım irəlidədir...

- Bütün hallarda. Amma bunu mənim deməyim bir az kobudluq olardı. Təvazökarlıqdan uzaq olardı ki, mən deyəm ki, Azərbaycan oxucusundan bir addım irəlidəyəm. Bunu ancaq oxucular deyə bilər. Təbii ki, mən oxucuların bilmədiyi bir çox şeyi bilirəm. Hər şeyi bilməsəm də. Onlar məni oxuyurlarsa deməli, nəsə öyrənmək üçün oxuyurlar.

- Bu, nəylə bağlıdır?
- Mənim ədəbiyyata Tanrının verdiyi bir dəyər kimi baxmağımda. Yəni, ədəbiyyat işi çalışmaqdan, istedaddan daha çox Allahın verdiyi bir şeylərlə bağlıdır. Bu, mənim fikrimdir. Həmişə dediyim bir söz var. Heç kimə sirr deyil ki, mən “Salam dar ağacı“yla məşhurlaşdım. O şeir böyük ədəbiyyat ölçülərində bəlkə də çox böyük bir şeir deyildi ancaq zamanında yazılmışdı və Türk millətinin ruhunu ifadə edirdi. Onu mən deyil də, sıradan bir azərbaycanlı yazsaydı o məşhur olacaqdı. Azərbaycanda mənim səviyyəmdə olan, məndən də daha istedadlı olan insanlar var. Allahın onları deyil məni seçməyi, baxın, mənim fərqim bundadır. Bu mənada oxucudan irəlidə və geridə olmaq şərt deyil, əsas şərt odur ki, Allah kimi seçir.

- Azərbaycan türkçü-millətçiləri arasında belə bir şayiə gəzir ki, “Rüstəm Behrudinin şamanlarla əlaqəsi var, o şeirləri ona şamanlar deyib, onun vasitəçiliyilə yazdırırlar”...
- Türk dünyasının çox böyük bir dostu, mənim yaxın dostum, türkçülərin yaxşı tanıdığı Əhməd Bican Ərsulasunun belə bir ifadəsi var. O deyir ki, “mən Rüstəm Behrudinin kitablarını oxuyandan sonra beş min il bundan əvvəlki bir türk çadırını xatırladım. Orada Bilgə xaqan əyləşmişdi, ətrafında adamlar vardı. Ötükəndəki o türk çadırına qar yağırdı. Mən elə fikirləşdim ki, Rüstəm Behrudi özü də ordadı, bunları gördüyündən bu cür olduğu kimi yaza bilir”. Təbii ki, mən o şeyləri bilmirəm. Hətta şamanizm haqqında kitab yazanda belə Türk dünyasının özündə bu haqqda məlumatlar yox idi. Şamanizm sadəcə bir söz olaraq dildə dolaşırdı. Türk milləti doğuluşunun ilkin çağında belə bir inanca sahib idi.
Akademik deyir ki, “bu, Türk millətinin şüuraltısıdır, Rüstəm Behrudi bu şeyləri bilmədən yazıb ancaq olduğu kimi yazıb. Allah ona verib o da yazıb”. Mən elə fikirləşirəm ki, bu da bir xoşbəxtlikdir, əslində.

- Yeni nəsil ədəbiyyatı. Necə bilirsiniz, qələmini əlinə alan hər kəs ədəbiyyata gəlir. Sizcə bu bulanıqlığın bir durulduğu an gələcəkmi?
- Əlbəttə ki. Mən sizə lap son yüzilliyi danışım. Ədəbiyyat dərsliklərində bəzi şairlər adı ilə, bəziləri də icma şəklində keçilir. İndiki Azərbaycan ədəbiyyatı icmaldan başqa bir şey olmadığından onlardan kimin seçiləcəyi hələ bəlli deyil. Mən onları qəbul edirəm-etmirəm bu, ayrı məsələ. Amma sevinirəm ki, Azərbaycan ədəbiyyatındakı gənclik tamam fərqli düşüncə tərzinə sahibdir. Onun düşünməyi gözəldir. Onun ifadə forması fərqlidir.

- Belə bir şeiriniz var:
Masmavi göyüzü altında,
Qıpqırmızı qanımla suvardığım
Yamyaşıl ölkəm!
Behrudi üçün bayraq nə deməkdir?

- Mən bu şeirlə iyirmi beş-otuz il bundan əvvəl Azərbaycan bayrağının şəklini çəkmişəm. O vaxtda ki, Azərbaycan bayrağının bu rənglərdən ibarət olduğunu çox az adam bilirdi. Demək olar ki, senzuradan keçirmək mümkün deyildi. Təxminən 1987-ci ildə, ”Salam dar ağacı” kitabımda yazdığım bir şeirdi.

- Payıza özəl münasibətiniz sezilir. Bu il də heç payız olmadı... Behrudi üçün payız nə ifadə edir?
- Bu da payız, pəncərəmdə küləklər,
Ölən yarpaq, sapsarı bir qəm dadır,
Ağacların o sərgərdan ruhudu,
Külək alıb, qəriblikdə oynadır.


Yenə iyirmi-otuz il əvvəl yazdığım bir şeirimin son cümləsini yada salım:
“Allah, bu il payız, payız deyil ki,
Ayrılıqdı, ayrılıqdı, ayrılıq...”


Payız mənim üçün ayrılıqdan başqa bir şey deyil.
Mən həmişə baharın tez bitməyini istəyirəm, çünki açan çiçəklərin içərisində darıxıram. Gözləyirəm ki, payız gəlsin, onda hər şey öz əslinə qayıdır. Daha sonra özünü tərk eləməyə başlayır. Həm hər şeyin öz əslinə qayıtdığı an, həm də ayrılıqdır payız. Mən də ayrılıq adamıyam, ona görə payız mənim üçün gözəl fəsildir.

- Behrudi niyə təkdir?
- Hardan bilirsən tək olduğun u? (gülür)
Mən tənha, qurd yalnız, o Tanrı təkdi,
Yalqızlıq içimdə bir sevda əkdi.
Təkcə mən blirəm, Boz Qurd nə çəkdi,
Nə yaxşı, yazdığım umuddan gəlir.


Mənim bir həkim dostum var, ona da həmişə dediyim bir sözüm var ki, insan tək doğulur, tək yaşayır, tək də ölüb gedir. Kim nə deyir-desin, bu dünyada insanlıq adında məxluqatın ölçüsü bundan başqa deyil. Müəyyən bir yerdə toplanmış, bir-biriylə söhbət edən, bir neçə adamı misal götürün. Onlar çox şeydən danışa bilər, amma içlərində heç də bir-birlərinə dəxli olmayan şeyləri yaşayırlar. İnsanlar bir yerdə olsalar da yalnızdılar.
Yıx təkliyi, yıxıb get,
Təkliyində gözəlsən,
Təkliyinə çıxıb get.


Çünki hər bir şey təkliyində gözəldir. Mən müqayisədə heç nəyi qəbul etmirəm. Bir şey ya var, ya yoxdur. Onu var olanla müqayisə eləyib, varlığını təsdiq eləmək həmin şeyin varlığının var olmadığına dəlalət edir. Yəni, heç bir şeyi müqayisədə qəbul etmək düzgün deyil. Bir şey ya gözəldir, ya gözəl deyil. Məsələn, mənim opponentim deyə bilər ki, müqayisə etmədən fərqi dərk eləmək mümkün deyil. Çirkini görüb gözəli dərk eləmək mümkündür. Ancaq insanın düşüncəsində bir gözəllik anlayışı var axı, gözəl nə cür olur, çirkini görmədən gözəlin nə olduğunu bilmək mümkün deyil. Bu anlamda mən müqayisədə heç nəyi qəbul etmirəm. Yəni əsil böyük, ideal həqiqət özlüyündə olan şeydir.

- Yunis Əmrə fəlsəfəsinə görə hər kəsin içərisində onun özünə aid olan bir daxili aləm, başqa bir mən var. Rüstəm Behrudinin çölündəki bu aləm hamını fəth edibsə, içərisindəki mən kimdir?
- Onu mən də tanımıram. İçimdəki məni fəth eləsəm, içimdəki mənin nə olduğunu özümə izah edə bilsəm, mən dünyanın ən müdrik adamı olardım. Nə yazıramsa oradan çıxış edib yazıram. Ancaq bitdiyim-tükəndiyim anda bilə bilərəm ki, o kimdir. İndi bilmirəm. Mən onunla sadəcə söhbət edirəm. O sadəcə ilham qaynağım, sevgi qaynağımmı deyim, bilmirəm, amma hər nədirsə, kimdirsə ilahi bir şeydir. İçimdəki mən mənim içimdəki məndən daha artıq içəridədir, mən onu görmürəm.

- Sevdiyiniz şair kimdir?
- Mən Azərbaycanda bir tək şair sevirəm, o da Rüstəm Behrudidir. Ürəkdən deyirəm, mən məndən böyük bir şair olduğuna inansam şeir yazmaram. Bilsəm ki, məndən daha gözəl şeir yazan bir şair var, insan ruhunu bu qədər açmağa çalışan, Allaha yaxın olmağa çalışan, mən gedib başqa bir işlə məşğul olaram. Bilirsiz, mən vətəndaşlıq şeirlərini o vaxt yazmağa başladım ki, baxdım, Məmməd Arazla, Bəxtiyar Vahabzadə məni doyurmur. Mənim istədiyim onların dediyi deyil. Onlar çox gözəldir, çox möhtəşəmdir, amma mənim istədiklərim deyil. Məhz o zaman mən “Şaman duası”, “Bozqurd”, “Salam dar ağacı”, “Tənhalıqda ölüm qorxusu”nu yazdım. Onlar vətən haqqında çox gözəl şeirlər yazmışdılar amma mən hiss elədim ki, mənim ruhum artıq bundan daha böyük şeylər istəyir. Bu ehtiyacı hiss elədiyim vaxt başladım yazmağa.

- Rüstəm Behrudinin Allahla bağlılığı nə dərəcədədi?
- Sizin düşündüyünüz Allah mənim Allahım deyil. Bütün Azərbaycan cəmiyyətinin düşündüyü, kitabda-dəftərdə, Quranda olan bir Allah anlayışı var. Ancaq sizin o Allahla mənim Allahım bir-birlərini bəlkə də heç tanımırlar.

- O Allah təkcə Rüstəm Behrudidən ötrümü var və niyə var?
- O, mənim Allahımdır, əgər siz istəsəz sizin də ola bilər.

- Sizin bu Allaha itaət formanız necədir?
- Yox, mən ona itaət etmirəm, o mənim dostumdur. Biz tərəf müqabiliyik.

- Onda belə çıxır ki, sizin bu anlayışınız Türklərin Allah anlayışıdır. “Allahdan qorxmaq lazım deyil, Allahı sevmək lazımdır”...
- Təbii ki, elədir. İslam alimlərinin anlatdığı Allahın mənim içimdəki düşüncə obyekti ilə heç bir bağlılığı yoxdur. Məsələn, onların riyakarcasına sevgi elan etdikləri Allaha itaəti təbliğ edirlər, mənim Allahım isə mənimlə üzbəüz oturub söhbət etməyə, yaratdığı bəndəsiylə tərəf müqabili olmağa hazır olan Allahdır. İndi baxın, kimin Allahı daha böyükdür? Çin fəlsəfəsində belə bir anlayış var: okean onu yaradan göl, onu yaradan sısqa bulaqdan və çaylardan aşağıda dayanır. Okean və göl, çaydan və onu yaradan sısqa bulaqdan çox böyükdür. Görün bu, içi ilə nə qədər böyükdür ki, onu yaradanlardan özünü aşağıda hiss edir. Elə buna görə okeandır.
Bu, həyatda da sübut olunub. Cəmiyyət əslində hamı danışanda susan, hamı susanda danışan adamı qəbul edir. Məni tanıyanlar bilir ki, mən (təvazökarlıqdan uzaq olsa da) hamı susanda danışan, hamı danışanda susan adamam. Və susmaq da zor bir işdi. Bilirsiniz, bilən çox danışmaz.
Hamı hər şeyi bilsəydi, adamların bu qədər ehtiyacı olmazdı.

- Sizə görə gözəl olan nədir?
- Mən ruhumu oxşayan hər şeyə gözəllik kimi baxıram. Başqalarının iyrənc bir şey kimi qəbul elədiyi bir şeyə mən gözəllik kimi baxa bilirəm. Təki mənim ruhum onunla rahatlıq tapsın. Fərq etməz nədir o.

- Bəs ağrı?
- Ağrı Fizulinin bir qəzəlidir... Nəsiminin bir məşhur beyti var,
Daim ənəlhəqq söylərəm, kim həqqdən mənsur olmuşam,
Kimdir məni bərdar edən, bu şəhr içrə məşhur olmuşam”
yəni bir şəhərə düşür ki, onu heç kim başa düşmür. O çəkdiyi o nalədir, ağrı. Allahın bəndəsinə verdiyi, dünyada ondan böyük və gözəl olmayan bir şeydir. Ondan gözəl heç nə yoxdur. Əsl ağrı budur. Ağrı o hissdir ki, onu Rüstəm Behrudi izah edə bilmir. Onu ifadə eləmək mümkünsüzdür. Ağrı sevgi yox, sevda kimidir onu yaşamadan nə olduğunu bilmək olmaz.

- Sevda nədir?
- Sevda dəlisiyəm, adım-
Qurddu, yalquzaqdı mənim.
Kim mənimlə yol gedəcək?!
Mənzilim uzaqdı mənim...


Dəlilikdir. Axmaqlıqdır. Ancaq dünyanın ən möhtəşəm bir işidir.
Onu ağıllı adamlar yaşamırlar. Yalnız Allahını sevən adamlar yaşaya bilər sevdanı, hansı ki, onlar bu dünyanın nə olduğunu dərk eləmək istəyirlər. Onlarınkı sevdadan da keçib, dəlilikdir artıq. Mən həmişə yazmışam ki, sevgiyə aid nə yazsam ölümə oxşayır. Sevda ölüm kimi bir şeydir.

- Mənə Rüstəm Behrudinin elə bir tərəfindən bəhs edin ki, onu kimsə tanımamış olsun...
- Heç bir kəs tanımaz məni dünyada,
Dərd deyil, qoy olsun, sən tanı, barı,
Bil ki, mən qəribi Tanrı göndərib,
Göndərib ovudum ayrılıqları...


Əslində məni hamı tanıyır həm də heç kim tanımır.
Mən göründüyüm adam deyiləm. Bir az dərviş, bir az sufi, bir az dəli, bir az da Allahın qoyduğu bütün ölçüləri pozub-dağıdan bir adamam. Mənim tanınmayan tərəfim odur ki, Allahla münasibətlərim sizin düşündüyünüz şəkildə deyil.

Ruh tək gəzirdim göydə mən,
Deyin, nə tapdım yerdə mən,
Öldürdüm dərdi dərdlə mən,
Öldürün, məni öldürün...

Mən bəndəlikdən çıxmışam artıq. Bəndə deyiləm. Mən hakimi-mütləq olan bir şeyi qəbul eləmirəm.

- Sizə görə demədiyiniz nə qalıb?
- Mən iyirmi üç il bundan əvvəl kitablarımdan birində yazmışdım: Ölümümü öz içimdə gəzdirirəm, ölmək istədiyim gün ölə bilərəm. Deyə bilmədiyim tək söz ölüm haqqındadır, çünki mən ölümü dərk etmək istəyirəm.
Düşünmürəm ki, biz heçlikdən gəlib heçliyə gedəcəyik. Mən ancaq demişəm ki, bu yer üzü görüş yeridir, hardan gəldiyimiz bəlli deyil, və hara gedəcəyimiz bəlli deyil. Mən heç vaxt heçlik deyilən bir şeyə inanmadım. Düşüncəsi, sevgisi, ehtirası, ağlı olan bir varlıq ölə bilməz. Nəsə var. O, heçlik deyil, tamam başqa bir anlayışdır və biz sadəcə dərk edə bilmirik.

- Görüş yerində görməyə adam tapdınız? (...)
- Tapmasaydım burda qalmaq darıxdırıcı olardı.

- İndiyə qədər Behrudi sözü Allaha deyirdi. Allahın Behrudiyə dediyi nədir?
- Mənim çox sevdiyim bir yazıçı İsa Hüseynov belə bir ifadə işlətmişdi: “Allah mənimlə danışır”. Sizin sözünüz ona bənzəyir. Çox sevdiyim bir yazıçı olmasına baxmayaraq məni əsəbiləşdirən bir fikir yazmışdı. “Məmmədəmin Rəsulzadə Stalinin agenti olub”. Mən ona cavab olaraq yazdım ki, “insanın Allahla danışmağı ibadət, Allahın insanla danışmağı şizofreniya əlamətidir”.

- Sirr deyil ki, indiki gənclik çox qüvvətlidir. Və get-gedə nəyin nə olduğunu dərk etdiklərindən onlarda mənəvi bir aclıq yaranır. Bu aclıq çoxaldıqca sizi tanıyırlar...
- Mən də elə düşünürəm. Ədəbiyyat dövründə, zamanında, yazıldığı anda hiss olunmur, o bir az gələcəyə hesablanır. Zaman keçdikcə dərk olunur. Mən elə fikirləşirəm, böyük ədəbiyyatı zamanında çox az adam dərk edib, qiymətləndirir.

- Oxuculara sözünüz
- Əslində mənim deyəcək bir sözüm yoxdur. Nə vaxtsa bu ehtiyacı duysam şeir yaza bilərəm ancaq. Realistcəsinə, həyat adamı olaraq Sizə bunu deyə bilərəm, nə vaxtsa öləcəklərini bilsinlər. Bilirsiniz, bunu bilən adam heç vaxt günah işləməz.
Ruhum bədənimdə əziyyət çəkir,
Dilimdə sözlərə çevrilib ahı,
Günahkar canımda məndən xəbərsiz,
Günah içindədi, ruhum, ilahi...


Müsahibəni götürdü: Nigar İsfəndiyarqızı
Bu xəbər oxucular tərəfindən 2056 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed