29.11.2011 [04:56] - Türk dünyası-Turan
Mübariz Göyüşlü: “Ortaq əlifba dedikdə bir az cəmiyyətlərdə narahatlıq və narazılıq yaranır. Bəzən də bu narazılıqları süni şəkildə yaradanlar və körükləyənlər olur”
Müsahibimiz “Müasir İnkişaf” İctimai Birliyinin İdarə Heyətinin sədri Mübariz Göyüşlüdür.
- Mübariz bəy, bu günlərdə Bakıda bir necə qurumun və rəhbəri olduğunuz “Müasir İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə “Ortaq Türkçə və Ortaq Əlifba” ilə bağlı böyük konfrans keçirildi. Tədbirdə kimlər iştirak edirdi və əsasən hansı məsələlərə toxunuldu?
- Noyabrın 10-da Bakıda keçirdiyimiz bu konfransda Azərbaycanın millət vəkilləri, ictimai-siyasi xadimləri, alimləri, media nümayəndələri, gənclər, Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç və səfirliyin digər təmsilçiləri iştirak edirdilər. Tədbirimizdə o cümlədən Qazaxıstanda yerləşən Türk Akademiyasının qədim türk dilləri üzrə mütəxəssisi, professor Maqriba Kaynarbəyova, Rusiyadakı diaspor təmsilçimiz Qalib Ağayev və s. şəxslər də iştirak edirdilər. Bildiyiniz kimi bizim təşkilat bir ildən çoxdur ki, qeyd etdiyiniz məsələ ilə bağlı türk dövlət başçılarına ünvanlanmış Müraciətin imzatoplama kampaniyasını aparır. Tədbirimizdə həm 150 ilə yaxındır ki, mücadiləsi aparılan Ortaq Türk Əlifbası və Ortaq Türk Ədəbi Dili ilə bağlı proses təhlil olundu, həm də təşkilatımızın yürütdüyü kampaniyaya dəstək ifadə edildi. Bundan başqa hazırkı dövrdə bu istiqamətdə hansı işlər görülməlidir, hansı addımlar atılmalıdır və s. bağlı da fikir mübadiləsi aparıldı və təkliflərdən, tövsiyyələrdən ibarət tədbir iştirakçıları adından Müraciət hazırlandı. Hazırda həmin Müraciəti müvafiq qurumlara və şəxslərə göndərməkdəyik.
- Sizcə, bu layihənin həyata keçməsi mümkündürmü və yeni bir əlifba yaranacaqmı?
- Məncə bu mümkündür. Latın əlifbasından istifadə etməyən digər türk dövlətləri də bu əlifbaya keçdikdən sonra bunun üzərində ortaqlaşmaq mümkündür. Yeni əlifba dedikdə bir az cəmiyyətlərdə narahatlıq və narazılıq yaranır. Bəzən də bu narazılıqları süni şəkildə yaradanlar və körükləyənlər olur. Mənim subyektiv fikrimə görə ilkin dövrdə hamı latın əlifbasına keçdikdən sonra bir türk xalqının istifadə etdiyi əlifbadakı hərf digərində yoxdursa o zaman onun da əlifbasına əlavə edilməlidir. Qoy yeni əlavə olunmuş hərf istifadə edilməsin, amma göz görsün və qulaq eşitsin. Sonradan yavaş-yavaş ortaq bir əlifba yaratmaq olar. Yaxud da elə birbaşa, yəni elə ilk addımda ortaq əlifba yaratmaq mümkündür. Hər bir halda bu iş real bir işdir.
- Ümumiyyətlə, Azərbaycan və Türkiyədən başqa digər türk dövlətləri bu ideyanın gerçəkləşməsində nə qədər maraqlıdırlar?
- Mən Qazaxıstanı və Qırğızıstanı bu işlərdə maraqlı görürəm. Türkmənistan neytrallığını elan etdiyinə görə hər bir prosesdən uzaqda durur. Özbəkistanla bağlı isə məsələ məlumdur. Əlbəttə ki, söhbət burada siyasi iradədən, dövlət başçılarının mövqeyindən gedir. Bu dövlətlərin hər birinin düşünən insanları, soykökünə, keçmişinə, milliliyinə bağlı olan ziyalıları bunun gerçəkləşməsində maraqlıdırlar. Lakin bəllidir ki, türk dövlətlərində cəmiyyətlərin, ictimai rəyin təsir əhəmiyyəti yox dərəcəsindədir. Ona görə də bu işin məhz “yuxarıdan” həyata keçirilməsi mümkündür. Ona görə də bu cür sıralama etdim.
- “Ortaq Türkcə və Ortaq Əlifba” ideyası gerçəkləşsə, bunun türk dünyası üçün strateji-siyasi və mənəvi-sosial əhəmiyyəti nədən ibarət olacaq?
- Bilirsiniz mən konfransımızdakı çıxışımda da söylədim. Türk Dünyasının bütün təşkilatları - Türk Konseyi, Türk Parlament Assambleyası, TÜRKSOY, Türk Akademiyası, Türk Dünyası Ağsaqallar Şurası və s. artıq yaradılıb. Düzdür bunlar hələ zəifdirlər, amma ən azı mövcuddurlar. Hazırkı situasiyada görülməsi ən vacib işlərdən biri mədəni və iqtisadi sferada türk dövlətlərinin birliyinə nail olmaqdır. Mədəni sferada isə görülməsi ən vacib işlərdən biri məhz Ortaq Türk Əlifbası, Ortaq Türk Ədəbi Dili, Ortaq Türk Tarix və Ədəbiyyat kitabları ilə bağlı məsələlərdir. Bunların baş tutması Türk Dünyasının sürətli inteqrasiyasının reallaşması deməkdir. Hətta o dərəcədə ki, bu sürət nəinki düşmənlərimizi, rəqiblərimizi, elə bizlərin özünü də heyrətə sala biləcək səviyyədə olacaq.
Müsahibəni götürdü: Elnur Eltürk
Bu xəbər oxucular tərəfindən 1568 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |