Şrift:
Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları ATƏT-in Minsk Qrupunun həmsədrlərinə məktub ünvanlayacaq
28.11.2013 [10:12] - Gündəm, Hüquq
Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti və Ermənistanın Qadın Mərkəzi 1-5 dekabr tarixlərində İstanbulda Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüş təşkil edəcək.


Bunu Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyib.



Görüşün nəticəsi olaraq ATƏT-in Minsk Qrupunun həmsədrlərinə ünvanlanmış məktub hazırlanacaq, məktubun mahiyyəti daha sonra açıqlanacaq. Məktub gələn ilin yanvar ayında Vyanada keçirilən görüş zamanı həmsədrlərə çatdırılacaq. Yanvar ayında Brüsseldə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonla görüşdə də ona bu məktub təqdim olunacaq.



Məqsədlərinin sülh olduğunu söyləyən Novella Cəfəroğlu bildirib ki, bu görüşlər 5 ildir keçirilir: “İstəyirik ki, münaqişənin həllində anaların səsi eşidilsin, qadınların rolu artırılsın. Biz bu görüşlərdə Dağlıq Qarabağın Azərbaycan torpağı olması, Dağlıq Qarabağ ətrafındakı 7 rayonun qaytarılması, azərbaycanlı icmasının Dağlıq Qarabağa köçməsindən sonra digər məsələlərin müzakirəsi mövqeyindən çıxış edirik. Məqsədimiz sülhdür. Çünki istəsək də, istəməsək də, bu xalqlar yanaşı yaşayacaqlar. İstəyirik ki, münaqişənin həllində anaların səsi eşidilsin, qadınların rolu artırılsın”.



Qeyd edək ki, İstanbulda keçiriləcək görüşdə İnsan Haqları Cəmiyyəti Milli Komitəsinin sədri Səadət Bənənyarlı, İnsan Haqları və Qanunçuluğun Müdafiəsi Bürosunun sədri Səidə Qocamanlı, Qadınların Rasional İnkişaf Birliyinin sədri Rəna Tahirova, “Yuğa” Gənclər Təşkilatının sədri Pərvanə Məmmədova da iştirak edəcək.
Bu xəbər oxucular tərəfindən 1016 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed