29.11.2011 [05:24] - Güney Azərbaycan-Təbriz
İranın İnformasia və Təhlükəsizlik naziri Heydər Moslehi ölkəsində keçiriləcək növbəti parlament seçkisiylə bağlı xəbərdarlıq etmişdir
O bildirib ki, İran İslam Respublikasının (İİR) tarixində növbəti seçki ən həssas və ən təhlükəli seçki olacaqdır. Moslehi əlavə edib ki, bu seçkilərdə müxtəlif qruplar dini rəhbər ayətullah Seyid Əli Xameneinin əleyhinə hərəkət etmək istəyir.
Moslehi noyabrın 23-də Qum şəhərində dini təbliğatçıların qarşısında çıxış edərək həmçinin bildirib ki, müxtəlif cərəyanlar və etilaflar bu seçkilərdə iştirak etmək niyyətindədir. “Bu cərəyanların bir çoxunun diqqət olunası cəhəti fitnə, yolunu azanlar və ABŞ (Amerika Birləşmiş Ştatları) tərəfdarları olan islahatçı qruplarla birlikdə ali dini rəhbərin və sistemin əleyhinə qalxmaq istəmələridir. Onlar əslində fərqli istəklərə malik olsalar da, sistem və rəhbərə qarşı olmaq onların ortaq cəhətləridir”.
İran rəsmilərinin bir çoxu iki il bundan əvvəl seçkilərə etiraz edənləri “fitnə qrupu”, Əhmədinejadın ətrafında olan bir qrupu isə “münhərif” (yolunu azanlar) adlandırırlar.
Moslehi bildirib ki, ötən prezident seçkilərindən sonra etiraz edənlər bir neçə qrupdan ibarətdir. Bu qruplar İran rəhbəri ilə eyni yolda deyillər. Moslehi əlavə edib ki, bu qruplar üzdə özlərini İmam Xomeyninin düşüncələrinə və ali dini rəhbər ayətullah Əli Xameneinin yoluna sadiq kimi göstərsələr də, əməldə başqa yol seçiblər və özləri getdiyi yolu düzgün hesab edirlər.
Moslehi bu qrupların mahiyyəti haqda geniş məlumat verməyib, lakin bunların haqqında, cəmiyyətin bəzi təbəqələrinin “düşüncəsiz”, “tərd olunmuş”, “qafil”, “fürsət tələb”, “Qərb yönümlü”, “qorxaq” və “əxlaqsız” sözlərini işlətdiyini xatırladıb. Qeyd edək ki, bu ifadələr əvvəllər də Xameneinin çıxışlarında işlədilib.
Moslehi onu da bildirib ki, ABŞ İranda hakimiyyətə qarşı etiraz dalğaları yaratmaq niyyətindədir. “Bunun üçün onların planları da var. Bu planları icra etmək üçün seçkilər ən yaxşı zəmin ola bilər” deyə o, əlavə etmişdir. Onun sözlərinə görə, ABŞ regiondakı (bölgə) duruma təsir göstərmək üçün bu böhranları İrana daşımaq istəyir. O, həmçinin bildirib ki, seçkilərdə əhali fəal iştirak etsə də, etməsə də onların ayrıca planları var və hər iki haldan da faydalanmağa çalışacaqlar.
Göründüyü kimi İranda rejim daxilində çox ciddi problemlər var. Hətta bu problemlər o səviyyəyə çatıb ki, xüsusi xidmət orqanının rəhbəri seçkiləri təhlükəli bir proses kimi gördüklərini açıqca bəyan edir. Bir yandan xalqın rejimdən uzaqlaşması, digər yandan da adətən təhlükəli məqamlarda birləşən rejimdaxili qüvvələrin bu dəfə arzulandığı kimi birləşə bilməmələri Moslehini çox ciddi narahat edir. Bu həm də belə bir vəziyyətdə “Ərəb baharı” adlandırılan prosesin İranda davam etməsi riskinin də təbii ki, yüksək olmasından qaynaqlanır.
Əlirza Amanbəyli
Bu xəbər oxucular tərəfindən 1487 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |