28.11.2013 [13:54] - Sosial, DAVAMın yazıları
Kimsəyə sirr deyil ki, Azərbaycan böyük güclərin, imperialist qüvvələrin maraqlarının toqquşduğu bölgədir. Bu qüvvələrin istənilən ölkəni öz təsir dairəsinə salmaq qaydası isə "parçala və hökm et" devizidir. Amma bizlərdən bir çoxları zatən dünəndən hazırıq bölünməyə. Biz bu qüvvələrin öz aralarındakı güc və hakimiyyət uğrunda didişmələrindən öz xeyrimizə faydalanmaqdansa, özümüz daxildə parçalanıb bu cəbhələrin qurbanına və hədəfinə çevrilirik. Çünki içimizdə olan imperiya qulları hələ də kölə təfəkküründən, "böyük qardaş" sevdasından, başqalarının kölgəsinə sığınmaq vərdişindən, şömürülmək və qapazaltı yaşamaq adətindən qurtula bilməyib. Hələ də “ağa” axtarışlarında olanlarımız var. Ama düşüncəsində qul olan vətəndaşlarım və qandaşlarım Cəlil Məmmədqluzadənin “Anamın kitabın”da təmsil etdiyi kimi, “qərbə”, “şimala” və “cənuba” istiqamətlərində haçalnıblar. Hələ bir “millət adından” artıq qərara gələnlər də var, amma hələ ki, lap İvan Krılovun "Ququşu, durnabalığı və xərçəng" təmsilindəki personajlar kimi hərəsi Azərbaycanı bir səmtə dartır. Nəyin bahasına olursa-olsun azadlığımızı, varlığımızı ağzını açıb bizi udmağa hazır olan imperialist qüvvələrin basqısından,təhdidlərindən və bunların öz aralarındaki hegemonluq naminə çəkişmələrinə alət edilməkdən qorumaq varkən, nə yazıq ki, özünə siyasətçi, alim, ziyalı yarlığı yapışdıranlar bizə azadlıqdan çox sınmağı, boyun əyməyi, satılmağı, firqə-firqə bölünməyi təlqin və təbliğ edirlər. Xülasə, çəkici bir yerə döymək və yalnızca millətin rifahını, gələcəyini, suverenliyini təmin edəcək maraqlara xidmət etmək yerinə, ölkəmizə soxulan separat ideologiyalar arasında vurnuxan milləti vahid bir konsepsiya tərtib edib bir yerə yığmaq əvəzinə, indi də sosial şəbəkələrdə artıq məzhəblərarası qovğaların rüşeymi qoyulmaqdadır. Doğrudanmı, başıbəlalı Azərbaycanın taleyində bir də qardaş qırğını, məzhəb uğruna qan gölündə boğulmaq var?! Məzhəblərarası qovğalar haçan, kimə və hansı bölgələrə xeyir gətirib ki, indi də eyni şeyi Azərbaycan coğrafiyasında xortlatmaq istəyirsiz?! Buraxın hər kəs bildiyi kimi etiqad etsin. Zatən hər kəsin imanının tək bilicisi və sərrafı Allah deyilmidir?! Qurani Kərimin “Ənam” surəsinin 159-cu ayəsində buyrulur: "Şübhəsiz ki, sənin firqə-firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmışdır. Sonra onlara nə etdiklərini bildirəcəkdir!"...
Mətanət Paşasoy
Mətanət Paşasoy
Bu xəbər oxucular tərəfindən 1549 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |