29.11.2011 [05:49] - Güney Azərbaycan xəbərləri
Evlərdə nurçuların viruslarına yoluxmaq üçün xüsusi kitablar olur
Valideyn anlamır ki, övladının komputer, ingilis dili bilməsi və bu yolla çörəkpulu qazanması onun savadlı olması demək deyil
Dəfələrlə “hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dini - ekstremist kitabların yayımı ilə məşğul olan bir qrup gənc yaxalanıb” kimi hadisələr baş verir. Bir müddət öncə də şimal rayonlarımızın birində bir neçə gənc həbs olunmuşdu.
Özlərini Səid Nursinin ( Kürdinin) tərəfdarları və davamçıları kimi təqdim edən həmin qüvvələrin dövlətçiliyimiz üçün təhlükəsini nəzərə alaraq bu yazıda nurçu-fətullahçı qüvvələrdən bəhs etməyəcəyik. Eyni zamanda burada nə nurçuların tarixindən, nə fəlsəfi mahiyyətindən, nə də ki, Azərbaycanı və Türk Dünyasının digər ölkələrini necə işğal edərək iqtisadi yatırımların həyata keçirilmə yollarından danışmayacağıq. Bu dəfə nurçu qüvvələrin formalaşdırdığı sosial təbəqə və bu təbəqənin əsasını təşkil edən gənclərin cəlb olunma yollarını açıb göstərəcəyik. Öncə onu qeyd edək ki, nurçu-fətullahçıların universitet - məktəb - lisey siyasətinə nəzər saldıqda onların öz məqsədlərini reallaşdırmaq üçün hansı sosial təbəqəni hədəflədiklərini açıq-aşkar görə bilərik. Ümumiyyətlə bu qüvvələrin yürütdükləri dünya siyasətinin əsasını təhsil siyasəti təşkil edir. Belə siyasət dünyanın, xüsusilə, zəif inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrində daha geniş şəkildə həyata keçirilir. Azərbaycan və Türk Dünyasının digər dövlətləri (Türkiyə istisna olmaqla. Çünki Türkiyədə nurçu-fətullahçılar məsələsi başqa məqalənin mövzusudur) də bu qəbildən olan ölkələrdəndir. Bəs məhz belə ölkələrin seçilməsində səbəb nədir? Səbəblər müxtəlifdir. Onu vurğulayaq ki, bir ölkənin təhsil sisteminin inkişafı heç bir zaman həmin ölkənin ümumi inkişafını qabaqlaya bilməz. Bu o deməkdir ki, zəif və ya inkişaf etməkdə olan ölkənin təhsil sistemi də onun ümumi inkişafına adekvatdır. Və belə ölkələrdə təhsilin inkişaf etdirilməsi üçün dəstəyə böyük ehtiyac var. Əhalisinin ingilisdilli təhsilə meylinin həddən artıq yüksək olması nurçulara həmin ehtiyacların ödənilməsi və ya daha açıq formada desək həmin ölkənin düşüncə sisteminin işğalı üçün geniş imkanlar yaradır ki, onlar da bu kimi imkanlardan yetərincə istifadə edirlər. Mənbəyi məlum olmayan qüvvələrin (daha doğrusu onların siyasətini formalaşdıran qüvvələrin) maliyyəsi hesabına həmin ölkələrə geniş iqtisadi yatırımlar həyata keçirilir. Bu kimi təhsil ocaqları “komputer avadanlıqları ilə təminatına görə”, “əcnəbi müəllimlərin cəlbinə görə” və s. bu kimi səbəblərdən ölkə daxilində daha çox nümunəyə çevrilməyə çalışır. Təfəkkürü “əsr komputer, ingilis dili əsridir” düşüncəsi ilə formalaşan əhalinin də və ya əhalinin kütlə hissəsinin də ( çünki maddiləşən cəmiyyət övladının komputer, ingilis dili bilməsi ilə “çörək pulu” qazana biləcəyini çox gözəl bilir) həmin təhsil ocaqlarına qarşı müsbət fikirli və ya meylli olması təbii haldır. Daha həmin valideyn anlamır ki, övladının komputer, ingilis dili bilməsi və bu yolla çörək pulu qazanması onun savadlı olması demək deyil. Onun övladının millətin, vətənin gələcəyi üçün dəyərli insan olması demək deyil. Texniki bilgilər və əcnəbi dil öyrənmək çox müsbət bir haldır, amma bunun üçün əcnəbi dildə təhsil almağa ehtiyac yoxdur. Valideyin onu da anlamır ki, övladının hansı dildə təhsil alması onun təfəkkürünün də həmin dildə formalaşmasına səbəb olur. Çünki dil təfəkkürü formalaşdıran əsas amildir. Əgər bir insanın təfəkkürü ingilis dilində formalaşırsa, o, türk kimi deyil, ingilis kimi düşünəcəkdir. Bu hələ ümumi məsələdir. Xüsusi məsələ isə həmin təhsil ocaqlarında gələcəyə hesablanmış kadrların seçilməsi və yetişdirilməsidir. Hazırlanmaqda olan belə gənclər “xidmət” dərəcəsinə görə təhsil və digər xərclərdən də azad olunurlar. Xüsusi yetişdirilmiş həmin kadrların Avropada təhsil almaları, onların dövlət və digər strukturlarda yerləşdirilməsi, öz missioner fəaliyyətlərini reallaşdırdıqları digər bir ölkəyə göndərilməsi nurçu-fətullahçı siyasətinin tərkib hissəsidir. Gənclərin belə çirkin siyasətin qurbanına çevrilmə səbəblərindən və ya yollarından biri də onların sosial problemləri ilə əlaqədardır. Belə gənclərin əksəriyyətini müxtəlif universitetlərdə təhsil alan tələbələr təşkil edir. Xüsusilə də Azərbaycanın müxtəlif regionlarından təhsil almağa gələn tələbələr. Daha dəqiq desək, Azərbaycanın hər hansı bir rayonundan Bakıya təhsil almağa gələn gəncin aylıq maddi xərci məsələn, 120 manat təşkil edirsə, nurçular tərəfindən həmin gəncə ehtiyaclarının ödənilməsi üçün göstərilən məbləğin 50%-ni ödəmək təklif olunur. Maddi problem içində olan gənclərin əksəriyyəti də təbii bu təklifi qəbul edir. Qəribə burasındadır ki, gəncdən bütün edilənlərin müqabilində heç nə tələb olunmur. Həmin gənclər nurçular tərəfindən kirayəyə götürülən ayrı-ayrı evlərdə (evlərin kirayəyə götürülməsində metro stansiyasına yaxınlıq nəzərə alınır) yerləşdirilir. Belə ki, hər mənzildə təqribən 5-6 gənc tələbəlik illərini birlikdə keçirirlər. Evlərdə nurçuların viruslarına yoluxmaq üçün xüsusi kitablar olur (növbəti yazıların birində bu kimi kitablarda əksini tapan məsələlərdən danışacağıq) və konkret təyin olunmuş vaxtlarda müxtəlif mövzularda diskussiyalar keçirilir, kitablar oxunur və beləliklə də gənc müəyyən müddətdən sonra həmin qüvvələrin qurbanına çevrilir. Bununla da biz həmin gəncə verilən dəstəyin hansı istəklərin həyata keçirilməsi üçün edildiyini görürük. Gənc artıq həyatının mənasını həmin istəklərin reallaşması üçün çalışmaqda görür. İdeoloji baxımdan elə yetişdirilir ki, hara təyin olunsa və ya göndərilsə həmin ideyalara sadiq qalır. Bütün bunlar Azərbaycan dövlətçiliyi üçün çox ciddi təhlükədir. Türkiyə dövləti bu bəlanın acılarını hələ də çəkməkdədir. Düzdür, biz hələ bu yazıda nurçuların qurbanına çevrilən orta yaşlı insanlardan danışmırıq. Çünki sovet düşüncəli həmin insanların əksəriyyətini hansı ideologiyaya xidmət deyil, pul qazanmaq maraqlandırır. Hətta millətinin ziyanına olsa belə. Həm də nurçu-fətullahçı siyasətinin həyata keçirilməsində gənclər daha perspektivlidir. Çünki o, həm kiçik yaşlarında bu ideologiya ilə zəhərlənir, həm də “xidmət” baxımından daha çox yaş müddətinə malikdir. Bundan başqa enerjilidir, hissləri ilə davranmaq dərəcəsi yüksəkdir. Bütün bunlara görə də biz millətçi-vətənpərvər-dövlətçi gənclər olaraq bu kimi din adı altında siyasət yeridən, təmiz beyinli gənclərin düşüncəsini zəhərləyən qüvvələrin fəaliyyətinin dayandırılmasını və onların bütün iqtisadi imkanlarının qarşısının alınmasını istəyirik. Çünki hazırkı məqamda Azərbaycanın milli düşüncəli, vətəninə və dövlətinə sadiq qalıb ona xidmət edən gənclərə böyük ehtiyacı var. Çirkin məqsədlərə (növbəti “Nurçuluğun fəlsəfi mahiyyəti” adlı yazımda bu məqsədlərdən bəhs edəcəm) xidmət edən yad ideologiyalara yox deməyin zamanıdır.
Seymur Həsənli
Bu xəbər oxucular tərəfindən 1515 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |