Şrift:
Azərbaycanda magistrlərə hərbi xidmətdən möhlət hüququ verilməyəcək
30.11.2011 [11:32] - Gündəm
Azərbaycanda magistrlərə həqiqi hərbi xidmətdən möhlət hüququ verilməyəcək. Bu barədə Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib.

Orucun sözlərinə görə, bu, cümə axşamı komitənin iclasında müzakirəyə çıxarılacaq "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanun layihəsində nəzərdə tutulub.

"Bir çoxları, xüsusi olaraq magistr mərhələsi üçün təhsilin fasiləsizliyini nəzərə alaraq və bunun konstitusion prinsip olduğunu qeyd edərək, magistrlərə yenidən möhlət hüququnun veriləcəyini gözləyirdilər. Bu inamı gücləndirən amillərdən biri də cənab Prezidentin Milli Elmlər Akademiyasının qurultayı zamanı çıxışı idi. Elmi sahədə gələcək alimlərin formalaşması, dediyimiz arasıkəsilməzliyin təmin olunması, alimlərin orta yaş həddinin kifayət qədər yuxarı olmasını nəzərə alaraq, bu məsələyə - yəni magistrlərə yenidən belə bir hüququn verilməsi müddəasına baxılacağı fikri vurğulanmışdı", - o deyib.

Zahid Oruc hesab edir ki, sənədin hazırlanması zamanı bu müddəalar nəzərə alınmalı idi.

Sənəddə hərbi çağırışın sayının azaldılması ilə bağlı müddəa da yer almayıb. Millət vəkili deyib ki, yeni layihədə də hərbi çağırışın ildə 4 dəfə aparılması nəzərdə tutulub.

"Azərbaycan əhalisinin sayı imkan verir ki, hərbi çağırış 2 dəfə aparılsın. Komplektləşməyə xələl gəlirsə, yeni çağırışçıların öz dislokasiya yerinə çatması, əvvəlkilərin tərxis olunması ilə bağlı uzlaşmada problemlər yaranırsa, onun təminatı yollarını təkmilləşdirmək lazımdır. Problemi 4 dəfə çağırış həyata keçirməklə həll etmək doğru deyil", - komitə üzvü deyib.

Oruc hesab edir ki, parlamentin iclaslarında və komitədə müzakirələrdə hərbi çağırışın sayının azaldıması məsələsi müzakirə olunacaq.

Komitə üzvü ali təhsil almış çağırışçıların hərbi xidmətkeçmə müddətinə dəyişikliyin edilməyəcəyini deyib.

Layihədə hərbi liseyləri yarımçıq qurtaranların xidmət müddətinin hesablanması və yaxud xidmətkeçmə zamanı cinayət törədən şəxslərin xidmətini sonra davam etdirməsi şərtləri və s. məsələlərdə müəyyən dəyişiklər nəzərdə tutulub.

Həmçinin, digər hərbi xidmətə aid olan, hərbi sferadan təxris olunma, onun yaş dərəcələri və s. ilə əlaqədar məsələlərə də layihədə aydınlıq gətirilib.
Bu xəbər oxucular tərəfindən 873 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed