Şrift:
35-40 milyonluq Güney Azərbaycan türklü İranda milli gücdür
19.12.2013 [11:22] - Müsahibə
Şirvani Ədilli: «İnqilaba qədər fars şovinizmi İngiltərə və Amerika Birləşmiş Ştatlarına arxalanırdısa, bu inqilabdan sonra isə Rusiya və çinə arxalanır»
Müsahibimiz Şair-yazar Şirvanı Ədillidir

- Şirvani bəy, Güney Azərbaycan Milli Hərəkatı İranda baş verəcək dəyişikliklərə hazırdırmı?

- «İran» adlanan dövlətdə şovinist rejimin çox ciddi təzyiq və təqibləri nəticəsində bu gün orada milli hərəkatın təşkilatlanmasında ciddi əngəllər var. Oradakı təşkilatların əksəriyyəti gizli fəaliyyət göstərir. Leqal fəaliyyət göstərən təşkilatlar isə əsasən xaricdə — Qərb ölkələrində və respublikamızdadır. Şüurlarda isə fars rejiminə qarşı etiraz və nifrət həmişə var. Heç kim «İran» adlanan dövlətdə fars şovinizmini, milli haqlarımzın tapdandığını görməyə bilməz. Şovinist rejimin siyasəti sərtləşdikcə insanlarda daha çox nifrət və etiraz doğurur. Ona görə də xalqımız hər an ayağa qalxmağa hazırdır. 2006-cı ilin may hadisələri də bunu sübut etdi. Təşkilatlanma və təbliğat isə milli hədəflərimizi düzgün müəyyən etmək və qüvvəmizi düzgün istiqamətə yönəltmək üçün zəruridir. Bu isə ziyalıların, siyasi elitanın vəzifəsidir. İnqilablar, adətən, gizli yetişir, müəyyən tarixi məqamda isə birdən-birə baş verir və çoxları üçün gözlənilməz olur.

- Sizcə, İranda Azərbaycan türklərinin iştirakı olmadan hansısa dəyişikliklərin olması mümkündürmü?

- Tarix sübut edir ki, bu mümkün deyil. Türklər «İran» adlanan ərazinin həm dövlətçilik, həm də mədəniyyət tarixində mərkəzi yerdə dayanmışdır. Buranın ən qədim mədəniyyəti türk tayfalarının adı ilə bağlıdır. Burada ilk böyük dövləti — Midiya imperatorluğunu türklər qurub. Əhəmənilər, Sasanilər, Ərəb xilafəti və Büveyhilərin hakimiyyət dövrü istisna olmaqla, 1925-ci ilə qədər bu ərazilər türk sülalələri tərəfindən idarə olunub. XIX əsrin sonu XX əsrin əvvəlində Qacarlar dövlətində modernləşmə, maarifçilik və milli-demokratik hərəkat — məşhur «Məşrutə» hərəkatı Azətbaycan türklərinin adı ilə bağlıdıır. 1979-cu il inqilabında da aparıcı qüvvə məhz Azərbaycan türkləri olmuşdur. Bu gün də İranda rejimi dəyişmək istəyən dünya gücləri bunu Güney Azərbaycan Milli Hərəkatından kənar həyata keçirmək istədikləri üçün həmin dəyişiklik gecikir.

- Sizcə, beynəlxalq güc mərkəzlərinin İranda baş verə biləcək dəyişikliklər fonunda Güney Azərbaycanı milli güc olaraq qəbul etmələri nədən asılıdır?

- İstənilən halda 35-40 milyonluq Güney Azərbaycan türklü İranda milli gücdür. Beynəlxalq güc mərkəzləri də bunu bilir. Sadəcə, onlar İranın nə parçalanmasını, nə də yenidən bir türk dövlətinə çevrilməsini istəmədiklərindən milli hərəkata da dəstək vermək istəmirlər.
Tarixdən məlumdur ki, hələ Qacarların dövründən bu dövlət imperialist dövlətlərin, əsasən də İngiltərənin iqtisadi təsiri altında olub. ölkəni bu asılılıqdan azad etmək, türk dilinin mövqeyini yüksəltmək, İran-Qacar dövlətini müstəqil və demokratik bir türk dövləti kimi formalaşdırmağı hədəf götürmüş 1905-11-ci illər «Məşrutə» hərəkatı qələbə çaldıqdan sonra bundan qane olmayan imperialist Rusiya və İngiltərə bu hərəkatı süquta uğratdılar və ölkəni təsir altında saxlamaq üçün ikinci xalq olan farsları hakimiyyətə gətirdilər. Fars şovinistləri isə ölkədə hakimiyyəti saxlamaq üçün imperialist dövlətlərdən asılılığı qəbul etdilər. 1979-cu il inqilabına qədər fars şovinizmi İngiltərə və Amerika Birləşmiş Ştatlarına arxalanırdısa, bu inqilabdan sonra isə Rusiya və çinə arxalanır.
Maraqlıdır ki, I və II dünya müharibələri dövründə İran ərazisi Amerika Birləşmiş Ştatları, İngiltərə və Rusiyanın tam mənada hərbi və iqtisadi təsiri altında olmasına baxmayaraq, bu dövləti parçalamayıblar. Görünür, onu bütöv şəkildə təsir altında saxlamaq və yararlanmaq daha əlverişlidir. Ona görə bu gün də onun parçalanmasını istəmirlər. Aydındır ki, Qərbin, ilk növbədə, ABŞ-ın əsas marağı iqtisadi maraqlardır, eyni zamanda İranı Rusiyanın təsirindən çıxarmaq. Dəyişiklikləri isə Qərb demokratiya və insan haqları bayrağı altında həyata keçirməyə çalışır. Bu prinsiplər şovinizmlə heç cür bir araya sığmasa da, bu gün Qərb, o cümlədən ABŞ İrandakı fars şovinizminə biganədir. Bunu başa düşmək olar. Axı pəhləvilərin dövründə İranı iqtisadi təsir altında saxlamaq üçün fars şovinizmi ABŞ üçün bir vasitə olub. Lakin bu gün Qərbi inandırmalıyıq ki, insan haqlarının, demokratik dəyərlərin qlobal səviyyədə qəbul olunduğu, milli hərəkatların və milli şüurun formalaşdığı bir dövrdə fars şovinizmini və onun son yüz illik fəaliyyətinin nəticələrini saxlamaqla burada heç bir yeniliyə nail olmaq mümkün deyil. Biz dünya ictimaiyyətinə İranla bağlı ilk növbədə milli məsələni və o cümlədən fars şovinizminin mövcudluğunu ön plana çəkməli, rejimin şovinist sifətinin onun dini təriqətçiliyi, terrora dəstək verməsi, nüvə silahı hazırlaması və s. arxasında qalmasına imkan verməməliyik.

Elnur Eltürk
Bu xəbər oxucular tərəfindən 1275 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed