Şrift:
Nitq mədəniyyətinin əsasları kitabı çapdan çıxıb
20.12.2013 [13:26] - Gündəm, Mədəniyyət
“Şah İsmayıl Xətai şəxsiyyət azadlığını dilin mövcudluğunda görürdü. O, elmlik, aydın diskussiya və musiqililiyi nitq üçün vacib şərtlərdən sayırdı” – bu ifadənin də yer aldığı “Nitq mədəniyyətinin əsasları” kitabı oxucularının görüşünə gəlib.

“Nitq mədəniyyətinin əsasları” Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Azərbaycan dili və onun tədrisi kafedrasının professoru, əməkdar müəllim Nadir Abdullayevin oxucularla növbəti görüşüdür. Təhsil Nazirliyi tərəfindən təsdiqlənərək, “Elm və Təhsil” nəşriyyatında çap edilmiş kitab həm geniş oxucu auditoriyası üçün məlumat bazası, həm də elm-təhsil mərkəzlərinin, universitetlərin pedaqoji heyət, aspirant və tələbələri üçün dərs vəsaitidir.

Nadir Abdullayev kitabda nitq mədəniyyətinin zaman-zaman formalaşması, bu günümüzə qədər necə təkmilləşməsi prosesini oxucuların diqqətinə çatdırıb. Burada bizim eradan əvvəl – qədim yunan mədəniyyətində, dövlət idarəçiliyində nitqin necə səlistliklə istifadə olunmasından, onun ayrı-ayrı tarixi şəxsiyyətlərin danışıq tərzlərində işləklik qazanmasından və bütün bunların fonunda ritorika (natiqlik) elminin nüanslarının bir zərurət kimi yaranmasından və bu elmin, eləcə də nitq mədəniyyətinin bütün xalqların elm, təhsil, mədəniyyət və ədəbi üslublarında keçdiyi təşəkkül yolundan bəhs olunur. Aristotelin, Demosfenin və başqalarının natiqlik sənətinə verdiyi tarixi töhfələr sadalandıqdan sonra ritorika elminin inkişaf mərhələləri ilə oxucuların məlumatlandırılması davam edir.

Kitabda həmçinin ayrı-ayrı xalqların tarixində nitq mədəniyyətinin fərqli təzahür formalarından danışılır. Bu sırada Azərbaycan ədəbi mühitinin görkəmli simalarının, görkəmli dilçilərin fədakar əməyindən elmi əsaslarla – qrammatik təsnifatlara söykənməklə nümunələr, tutarlı dəlillər göstərilir.

“Nitq mədəniyyətinin əsasları” səkkiz fəsildən ibarətdir. Oxucular kitabda “Mədəni nitqə verilən tələblər”, “Nitqin ifadəliliyi”, “Ədəbi dil, onun normaları”, “Nitqin etik məsələləri” və s. bölümlərdə nitq mədəniyyəti haqqında zəngin bilgilər əldə edə biləcəklər.
Bu xəbər oxucular tərəfindən 1809 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed