Şrift:
AFFA Berti Foqtsla daha 2 il müddətinə müqavilə bağlayıb
30.11.2011 [14:38] - İdman
Bu gün AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, qurum üzvləri bu dəfə assosiasiyanın inzibati binasında yox, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin baş ofisində bir araya gəliblər.

Toplantı “icrakom”un 8 üzvünün iştirakı ilə keçirilib. AFFA prezidenti Rövnəq Abdullayevin rəhbərliyi altında keçirilən yığıncağa Elşad Nəsirov, Elmar Qasımov, İsgəndər Cavadov, Ələkbər Məmmədov, Kazbek Tuayev, Mirkamil Rəhimov və Cahangir Hacıyev qatılıb. AFFA I vitse-prezidenti Rauf Əliyev, assosiasiya rəsmisi Mahir Məmmədov və “Bakı”nın prezidenti Hafiz Məmmədov iclasda iştirak etməyib.

Gündəlikdə I məsələ milli komandanın baş məşqçi məsələsinin müzakirəsi olub. Aparılan müzakirələrdən sonra almaniyalı çalışdırıcı Berti Foqtsla müqavilənin müddəti 2014-cü ilə qədər artırılıb.

II məsələ kimi “İnter” Peşəkar İdman Klubunun “Şəfa” stadionunu satın alması ilə bağlı rəsmi müraciətinə baxılıb. Bu, müsbət cavablandırılıb və müvafiq sənədlərin hazırlanması AFFA-nın baş katibi Elxan Məmmədova həvalə olunub.

Futbol veteranları Vaqif İbrahimov, Ədalət Cəfərov, Böyükağa Ağayev, Əziz Əliyev, Ağasəlim Mircavadov və Rüstəm Rəhimov AFFA-dan təqaüd alan veteranların siyahısına əlavə olunub. Mircavadov və Rəhimova təqaüdün verilməsi məsələsinə İK-nın növbəti iclasında baxılacaq.

Elxan Məmmədov AFFA ilə “Coca-Cola” şirkəti arasında bağlanmış müqavilə çərçivəsində uşaq futbolunun inkişafı ilə bağlı həyata keçirilmiş tədbirlər barədə İK-ya ətraflı məlumat verib. Qurum üzvləri bu sahədə görülən işləri yüksək qiymətləndiriblər.

Qeyd edək ki, 65 yaşlı Foqts 2008-ci ilin aprelindən milli komandamıza rəhbərlik edir.
Bu xəbər oxucular tərəfindən 1232 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed