Şrift:
Məzahir Pənahov: “Bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə seçici fəallığı 23,46% təşkil edib”
01.12.2011 [10:04] - Siyasət
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Azərbaycanda bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərin gedişi ilə bağlı ilk nəticələrə həsr olunan mətbuat konfransı keçirib.

M. Pənahov bildirib ki, seçkinin başlanması üçün bütün məntəqələr səsverməyə hazır olub. Seçki zamanı məntəqələrlə MSK arasında əlaqələr davam etdirilib və gün ərzində 5 dəfə səsverməyə dair məlumatlar ictimaiyyətə çatdırılıb.

M. Pənahov qeyd edib ki, məntəqələrdə müşahidəçilərlə yanaşı, KİV nümayəndələri də seçki prosesini izləyib.

Məntəqələr bağlandıqdan sonra isə müşahidə altında seçkilərin nəticələrinin rəsmiləşdirilməsinə başlanılıb: “Bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə seçici fəallığı 23,46% (271 108 seçici) təşkil edib. Saat 21.00 radələrində protokolların nəticələri yerlərdən daxil olmağa başlayıb. Saat 23.00-a olan məlumata görə, 65 dairədən 286 bələdiyyənin protokolları MSK-ya daxil olub. Yəni 1169 məntəqədən 1023-nün protokolları artıq MSK-nın internet saytına yerləşdirilib. Bu protokollara əsasən bələdiyyə üzvü olmaq istəyən 328 nəfər iddiaçı liderlik edir”.

M. Pənahov onu da bildirib ki, ümumilikdə səsvermənin təşkili azad, müstəqil və təzyiq olmadan keçirilib: “Vətəndaşların konstitusion hüququnun həyata keçirilməsi üçün hər cür şərait yaradılıb. Yerlərdə isə heç bir hadisə baş verməyib. Bu, sevindirici haldır”.

MSK sədri qeyd edib ki, sabahdan – dekabrın 1-dən başlayaraq, 2 gün ərzində seçkinin nəticələrini əks etdirən protokollar qrafik üzrə MSK-ya daxil olacaq. Bu proses başa çatandan sonra da nəticələr haqda ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, Seçki məntəqələrinin sayı 1169-dur. Seçkilər 86 seçki dairəsi və 330 bələdiyyə üzrə 464 yerə keçirilir. Bələdiyyə üzvlüyünə ümumilikdə 1567 namizəd qeydə alınıb. 16 nəfər namizədliyini geri götürüb, daha 2 nəfər vəfat edib. Bununla, bələdiyyə üzvlüyünə namizədlərin yekun sayı 1549 olub.

Seçkilərdə 9 siyasi partiyanın üzvü olan namizədlər qeydə alınıb. Bunlar Yeni Azərbaycan, Ana Vətən, Vətəndaş Həmrəyliyi, Ümid, Azərbaycan Sosial Rifah, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş, Vətəndaş Birliyi və Demokratik İslahatlar partiyalarıdır. Seçkiyə qatılanlardan 709 nəfər bitərəfdir.

Qeydə alınmış namizədlərin 305 nəfəri (19,69%) qadındır. Namizədlərin 673 nəfəri (43,45%) ali, 605 nəfəri (39,06%) orta, 265 nəfəri (17,11%) orta ixtisas, 6 nəfəri isə (0,38%) natamam ali təhsillidir.

Seçkilərinin keçiriləcəyi dairələr üzrə seçici siyahılarına daxil edilmiş seçicilərin sayı 1 155 864 nəfərdir.

Seçki dairələri üzrə 9883, MSK-da isə 40 nəfər müşahidəçi kimi qeydiyyatdan keçib.
Qeydiyyatdan keçən müşahidəçilərin ümumi sayı 9923 nəfərdir.

Azərbaycanda sonuncu bələdiyyə seçkiləri 2009-cu il dekabrın 23-də keçirilib.
Bu xəbər oxucular tərəfindən 1255 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed